Свобода людям, независимость нациям!

Soyad məsələsi - İmanov-İvanov söhbəti davam edir

2546 31.12.2022 10:41 Колумнисты A A

 

Deputat Sabir Rüstəmxanlı düz deyir, nəhayət, 30 ildən artıqdır söhbəti gedən milli soyad məsələsi həll olunmalıdır.

O, dünən bu fikirləri Milli Məclisin plenar iclasında deyib, təklif edib ki, 2023-cü ilin yanvarın əvvəlindən yeni doğulan uşaqlara yalnız milli soyadlar verilsin!

“Kim soyadını dəyişmir, dəyişməsin. Amma yeni doğulan uşaqlarla bağlı sənədləşmədə “ov”dan imtina edək! Bu çox asan məsələdir, hansısa sənəd tələb olunmur”, - Sabir Rüstəmxanlı deyib.

af152e95892aec8fa2c256d96666de46.jpg (277 KB)

“Kim soyadını dəyişmir, dəyişməsin” deyərkən deputat əmindir və əlini üzüb ki, sənəd-sünəd məsələsində olduqca ərincək olan camaatımız birdən-birə “ASAN xidmət” mərkəzlərinə hücum edərək milli soyad sonluğu götürmək üçün növbəyə durmayacaq.

Bunu edən bu 31 ildə edərdi. Əhalimizin 95 faizi belə etməyib, məcburiyyət olmasa, heç 100 il də etməyəcək. Hətta daha pisi, bu işə passiv müqavimət də göstərəcək, kampaniya başlansa, sabotaj edəcək, mənasız mühafizəkarlıq sərgiləyəcək, “bu soyad bizə dədə-babamızdan qalıb” deyəcək.

Sanki, məsələn, “İmanov” soyadını “İmanlı” edəndə bunun sülaləsinə əskiklik gərir, əslində isə “İmanlı” soyadı daha yaxşı səslənir və daha mənalı olur.

Orta məktəb jurnallarında ad-soyadları yazılan şagirdlərin, ölkəmizi xaricdə təmsil edən idmançıların, vəzifəyə təyin edilənlərin soyadlarının sonluğuna baxın, 95 faizdən çoxunun soyadı “ov”, “yev”lə bitir. Bunların çoxu müstəqillik dövründə, yəni Azərbaycanın SSRİ-dən, Rusiyadan qopduğu illərdə doğulan uşaqlardır, amma valideynləri onlara rus soyadlarının sonluğuna xas soyad sonluğu veriblər. Nəticədə, əvvəllər də yazdığımız kimi, beynəlxalq yarışlarda “İvanov”la “İmanov” qarşılaşır və başqa ölkələrdən olanlar bilmirlər ki, kim kimdir.

İndi kimsə deyəcək ki, bu, o qədər də əhəmiyyətli məsələ deyil. Yanlış düşüncədir. Bu, əhəmiyyətli məsələ olmasa, ermənilər və gürcülər də bizim kimi edər, vaxtilə soyadlarını kütləvi şəkildə ruslaşdırılmasına razı olardılar. Bunu yalnız o ermənilər edib ki, onlar rus hərbi elitasında karyera qurmaq fikrində olublar, hətta ata adlarını da dəyişiblər. Məsələn, atasının adı Ovanes olan bəzi ermənilər sənədində ata adını İvanoviç qeyd etdirib.

fa48adbb51e2a57f7b0289b5a89aae83.jpg (14 KB)

Məsələn, erməni əsilli marşallar öz soyadlarını Xudyakov, İsakov, Aqanov edərək, ruslardan seçilməməyə çalışıb, bu addımla “böyük qardaş”larına yarınıblar. Hətta onların ən məşhuru Baqramyan belə öz adını - Ovanesi İvana, atası Xaçaturun adını isə Xristofora dəyişdirtdirib.

Digər ermənilər isə öz soyad sonluqluqlarını ciddi şəkildə qoruyub, bunu milli identiklik atributu sayıblar.

Ümumiyyətlə, sovet dönəmində SSRİ ərazisində yaşayan xalqların içində yalnız türk-müsəlman xalqlarının (azərbaycanlı, özbək, qırğız, tatar, qazax, türkmən, tacik, buryat, çeçen, kalmık, noğay, qaraqalpaq və s.) soyadlarına əl gəzdiriblər. Ukrayna, Belarus, Baltikyanı ölkələr və digər respublikalarda yaşayan, xristianlığa tapınan xalqların soyadlarının sonluğuna əl dəyməyiblər. Eləcə də SSRİ-də yaşayan yəhudilər yalnız özləri istəyəndə soyadlarını dəyişdiriblər.

Buradanca görünür ki, bu, özlüyündə təsadüfi olmayıb, gizli-gizli, yavaş-yavaş aparılan slavyanlaşdırma, rusifikasiya siyasətinin tərkib hissəsi olub və 70 il boyunca sürüb getdiyi üçün öz bəhrəsini verib. Budur, 31 ildir müstəqil dövlətik, BMT üzvüyük, öz milli bayrağımız var və beynəlxalq müsabiqələrə öz bayrağımızla qatılırıq, amma soyadımız hələ də “ov”, “yev”dir və ondan imtina edə bilmirik.

776.jpg (174 KB)

Qırğızıstan parlamentinin spikeri Nurlan Şakiyev nazirə rusca danışmaqda qınamışdı 

Bu, müstəmləkə bəlasıdır. Bir biz deyilik. Hətta bu məsələlərdə biz bir az öndəyik. Orta Asiyanın müstəqil dövlətlərində hələ də dövlət idarələrində rusca danışırlar, sənəd dövriyyəsində ruscadan istifadə olunur, soyadları da kütləvi şəkildə “ov”, “yev”lə bitir, hətta bir sıra rayonlarının adları da sovet dövründən qalan adlardır (Oktyabrsk, Leninsk və s.).

Afrikanın şimalında və qərbində yerləşən, vaxtilə Fransanın müstəmləkəsi olmuş dövlətlərdə hələ də fransız dili hökmrandır və bu ölkələrin elitaları özlərini fransızlara bənzədirlər, hələ də övladlarına Jan-Klod, Pyer, Anri, Mişel, Lora, Mirey, Juliya kimi fransız adları qoyurlar. İş bununla da bitmir, bu və digər dövlətlər Fransanın hegemon olduğu Frankofoniya adlanan təşkilatda birləşərək, ona beynəlxalq dəstək verirlər. Bu, həm də o deməkdir ki, Fransa keçmiş müstəmləkələrindən tam əl çəkməyib. Belə bir Frankomaniya...

Rusiya da postsovet ölkələrinə münasibətdə elə edir. Müstəqil Dövlətlər Birliyi adlanan təşkilat o məqsədə xidmət edir. Kreml bu təşkilat vasitəsilə keçmiş müstəmləkələrini özündən aralanmağa qoymur. Bu ölkələrdə rusdilli məktəblərin fəaliyyəti Rusiya üçün ona görə əhəmiyyətlidir ki, Rusiyaya rəğbət bəsləyən rusdilli kadrlar azalmasın, ruslara yarınmaq istəyən kontingentin sırası seyrəlməsin.

Bu baxımdan milli soyad sonluğu həm də suverenitet məsələsidir. Rüstəmxanlının sözünə qulaq asmaq lazımdır.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости