Свобода людям, независимость нациям!

Sovet zorlamasına məruz qalan ölkənin liderinin ruspərəst siyasəti

1471 04.06.2022 09:50 Колумнисты A A

Macarıstan Avropa İttifaqında səsvermə hüququndan məhrum edilə bilər. Bu barədə konkret çağırış var və onun müəllifi Avropa Parlamentinin sədr müavini Katarina Barlidir.

Heç demə, Macarıstan şantaj üçün Avropa İttifaqının yekdillik prinsipindən istifadə edirmiş. K.Barli belə deyib və xatırladıb ki, Rusiyaya qarşı altıncı sanksiyalar paketi məhz Macarıstana görə bir neçə həftə gec qəbul edilib.

Ona görə də indi avropalı parlamentarlar yavaş-yavaş bu fikrə gəlirlər ki, “qoca qitə”nin ali qanunvericilik orqanının işini pozduğuna, sabotaj etdiyinə görə, Macarıstanın Avropa parlamentində səsvermə hüququ dayandırılsa yaxşıdır.

Prinsipcə, AP rəhbərliyi haqlıdır. Macarıstan son vaxtlar bir çox məsələlərdə Avropanın arabasının təkərinə çomaq soxur, qurumun operativ və effektiv qərar qəbul etməsini əngəlləyir.

34fed578cfaa4b5681131862e6c52c60.jpeg (47 KB)

Söz yox ki, bütün bunlar ölkənin baş naziri Viktor Orbanın iradəsinin məhsuludur. Yoxsa bir çox macar siyasilər, eləcə də xalqın böyük əksəriyyəti Avropa ilə daha sıx inteqrasiyanın, qaynayıb-qarışmağın tərəfdarıdır. Orban isə ölkəsinin xarizmatik lideri olaraq, fərqli düşünür.

O, 1998-2002-ci ildə bir dəfə baş nazir seçildikdən sonra ikinci dəfə 2010-cu ildə hakimiyyətə yenidən gəlib və o vaxtdan bəri keçirilən bütün seçkilərdə qalib gələrək baş nazir postunu qoruyub saxlayır. Öz ölkəsində onu “mafioz hökumət” qurmaqda suçlayırlar və hiss olunur ki, ittihamlar əsassız deyil.

Hazırda “Macarıstan vətəndaş ittifaqı”nın - “Fides” partiyasının lideri olan Orbanın 59 yaşı var. O, sovet dövründə aktiv komsomolçu olub, eyni zamanda 1988-ci ildə başlayan xalq hərəkatında fəal iştirak edib. 1956-cı ildə sovet qoşunları tərəfindən güllələnmiş macar liderlərin, İmre Nadya və silahdaşlarının yenidən dəfn olunmasını, sovet qoşunlarının Macarıstandan çıxarılmasını tələb edənlərdən biri də Orban olub.

5.jpg (11 KB)

                       1956-cı il. Budapeşt. Sovet işğalı

İndi paradoksa baxın: 34 il əvvəl sovet-rus işğalına qarşı qətiyyətli çıxışlar edən şəxs bu gün dünyada ruspərəst biri kimi tanınır. İmre Nadyanın qatillərini pisləmək, lənətləmək nəydi, həmin qatillərin poqonlu xələflərinə qahmar çıxmaq nədir?

Orban hamıdan yaxşı bilir ki, hazırda Rusiya Ukrayna xalqının başına gətirdiyi faciələrin eynisini 1956-cı ildə Macarıstanın başına gətirib, bu ölkəyə tank qoşunları yeridib, qanuni hakimiyyəti devirib, minlərlə macar vətənpərvəri həbs edib, işgəncəyə məruz qoyub, vətənini qorumağa çalışan yüzlərlə fəalı güllələyib. Bir sözlə, Macarıstan sırf suverenitet davası apardığına görə sovet zorlamasına məruz qalmış ölkəyə çevrilib.

Bu baxımdan bu gün macar xalqı qətiyyətlə Ukraynanın yanında yer alsaydı və ona hər cür kömək etsəydi, daha anlaşılan olardı. Bütün Avropa deyərdi ki, macarlar öz tarixlərini unutmur və ondan ibrət dərsi götürüblər, aqressorun yanında olmaq istəmirlər.

Ancaq əksinədir, sovet zorlamasına məruz qalmış almanlar kimi, macarlar da rus təcavüzkarlığına qarşı çıxmağa qorxurlar. Sanki 60-70 ilin xofu hər iki xalqın siyasilərinin iliyinə işləyib. Yeri gəlmişkən, eyni ovqat qonşu Gürcüstanda da müşahidə olunur. 2008-ci ilin avqustunda Rusiyanın açıq hərbi mübadiləsinə məruz qalan Gürcüstanın sıravi vətəndaşları aqressiv qonşuya qarşı hələ də hiddətli olsalar da, siyasi xadimləri çox ehtiyatlı, hətta qorxaqdırlar.

6.jpg (215 KB)

                                  1968-ci il. Praqa. Sovet işğalı

Vaxtilə sovet-rus intervensiyasının acısını yaşamış Çexiya və Slovakiya fərqli davranır. Bu iki ölkə 1968-ci ilin baharını unutmayıb. O zamanlar Kremlin əmri ilə Çexoslovakiya federasiyasında qətllər törədən, həbslər aparan, ictimai-siyasi fəallara işgəncələr verən, öz xalqına rəhbərlik edən siyasi xadimləri mühakimə edərək, onlara cəza kəsən qonşunun əməlləri unudulmayıb. Çexlər və slovaklar Ukraynanın halını daha yaxşı anlayırlar.

Orban isə hələ 2014-cü ildən bəri ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qarşı çıxış edir. 1999-cu ildən NATO üzvü olan bu ölkə hazırkı Rusiya -NATO münaqişəsində də Rusiyanın əlinə oynayacaq addımlar atır.

Bununla yanaşı, Viktor Orbanın xalqımız üzün əhəmiyyətli bir işə qol qoyduğunu da qeyd edək. Macarıstanda ömürlük həbsə məhkum edilmiş hərbçimiz Ramil Səfərovun ölkəmizə ekstradisiya edilməsi məhz Avropanın bir sıra qərar və qətnamələrinə boyun əyməyən Orbanın iradəsi sayəsində baş tutub.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости