Свобода людям, независимость нациям!

Sülh müqaviləsi Kərki kəndində imzalana bilərmi? FOTO VİDEO

2255 27.10.2023 09:55 Колумнисты A A

Nikol Paşinyan yenə də “mələk” libasına bürünüb, bu dəfə Tiflisdə. Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində çıxış edən Ermənistanın baş naziri çıxışı zamanı hətta Azərbaycanın ərazi bütövlüyünə tam riayət olunduğu regional nəqliyyat dəhlizlərinin xəritəsini təqdim edib. Görünən budur ki, Paşinyanın təqdim etdiyi xəritədə Azərbaycan ərazisi tam şəkildə və hər hansı yarlıqsız təqdim olunub. Bu yaxşıdır, amma Paşinyan bu mövqeyində qalacaqmı, sülhə doğru addımlarını atacaqmı?..

Ermənistanın baş naziri sanki həftənin, ya ayın günlərini iki hissəyə ayırıb, bir hissəsində konstruktiv, sülhpərvər, digər hissəsində qeyri-konstruktiv, qan-xata. Ötən ilin payızında da deyirdi ki, ilin sonunadək sülh müqaviləsi imzalana bilər. Sonrakı dönəmlərdə hansı oyunlardan çıxdı, hansı qazanları qaynatdı, hər birimiz gördük. İndi də Tiflisdəki beynəlxalq konfransda “Yaxın aylarda Azərbaycanla sülh və münasibətlərin qurulması haqqında saziş imzalayacağımıza ümid edirik”-söyləyib. Hətta sənəd üzərində “fəal iş” getdiyini də bildirib.

Proseslərdən xəbərsiz olanlar üçün Paşinyanın dedikləri cəlbedici ola bilər. Amma axı, onu biz yaxşı tanıyırıq. Azərbaycanın ərazi bütövlüyünü 1991-ci il Almaatı Bəyannaməsinə əsasən tanıdığını deyən də odur, 2019-cu ildə “Qarabağ Ermənistandır. Nöqtə”-iddiasını dilə gətirən də, indiyədək Qazaxın 7, Sədərəyin 1 kəndini işğal altında saxlayan da. Sülh imzalamaq istəyirsən? Kimdir əl-qolunu bağlayan, ya açıq de, adlar çək, ya da qərar ver, Kərkini və Qazaxın kəndlərini azad elə, bilək ki, doğrudan da sülhə hazırsan. Bu günə qədər Ermənistan öz xoşu ilə hansı addım atıb işğala son qoymaqla bağlı? Demək olar ki, heç bir addım olmayıb. Hətta Kəlbəcərin, Laçının azad edilməsiylə bağlı öhdəliklərə rəğmən, prosesi müxtəlif bəhanələrlə uzatdı, “Dəmir Yumquq” görəndən sonra öhdəliklərini icra elədi. İndi də Azərbaycan Paşinyanın da rəsmən tanıdığı 86,6 min kv.km-lik ərazi bütövlüyünün təmin olunmasını, 30 ildən çoxdur işğal altında olan kəndlərinin azad edilməsini istəyir, gözləyir. Azərbaycan Prezidenti təsadüfən 8 kəndin hələ də Ermənistanın işğalı altında olmasını Aİ Şurası prezidenti Şarl Mişelə xatırlatmadı.

WhatsApp Image 2023-10-26 at 17.26.48.jpeg (73 KB)

İndi də oturub baş sındırırlar ki, Azərbaycan niyə əvvəl Qranada, indi də Brüssel görüşlərindən imtina etdi. Burada sadə məntiq var: əgər Ermənistan Praqa, Vaşinqton, Moskva...daha hansı şəhərlərdəki görüşlərdə əldə olunan razılaşmalara, həmçinin 2020-ci ilin 10 noyabr Bəyannaməsinin 9-cu bəndini icra etmirsə, bundan sonra görüşlər seriyasında vaxt itirməyə nə zərurət var? İllər boyunca sülhün açarını okeanın o tayında, Avropa paytaxtlarında, ya başqa ünvanlarda axtarmağı tövsiyə edənlərə anlatdıq ki, sülhü elə burdaca imzalamaq olar, “dağ-daşa düşməyə” nə ehtiyac?

Bilmirəm, Nikol Paşinyanın yadına bir faktı salan oldumu? Oktyabrın 8-də Gürcüstanda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Baş nazir İrakli Qaribaşvili ilə birgə mətbuat konfransında bəyanatında bildirmişdi ki, “Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb”.

Qaribaşvili sülhün əldə olunması üçün ölkəsini ev sahibi olaraq təklif etmişdi, “bu sahədə ən düzgün seçim həm tarixi əlaqələri, həm də coğrafi faktoru nəzərə alaraq, əlbəttə ki, Gürcüstan ola bilərdi”-deyərək. Cənab İlham Əliyev bu təşəbbüsün qarşılığında  “Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ bilərlər”-demişdi...

Budur, Paşinyan Tiflisdədir və sülhdən, kommunikasiyaların açılması zərurətindən danışır. Amma...Sadəcə danışır. Addım atmağı yoxdur...Sülh istəyirsən, buyur, İlham Əliyevin mesajına reaksiya ver, de ki, mənim ölkəm də hazırdır, Brüsselə, Vaşinqtona, Soçiyə getməyə zərurət yoxdur, elə qonşu Gürcüstanda anlaşma əldə edə bilərik. Demir. Çünki ağaları imkan vermir, axı, Brüsseldə yanında Makronu, Mişeli görməyə adət edib. Türkiyə və Azərbaycanla guya normal əlaqələr qurmağa maraqlı olduğunu deyir, amma cənab Ərdoğanın danışıqlarda iştirakına qarşı çıxır, “böyük bacı”sı ilə birgə. Bu, necə sülh, necə əməkdaşlıq? Yaxud “bu, nə pəhriz, o nə turşu?!”  

WhatsApp Image 2023-10-26 at 17.23.34.jpeg (104 KB)

Oturub-durur, hələ şərt irəli sürür, yenə 4-nü sıralayıb. İşğalçı olduğuna görə ayıbına kor olmaq əvəzinə, şərt qoyur. Zəngəzur dəhlizinin açılması barədə 10 noyabr anlaşmasını, kapitulyasiya sənədini icra etməkdənsə, “Magistral yollar, dəmir yolları, hava yolları, boru kəmərləri, kabellər, elektrik xətləri daxil olmaqla bütün infrastrukturlar keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərməlidir”-nağılını danışır. Paşinyan doğrudanmı anlamır ki, Makronun oyunbazlığının qurbanıdır və bu gedişlər dalan dövlətin baş naziri olacaq.

Nəhayət, Nikol Paşinyanın Tiflis çıxışında nisbətən səmimidirsə, elə bu gün, ya sabah ordusunu Kərki kəndindən çəksin. Keçən həftə Sədərəkdən keçib, İğdır tərəfə səfər edərkən Kərki, Arazdəyən tərəflərə xeyli baxdım, fotolar, videolar çəkdim. Dağların arasında qərar tutmuş Kərkidə tək-tək evlər görünürdü. Bitməlidir bu işğal! Paşinyan sülh tərəfdarı olduğunu nəhayət, sübuta yetirmək üçün bir test eləsin. Gözləyirik! Azərbaycanla sülh anlaşmasının imzalanacağı yer də...azad olunmuş Kərki kəndi ola bilər. Niyə də olmasın? Əgər Qafqaz Evi qurmaq istəyiriksə, münasibətləri 0-dan başlamaq niyyətimiz varsa, düşmənçiliyə son qoymaq istəyi ciddidirsə, elə Kərki Sülh Müqaviləsinin tarixə düşməsi də təəccüb doğurmamalıdır.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости