Свобода людям, независимость нациям!

Su anbarındakı əjdaha

2453 20.12.2023 14:10 Колумнисты A A

 

 

 “İlan ilan yeməyincə əjdaha olmaz”

(Azərbaycan ata sözü)

Geoloq alimlərimizdən biri deyib ki, zəlzələ olandan sonra Bakı çimərliklərində çatlar yaranıbdır. Camaat o çatlara düşüb boğulacaqdır, gərək dövlət vaxtında tədbir görsün.

Doğrudan da vacib işdir. Yayda biz hasarı aşıb dənizə girməyi bacarmışdıq, qahımlardan biri qəfil yoxa çıxdı. Əvvəl elə bildik onu qarğıdalı satanlar oğurlamışdır. Plyajda belə hadisələrə tez-tez rast gəlinir. Məsələn, bir dəfə ailəvi surətdə dənizə getmişdik, suya qarpız qoyduq, ancaq son anda qarpız yoxa çıxdı. Ona görə də şəxsən mən məmur-oliqarxlarımızın dənizi hasarlamasını həmişə alqışlayıram. Oğurluğun qarşısını başqa cür necə alasan? Hamıya məlumdur ki, polis olmasa cinayət artar, qaişniklər olmasa avariyaya düşərik, molla olmasa ölərik, müəllimlər dərs deməsə uşaq tərbiyəsiz böyüyər və sairə. Ancaq zəlzələnin də bu işlərə təsiri böyükdür. Məsələn, keçən dəfə sabah vaxtı təkan olanda xeyli adam tumançaq bayıra qaçmışdı, nəticədə uşaqların tərbiyəsi pozuldu. Zəlzələ olandan sonra zəlzələ idarəsinin müdirinin restoranını tapdılar. Gör nə qədər böyük çatlar yaranmışdı. Bu haqda az sonra.

Qahımın plyajda itməsini nəql edirdim. Nə başınızı ağrıdım, adam gözümüzün qabağında yox oldu. Fövqəladə, su idarəsi, dənizçilik idarəsi, suda-quruda yaşayanlar idarəsi... xülasə, dövlətin bu istiqamətdə nə qədər idarəsi varsa dəvət elədik, adam tapılmadı. Sanki yer yarılıb, dənizə girmişdi (ya da dəniz yarılıb yerə girmişdi - kim hansı kontekstdə istəsə oxusun). Üstündən bir-iki ay keçəndən sonra qahım bizə teleqram vurdu. Avstraliyadan! Sən demə, zəlzələ nəticəsində Xəzərdə yaranan çata düşüb, o üzdən çıxıbdır.

Əslində cin elminə görə dənizə geyçimdə (plavki) girmək ayıbdır. Eyni zamanda sərhədlərimiz pandemiya səbəbindən bağlıdırsa, adamlar zəlzələ çatına girib ölkədən qaçmağa başlasa, sabitlik pozulacaqdır. Deməli, haradan baxsan plyaj təhlükəlidir.

İndi keçək zəlzələnin ortaya çıxartdığı başqa məsələlərə. Elə sakin var zəlzələdən sonra deputatını tapıb. Bəzi rayonlarda kəndlilər qaz istəyirdilər, qəfil evlərinə qaz verilibdir. Soğanın kilosu bəzi dükanlarda bir manatdan aşağı enmişdir.

Ancaq ən ekzotik, maraqlı xəbər Şəmkirdən gəlibdir. Bildiyiniz kimi, orada şair icra başçısı Alimpaşa müəllim korrupsiyada suçlanıb tutulandan bəri afterşoklar davam edirdi. Son günlərdə isə Şəmkir su anbarında nəhəng ilan görünmüşdür. Bu münasibətlə Zoologiya İnstitutundan alimi də danışdırmışdılar, deyir belə iri su ilanları olur, qış isti keçir, yuxuya getməyiblər və sairə.

Açıq cəfəngiyyatdır. Nə su ilanı? Mən qəti əminəm ki, Şəmkir su anbarında quyruğu ekranlara düşən həmin canlı əjdahadır. Bildiyimiz kimi, dünyanın bəzi su hövzələrində əjdahalara rast gəlinmişdir, bunlardan ilk növbədə Şotlandiyadakı Lox Ness gölündə yaşayan nəhəng əjdahanı misal göstərmək olar. Əgər biz Şəmkir əjdahasını lazımi şəkildə reklam etsək, sabah rayonda turist əlindən tərpənmək olmaz. Bu istiqamətdə işləmək lazımdır.

Şəmkirlilər özləri də əjdaha camaatdır, bu saat get Rasiyanı gəz, nə qədər şəmkirli biznesmen görərsən. Putini indi dünyada dik gəzməyə sövq edən, Şoyqunun ağzından alov püskürdən Sibirin neftidirsə, onu şəmkirli geoloq Fərman Salmanova borcludurlar.

Ümumiyyətlə, bizim Azərbaycanda Şotlandiya ilə əlaqələr qədimdir. Bir dəfə mən elmi məqalə oxumuşdum, orada yazılmışdı ki, şotlandlar əslində Ağdamın Şotlanlı kəndindən köçən tərəkəmələrdir. Amsterdamın, Rotterdamın, Potsdamın adındakı dam hissəsi isə eynilə Ağdamın damıdır. İnşallah, bu temaya başqa vaxt qayıdarıq.

İndilik mən əjdaha mövzusunu qabartmağı təklif edirəm. Üstəlik, gələn il Əjdaha ilidir. Burada yaxşı pul var. 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости