Свобода людям, независимость нациям!

SSRİ-ni dağıdan adamın sovet nostaljisi

6094 01.01.2023 16:21 Колумнисты A A

 

Rusiya mediasında SSRİ nostaljisi yenə kəllə-çarxa qalxıb. Bunun əsas səbəbi odur ki, bir neçə gün öncə, daha dəqiqi, ötən ilin dekabr ayının 30-da SSRİ-nin yaradılmasının 100 illiyi tamam olub.

Bir də bu çoxdan belədir: hər dəfə təqvim ili dəyişəndə rusiyalıların SSRİ nostaljisi qabarır, o dövrün Yeni il şənliklərini, filmlərini, şampan şərablarını, ucuzluğu, bir sözlə, ötüb keçən gəncliklərini xatırlayır, kövrəlir, hayıfsılanırlar.

Başqa postsovet xalqlarından fərqli olaraq rusların SSRİ-ni xiffətlə xatırlaması anlaşılandır. Bu dövlət onların idi və Yer üzünün, eləcə də bütün zamanların ən böyük imperiyası idi.

Без названия.jpg (9 KB)

3 okeanın (Sakit okean, Atlantik okeanı və Şimal Buzlu Okeanı) arasında, biri qapalı (Xəzər) olmaqla 15 dənizin əhatəsində yerləşən bu dövlətin uzun caynaqları Kubadan Vyetnama, Nikaraquadan Şimali Koreyaya qədər hər yerə uzanırdı.

İstismarçı SSRİ ətrafındakı bütün ölkələrə, əlinin altındakı müstəmləkələrə qarşı nə qədər pis olsa da, onlarla ölkənin sərvətini ucuz-ucuz daşıyıb Moskvanın, Leninqradın, Samaranın, Soçinin, Permin, Krasnoyarskın, Sverdlovskun şəhər camaatına yedirirdi. Müasir ruslar məhz o “firavan”lığın, o əzəmətin xiffətini çəkirlər.

789.jpg (56 KB)

Ancaq sovet nostaljisinə qapılan, SSRİ-ni öyənlərin sırasına Rusiya Elmlər Akademiyasının üzvü, məşhur siyasətçi, bir zamanlar Rusiya parlamentinin sədri olmuş Ruslan Xacbulatovun qoşulması, düzü, heyrət doğurur.

Bu heyrətin iki əsas səbəbi var. Birincisi odur ki, Xasbulatov indiyə qədər anti-kommunist əqidəli demokrat kimi tanınırdı. İkincisi isə o, SSRİ-ni dağıdan üç nəfərdən biridir. Digər ikisi isə Boris Yeltsin və Ramazan Abdullətiofdur. Məhz bu üçlük SSRİ-nin süqutunun siyasi-ideoloji zəminini hazırlayıb, anti-SSRİ və antikommunist hərəkata başçılıq ediblər. Onlar olmasa, digər müttəfiq respublikalardakı milli-azadlıq hərəkatları SSRİ-nin tabutuna son mismarı çala bilməyəcəkdi.

İndi isə Ruslan Xasbulatov “Sovet İttifaqı: böyük nailiyyətlər və böyük itki” başlıqlı yazı yazıb və “Nezavisimaya qazeta”da dərc etdirib.

555.jpg (28 KB)

Xasbulatov həmin yazısında SSRİ-nin yaranışına aid az-çox obyektiv fikirlər qələmə alsa da, sonradan o dövləti öyməyə başlayır və SSRİ-nin II dünya müharibəsi illərində və ondan sonra ABŞ-la yanaşı dünyanın iki əsas hərbi-siyasi qüvvəsindən birinə çevrilməsini vurğulayır. Akademik iddia edir ki, həmin dövrdə sosialist ideyaları bütün qitələrdə xüsusi populyarlıq qazanıb: “Sovet İttifaqı Afrikanın müstəmləkə xalqlarının azadlıq mübarizəsinə rəhbərlik edir, milli-azadlıq hərəkatlarına müxtəlif formalarda yardım göstərirdi. ABŞ imperializminə qarşı mübarizədə Kuba və Vyetnama güclü dəstək verirdi”.

Əcəb işdir, 14 ölkəni “müttəfiq respublika” adıyla Moskvaya tabe edən, Şərqi Avropanın azad ölkələrini (Macarıstan, Bolqarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniyanın yarısı, Rumıniya) Kremldən idarə edən, Yuqoslaviya, Albaniya kimi dövlətləri qapazaltı etməyə çalışan, Uzaq Şərqdə Monqolustanı, Şimali Koreyanı, Vyetnamı SSRİ-nin subyekti halına gətirən, Əfqanıstanı işğal edən, Çini özündən asılı vəziyyətə salmağa çalışan SSRİ Afrika xalqlarını müstəmləkə olmaqdan xilas etmək istəyirmiş. Böyük bir absurd.

Xasbulatov isə hesab edir ki, sərhədləri şimal dənizlərindən Balkanlara, Mərkəzi Avropaya və Atlantikaya, Qafqaza, Qərbi Asiyaya, Pamirə və Sakit okean sahillərinə qədər uzanan SSRİ-nin geniş ərazilərində sosializm davamlı şəkildə inkişaf edirmiş. Hansı sosializm? O, sadəcə, dövlətin yeritdiyi siyasətə dayanaraq, feodalizmin (təhkimli kəndlilik) və quldarlıq quruluşunun bərqərar olunmasıydı.

888.png (37 KB)

Xasbulatov yazır: “Yer kürəsinin 1/5 hissəsində 450 milyon nəfər əhalisi olan bu ölkələrin dünya sivilizasiyasının bütün nailiyyətlərindən istifadə edərək, öz sosialist bazasında böyümə və inkişaf üçün ölçüyəgəlməz perspektivləri var idi. Onlar inkişaf etmiş məhsuldar qüvvələrə, qabaqcıl elmlərə, diqqətəlayiq səhiyyə sisteminə, təhsilə və ən yüksək dünya səviyyəsində elm və mühəndislik məktəbinə malik idilər. Onların əsas göstəricilərə görə tezliklə ABŞ və bütün Qərb iqtisadiyyatını keçə biləcəkləri gözlənilirdi”.

Bəs nə oldu? Bəs necə oldu ki, bu sosialist dövlətlərdə görünməmiş kasıblıq, qıtlıq yarandı? ABŞ-da əvvəl tətbiq olunan qabaqcıl texnologiyalar SSRİ-yə 20 ildən sonra gəlib çıxırdı. Dövlət bir dəstə yıpranmış qoca kişinin əlində qalmışdı və onları çoxdan ətalət basmışdı.

Başqaları kimi, Xasbulatov da SSRİ-nin süqutunu Mixail Qorbaçovun şəxsiyyətinə və siyasətinə bağlamağa çalışır. Amma ədalətlə araşdırsaq, Qorbaçov SSRİ-nin süqutuna bais olanların “ilk onbirliyi”nə belə girmir. SSRİ-ni sürətlə silahlanmaya, kosmosun fəth edilməsinə, dünyaya kommunist inqilabları ixrac etmək planlarına, sosialist düşərgəsinin ac ölkələrinə ayırdığı trilyonlar dağıtdı. Bu pullar “zəhmətkeş sovet xalqı”nın boğazından, rifahından, dövlətin hərtərfli inkişafını təmin edəcək layihələrdən kəsilirdi.

7778.jpg (80 KB)

SSRİ-ni bərbad idarəçilik, tüğyan edən korrupsiya və rüşvətxorluq, mənasız bürokratiya, kampaniyaçılıq, şişirdilmiş rəqəmlər, kütləvi riyakarlıq, işbilməzlik, qıtlıq dağıtdı. Hamı bilirdi ki, belə idarəçilik olmaz, hər şey yalandır, amma heç kəs onu durdurmaq fikrində deyildi. Yalnız 1985-ci ildə hakimiyyətə gələn Qorbaçov uçuruma doğru yuvarlanan nəhəng SSRİ maşınını durdurmaq istədi, bacarmadı, əvəzində bir çox xalqlar, o cümlədən Azərrbaycan o maşının təkərinin altında əzildi.

Bu baxımdan özü də iqtisadçı professor olan Xasbulatovun 1985-ci ildə SSRİ-də ümumi daxili məhsulun artım templərinin 8,7%, ABŞ-da 3,1%, Avropa İttifaqı ölkələrində 2,7%, Yaponiyada 2,1% olması barədə yaydığı “rəsmi statistika” həqiqəti əks etdirmir. O biri dövlətlər heç, amma SSRİ-də bütün statistik göstəricilərin eləcə kağız üzərində olduğu o dövrdə partiya və sovet orqanlarında, təsərrüfat subyektlərində çalışan heç kəsə sirr deyil.

Görünür, Xasbulatov SSRİ-ni, kommunist rejiminin nailiyyətlərini öyərkən müasir Çinin iqtisadi uğurlarına baxır, hesab edir ki, əgər Çin kommunistləri öz rejimlərini, hökmran statuslarını qoruyaraq dövləti, ölkəni bu qədər irəli apara biliblərsə, SSRİ də dağılmasa, elə ola bilərmiş.

Amma yox, Çin kommunistləri ilə Rusiya kommunistlərinin arasında böyük fərq var. Birincilər həmişə ayıq, böyük ölçüdə dürüst, prinsipial, yeniliklərə açıq, savadlı və bacarıqlı idilərsə, ikincilər daima sərməst, böyük ölçüdə əliəyri, riyakar, yeniliklərə qapalı, savadısz və bacarıqsız idilər. Çin kommunistləri bir qayda olaraq hakim partiyanın rəhbərliyinə və digər seçkili orqanlarına həmişə dürüst seçkilər keçirir, gənc kadrları irəli çəkirdilərsə, SSRİ kommunistləri Lenindən üzü bəri həmişə partiyadaxili seçkilərin taleyini qruplaşmalarla, intriqalarla, saxtakarlıqlarla həll edir, perspektivli kadrları məhv edirdilər.

Ona görə də nadürüst adamların qüdrətli dövlət qurmaq şansları yox idi. SSRİ-nin süqütu tarixi zərurət idi. Əgər müasir ruslar bu gerçəkliklə barışmaq istəmirlərsə, yenə də əllərinin altında dünyanın ən geniş ərazisi var, zəhmət çəkib həmin qüdrətli dövləti yenidən qursunlar – ancaq heç bir xalqı əsarət altına almadan, müstəmləkə etmədən.

Bir sözlə, neoimperiya ambisiyalarını heç cür dəf edə bilməyənlər bir az toxtasalar yaxşıdır, yoxsa əllərində olanı da itirəcəklər.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости