Свобода людям, независимость нациям!

SSRİ-nin başında “Medved” olsaydı... – Yazıya pozu yox, Dima!

1709 24.03.2023 14:33 Колумнисты A A

Rusiya artıq ikinci ildir “Ukrayna bataqlığı”ndan çıxmağa çalışır. Amma “bataqlıq effekti” deyilən bir anlayış da var: tərpəndikcə daha dərinə gedirsən. Yəni şimal qonşumuz Ukraynada ilişib qaldıqca, ləngidikcə onun üçün daha kədərli sonluq vəd olunur. Təxminən “Əfqanıstan sindromu”nun yaratdığı aqibət kimi. Hansı “sindrom” ki, SSRİ-nin süqutunun xəbərçilərindən hesab edilir.

“Sovet İttifaqı ölkə rəhbərliyinin reallıqla əlaqəni itirməsi, siyasi və iqtisadi prosesləri idarə edə bilməməsi səbəbindən dağıldı”.

Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident, Putinin sadiq dostu və silahdaşı Dmitri Medvedev deyib.

“Niyə bu baş verdi? Çünki rəhbərlik fil qulağında yatdı, reallıqla əlaqəni itirdi. Siyasi və iqtisadi prosesləri idarə edə bilmədi, həddindən ziyadə pul xərclədi və həm də rəqiblərimizin (Qərb dövlətlərinin – Z.S.) mövqeyinə görə çox çətin vəziyyətə düşdü”, - deyə o, yerli mediaya müsahibəsində vurğulayıb.

Yaxşı deyiblər, “kor kora “kor” deməsə, bağrı çatlayar”. Guya Rusiyanın indiki rəhbərliyi Qorbaçovdan daha ağıllı və müdrik siyasət yürüdür və guya ki, bunlar “fil qulağında” yatmayıblar...

Qonşu ölkələrin qanuni torpaqlarını (Ukrayna, Gürcüstan, Moldova) zor gücünə, hissə-hissə ilhaq eləmək, az qala, hamını hədələyib özünə dostdan çox düşmən və rəqib qazanmaq, nəticədə faktiki dünyadan təcrid duruma düşmək nə vaxtdan “reallıqla əlaqə” və ya “iqtisadi-siyasi prosesləri idarə eləmək bacarığı” sayılıb?

Hamı bilir ki, SSRİ aparıcı texnologiyalara malik, yüksək keyfiyyətli məhsullar buraxan ölkə deyildi, bir xammal ölkəsi idi. Sırf neft-qazdan əldə elədiyi gəlirlərə görə də ayaq üstdə dura, hətta Qərblə silahlanma yarışına girə bilirdi. Rusiya da onun kimi.

O zaman Moskva rəsmiləri oxşar vəziyyətlə nəyə ümid edir görəsən, bu minvalla 2-3 ildən sonra Rusiyadan nə qalacaq? Görən Mevdvedyev bu xüsusda hesablama və ya paralellik aparıbmı? Rusiyanın bir çox parametrlərə görə, Sovetlər Birliyindən heç də ciddi fərqlənmədiyinin fərqindədirmi?..

Əlbəttə, Qorbaçov Azərbaycan xalqının gözündə qatil idi. Amma artıq dünyada olmayan birisinin fəaliyyəti ilə öz cinayətlərinə bəraət qazandırmaq dürüst və vicdanlı yanaşma deyil. Eyni zamanda, ziyanlı və mənasız məşğuliyyətidir.

Təsəvvür edirik, bunlar “Qorbi”nin yerində olsaydılar, nələr törədər, ermənilər xaric, indi müstəqil dövlətləri olan aborigen xalqların başına hansı oyunları gətirərdilər. Qan su yerinə axardı. Ancaq bu SSRİ-ni xilas edərdimi? Çətin. Əksinə. Çünki “qırmızı imperiya” həm də böyük “xalqlar həbsxanası” idi. Hüquqi-siyasi varisi Rusiya kimi...

Medvedyev onu da deyib ki, SSRİ-nin çöküşünü heç kəs gözləmirmiş.

Bax, bunu düz söyləyib. Çünki eyni aqibət Rusiyanı gözləyə bilər. Özü də keçmiş prezident nüvə arsenalına baxıb qürrələnməsin, onu-bunu, dünyanı az hədələsin. SSRİ-nin nüvə potensialı Rusiyanınkından heç də az olmayıb. Amma nüvə başlıqları Sovet İttifaqını xilas edə bilmədi. Bəla gələndə atom bombasına-zada baxmaz.

Qısası, yaxşı olar, Medvedyev və komanda yoldaşları məhz elə M.Qorbaçov kimi realıq hissini itirdikləri haqda düşünsünlər. Hələ vaxta var...

Başqa dövlətlərin ərazilərinə “öz müqəddəratını təyin etmə” bəhanəsi ilə soxulub separatçılığa hər cür dəstək verən, öz ərazisində isə milli-azadlıq hərəkatlarını qan gölündə boğub müstəqillik referendumlarını (Çeçenistan, Tatarıstan) qanunsuz sayan, daim öz qonşuları hədələyən ikiüzlü dövlətlərin aqibəti yaxşı olmur. Rusiya da istisna olmayacaq. Özlərini yormasınlar.

Çar Rusiyasının yerində ondan balaca SSRİ yarandı. SSRİ-nin yerində isə ondan daha balaca Rusiya qaldı. Rusiyanın yerində də ərazicə qat-qat balaca bir Rusiya bərqərar olacaq. Çünki mayası haramdan yoğurulub. O üzdən öz “halalına” qədər kiçilməyə məhkumdur.

Xülasə, yazıya pozu yox, Dima! Sadəcə, geci-tezi var...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости