Свобода людям, независимость нациям!

Su üzünə çıxan ingilis kəşfiyyatçılar... - Zor göstərənlərin anladığı dil

2354 08.08.2022 16:46 Колумнисты A A

Silahsız terrorçuların Londondakı səfirliyimizə basqını və dövlət bayrağımızı eyvandan qoparıb yerı atmaları ilə bağlı ölkəmizin ictimai-siyasi gündəmində yaranmış ajiotaj səngisə də, həmin “zəlzələ”nin afterşokları orda-burda davam edir.

Hazırda bu basqının arxasında hansı dövlətin və ya beynəlxalq terror təşkilatının durduğu tam şəkildə aydın deyil, ancaq müzakirələrin yönü bir neçə istiqamətdə şaxələnib. O “budaq”lardan biri də səfirlik işçilərinin basqın anında göstərdikləri davranış məsələsidir.

Böyük əksəriyyət hesab edir ki, diplomatlarımızın reaksiyası adekvat olmayıb, onlar basqınçılara qətiyyətlə müqavimət göstərməliydilər, ölkənin bayrağının endirilməsinə imkan verməməliydilər.

Artıq diplomatları qınayanları qınayanlar da peyda olub. Onlar da deyirlər ki, diplomatlar supermen, Rembo-filan deyillər və düz eləyib həyatlarını təhlükəyə atmayıblar, onların işi əlbəyaxa vuruşmaq deyil, diplomatik cəbhədə savaşmaqdır və s.

Bu mülahizələri irad edənlərin arasında elə dostlar var ki, özlərini beynəlxalq hüquq və diplomatiya bilicisi kimi aparır, “müdrik” arqumentlər səsləndirir və diplomatlarımızın terrorçulara müqavimət göstərməli olduğunu deyənləri hissə qapılmaqda, irəlini-gerini düşünməməkdə, terrorçuların zərərsizləşdirəcəyi təqdirdə ola beləcək beynəlxalq qalmaqalı hesablamamaqda qınayırlar.

55.jpg (12 KB)

Basqın baş verən gecə “Meyitləri London küçələribdə döşəli qalsaydı” başlıqlı yazı yazmış müəllif olaraq, bu iradların bir hissəsi də müdafiə etdiyim mövqeyə aid olduğuna görə həmin yazıda ötəri toxunduğum məqamlara yenidən qayıdıram.

Əgər o hadisədə diplomatlarımız silah işlətsəydilər və terrorçuların bir neçəsini zərərsizləşdirsəydilər, bizə sərf etməyən beynəlxalq qalmaqal baş verməzdi. Sadəcə, xəbər agentlikləri və digər media quruluşları belə başlıqlar verərdi: “Azərbaycanın səfirliyinə hücum edən radikal islamçılar zərərsizləşdirilib”. Bəziləri “radikal islamçılar” əvəzinə daha konkret ünvan yazardılar: “Terrorçular”.

Basqınçıların əliyalın olması, silahdan istifadə etməmələri və qətl törətməmələri hələ onların terrorçu olmadığı anlamına gəlmir. “Terror” anlayışı məsələyə birbaşa dəxli olmayan hansısa qrupu, şəxsləri hədəf seçərək bir dövləti, cəmiyyəti qorxutmaq, dəhşətə gətirmək, müəyyən addımlara vadar etmək hadisəsini ehtiva edir. Londondakı səfirliyə basqın hadisəsində bunların hamısı var.

Həm də səfirlik Azərbaycan ərazisi olduğundan orada baş verən ekstremal hadisənin də istintaqı Azərbaycan dövlətinin hüquq-mühafizə orqanları tərəfindən aparılacaqdı. Uzağı, ingilislərə də izahat yazmaq lazım gələcəkdi, amma terrorçuların zərərsizləşdirilməsinə görə, böyük ehtimalla, bizimkilərdən heç kim cinayət məsuliyyətinə cəlb edilməyəcəkdi.

1557940790_abs-sefirliyi-813.jpg (176 KB)

Keçən dəfə nümunə kimi İsrail və ABŞ dövlətlərinin səfirliklərinin necə mühafizə edildiklərini qeyd etmişdik. Ertəsi gün əməkdaşlarımız Birləşmiş Krallıq səfarətxanasının qorunmasına da diqqət çəkdilər. Məlum oldu ki, bu səfirliyə də nəinki terrorçular yaxınlaşa bilməzlər, heç üstündən quş uçması da mümkün deyil.

Belə çıxır ki, bəzi dövlətlər öz anklav-ərazisini, yəni səfirliyini istədiyi kimi qoruya bilər, amma başqa dövlətlər bunu edə bilməzlər? Elə şey yoxdur.

Bizim Londondakı diplomatlarımızın basqınçılara müqavimət göstərməməsinə yalnız gözlənilməzlik və təlimatsızlıq amili ilə yüngülvari haqq qazandırmaq olar.

Doğrudan da indiyədək dünyanın təhlükəsizlik baxımından ən sabit şəhərlərindən biri olan Londonda səfirliyimizə qarşı bənzər bir hadisə olmayıb və bu cür akt ən azı özlərini müsəlman hesab edənlər tərəfindən gözlənilmirdi.

Təlimatsızlıq məsələsinə gəlincə, gözlənilməz situasiyada qalan diplomatların ilk dəqiqələrdə çaşbaş qalmaları və nə edəcəklərini bilməmələri təbiidir. Amma sonrakı dəqiqələrdə ən azı özünüqoruma instinkti işə düşməliydi. Birdən basqınçılar kişili-qadınlı bütün diplomatlarımızı girov götürmək istəsəydilər, onda necə olacaqdı? Adamlar öz həyatlarını bacardıqları kimi qorumağa mükəlləf deyillərmi?

66.jpg (9 KB)

Məşhur və mərhum politoloq-jurnalist, Duayt Eyzenhauerdən tutmuş ta Ronald Reyqana, Bill Klintona qədər bütün ABŞ prezidentlərindən müsahibə götürmüş, siyasət və diplomatiya mövzusunda neçə-neçə kitablar yazmış Valentin Zorinin əsərlərinin birində zorakı və hədələyici tonda danışanlara onların öz dillərində cavab verməyin zəruriliyindən bəhs olunur.

3.jpg (34 KB)

Zorin 1956-cı ildə SSRİ rəhbəri Xruşov və Bulqaninin İngiltərəyə səfərindən (həmin səfərdə o da iştirak edib) bəhs edərək yazır ki, sovet liderlərinin gəmisi limandan bir az aralıda, açıq dənizdə dayanarkən gəmidəki mühafizə xidməti gəminin altında xoşagəlməz işlər görüldüyünü sezirlər və ingilislərə deyirlər ki, akvalanq geymiş kəşfiyyatçılarınızı yığışdırın. İngilislər iradı qətiyyətlə rədd edirlər, deyirlər, yanlış düşünürsünüz, sovet gəmisinə qarşı heç bir əməliyyat aparılmır və belə şey ola bilməz. Sovet tərəfi deyir, yaxşı, ola bilməz, demək, ola bilməz.

34343-4814765055.jpg (40 KB)

Ertəsi gün iki akvalanqlı kəşfiyyatçının meyidi gəminin yaxınlığında su üzünə çıxır və İngiltərə tərəfi heç nə demədən meyitləri götürərək uzaqlaşırlar.

İkinci epizod: 1960-70-ci illər arasında Misirdə Nil çayının üzərində Əsvan bəndi tikilərkən yerli terrorçular sovet inşaatçılarının bir qrupunu girov götürür, SSRİ-yə şərt diktə etmək istəyirlər. KQB-nin xüsusi dəstəsi dərhal hərəkətə gəlir, terrorçuların kimliklərini müəyyən edir və ləngimədən əməliyyat keçirərək, onların hamısının ailə-uşağını girov götürür.

1.jpg (8 KB)

Terrorçular sovet tərəfi ilə “zarafat”ın baha başa gələcəyini görərək ertəsi gün girov inşaatçıları geri qaytarır və bir daha bu niyyətə düşmürlər.

Yəni müharibədə, xüsusilə son vaxtların “qaydasız savaş”larında “dinsizin öhdəsindən imansız gələr” resepti həmişə keçərlidir.

Adi məişətdə də hozu gədələr bilsələr ki, sataşdıqları qadının əri və ya qardaşı gedib sahə müvəkkilinə “onlara deyin, bir daha belə şey etməsinlər” deyə şikayət edəcək, o zaman onların qarşısında durmaq olmaz. Amma hozular bilirlər ki, bu cür hədsizliyin cəzası yerindəcə, dərhal və sərt şəkildə verilə bilər.

Hədsizliyin cəzası bütün hallarda yerindəcə və effektiv şəkildə verilməlidir.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости