Свобода людям, независимость нациям!

Söz yarası, bıçaq yarası - Rüşdiyə ədəbi və əbədi şöhrət qazandıran fətva

2300 14.08.2022 18:32 Колумнисты A A

Adamın əsl adı Əhməd Salman Rüşdidir, bütün dünya onu yazıçı Salman Rüşdi kimi tanıyır.

Bu gün onu dünyanın ən məşhur yazıçısı saymaq olar. Şöhrətinə söz yoxdur. Onun barəsində informasiyalar dünyanın 200-dən artıq dövlətinin informasiya məkanında yer alır.

Sonuncu dəfə bir neçə gün öncə bütün dünya Salman Rüşdinin ABŞ-ın Nyu-York ştatının Şatokua şəhərində mühazirə oxuyarkən 24 yaşlı fanatik tərəfindən bıçaqlanması xəbərini aldı.

rusde.jpg (110 KB)

İngiltərədə ser tituluna yiyələnmiş yazıçının hazırda 75 yaşı var. Onu “hind əsilli britaniyalı yazıçı” kimi təqdim edirlər. Amma Əhməd Salman sadəcə 1947-ci ilə Britaniya imperiyasına daxil olan Hindistanda, Bombeydə (indiki Mumbayda) doğulub, indus deyil. Bu şəxs milli mənşəyi etibarı ilə urdudur. (Urdu – yəni ordu, bu xalqın bir adı da ləşkəridir, fars dilində “ləşkər”sözü isə “ordu” deməkdir).

Salman Rüşdi 1975-ci ildən bədii yaradıcılıqla məşğuldur, ingilis dilində yazır, roman, esse, uşaq əsərlərinin müəllifidir.

Ona ilk şöhrəti gətirən əsəri 1981-ci ildə nəşr olunan “Gecə yarısı uşaqları” olub. Məhz o zaman ölkənin ədəbiyyat həvəskarları Salman Rüşdi adlı yazarın olduğundan xəbər tutublar.

Salman Rüşdinin dördüncü əsəri olan “Şeytan ayələri” romanı isə ona beynəlxalq şöhrətlə (əsasən bədnam şöhrət) yanaşı, böyük mükafatlar və maddi sərvət gətirib. İslam dünyasında hiddətlə qarşılanan romandan sonra Rüşdinin həyatı tamamilə dəyişib. 1988-ci ildə dərc olunan “Şeytan ayələri”nə görə 1989-cu ilin 14 fevralında İranın dini lideri ayətulla Ruhulla Xomeyni Salman Rüşdinin qətlə yetirilməsinə dair fətva verib. Bundan sonra Rüşdiyə qarşı ov başlanacağını düşünən Böyük Britaniya hökuməti yazıçının mühafizəsini öz üzərinə götürüb.

33 ildir ki, Rüşdi yaşayış yerlərini tez-tez dəyişməklə, gizli ünvanlarda yaşayır. Bir ara o, hətta 25-30 gündən bir ünvanını dəyişdirməyə məcbur olub. Bundan başqa, yazıçının ictimai yerlərdə olması, tədbirlərdə görünməsi, xarici səfərləri məhdudlaşdırılıb. Buna baxmayaraq, o, dörd dəfə evlənməyə də macal tapıb.

88.jpg (86 KB)

Görünür, mühafizə olduğu illərdə Salman Rüşdinin heç bir ciddi kriminal təqibə məruz qalmaması, aradan uzun vaxtın keçməsi yazıçının mühafizə edilməsinə cavabdeh olan strukturlarda arxayınçılıq yaradıb, onlar elə biliblər ki, artıq onun həyatına heç bir təhlükə yoxdur, ona görə də ABŞ-da başısoyuqluq ediblər və Rüşdi bıçaqlı hücuma məruz qalıb.

“Şeytan ayələri”ndə nə yazıldığı bu gün müsəlman ölkələrində yaşayanların 99 faizinə bəlli deyil. İslam dünyası bu romanın sadəcə adını bilir (hərçənd adı da bəsdir). Çünki bu roman müsəlman ölkələrində qadağan olunub, tərcüməsi, nəşri yasaqdır. Bu fikrə düşənləri də ölümlə hədələyirlər. İnsanların bildiyi yalnız odur ki, əsərdə İslam dəyərləri təhqir olunur.

Kitabı oxuyanların yazdığına görə, “Şeytan ayələri” ondan əvvəl dinlərə, o cümlədən İslama qarşı yazılmış kitablardan güclü və daha dəhşətli bir şey deyil. Bədii cəhətdən də bu, o qədər də mükəmməl və uğurlu əsər sayılmır.

098.jpg (96 KB)

Ümumiyyətlə, Salman Rüşdinin bir neçə əsərini oxumağa cəhd etmiş (“Xəcalət”, “Həbəşin son nəfəsi”) ədəbiyyatsevər kimi deyə bilərəm ki, o, orta səviyyədən də aşağı bir yazıçıdır. Ömrü boyunca oxumağa başladığı kitabı sona çatdırmamış əlindən yerə qoymayan adamlar Rüşdinin cansıxıcı, işıqsız, ağır təhkiyəli əsərləriini çox hallarda yarıda saxlayırlar.

“Şeytan ayələri”inin də o qrafadan olduğu deyilir. Fəqət əsər ətrafında yaranmış hay-küy, qalmaqal bu romanı haqsız olaraq “dünya ədəbiyyatının şedevrləri” sırasına qaldırıb. Bu amil artıq dünyanın bütün ölkələrində “Şeytan ayələri”nə marağı birə yüz artırıb.

Bu, onu göstərir ki, 1989-cu ildə Salman Rüşdinin ölümü haqqında fətva verilməsi yanlış olub. Əsas yanlış odur ki, bir adamı məhkəməsiz, vəkilsiz, prosedursuz, həm də sırf yazdığı sözə görə ölümə məhkum etmək dövlətə yox, mafioz strukturlara yaraşan hərəkətdir.

Bundansa “Şeytan ayələri”ni oxuyan, fəsil-fəsil təhlil və tənqid edən, əsərin ədəbi dəyərini və ya dəyərsizliyini düzgün qiymətləndirən, eləcə də onun ictimai-siyasi zərərləri barədə mükəmməl mülahizələr irəli sürən resenziyalar yazılmalı idi. Həm də çox yox, bir-iki dənə. Böyük ajiotaj doğurmadan.

Bax, o zaman “Şeytan ayələri”nin tərcümə olunduğu dillərdə bu əsəri oxuyan oxucuların böyük əksəriyyəti bu barədə fikir bildirərkən “elə də təriflənəsi əsər deyil” deyə fikir bildirəcəkdilər və Salman Rüşdi adlı yazıçı dünya şöhrəti qazanmayacaqdı. Bir yazıçı üçün unudulmaq, saya salınmamaq əslində qətlə yetirilməkdən daha ağır aqibətdir.

087.jpg (31 KB)

Fəqət İran rəhbərləri belə bir fətva verməklə həm dövləti “şər üçbucağı” adlı şərti “üzdəniraq dövlətlər” qrupuna salınmasına əsas verdilər, həm yazıçı Salman Rüşdiyə əbədi və ədəbi dünya şöhrəti qazandırdılar, həm də sonrakı illərdə bu fətvanı ləğv etməməklə anti-islami kampaniyaların genişlənməsinə şərait yaratdılar.

Soyadının mənası “həddi büluğa çatmış dəvə” mənası verən Əhməd Salmana qarşı törədilən qəsd isə göstərir ki, onun şəxsiyyətinə bəslənilən dəvə kini hələ də davam edir.

İndiki halda Salman Rüşdinin ölümü heç kimə, əsasən də müsəlmanlara lazım deyildi. Adamın 75 yaşı var, bir neçə ilə zatən öz əcəli ilə öləcəkdi. Amma görünür, məqsəd dünyaya daha bir kafirin öz cəzasını bu dünyada aldığını göstərməkdir.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости