Свобода людям, независимость нациям!

Sosial rifahımızın özünü buraxması

1913 25.03.2023 09:00 Колумнисты A A

Bu ilin yanvarında siyasi partiyalar haqda yeni qanunun qüvvəyə minməsi Azərbaycan siyasət mühitində ciddi təkan və zəlzələyə səbəb olmuşdur. Bəzi partiyalar özünü buraxır, bəziləri hərəkat adı almaqla (Qubad İbadoğlunun partiyası) Ədliyyə Nazirliyinin pəncəsindən canını qurtaracağını zənn edir. Artıq siyasət cəngəlliyimizin kol-kosları arasında Azərbaycan Naminə Alyans, Böyük Birlik, Azad Respublikaçılar partiyalarının sümükləri ağarır.

Ən ağır itkilərdən biri Təkamül Partiyasının özünə qəsd etməsiydi. Partiyanın əvəzedilməz sədri Teyyub Qənioğlu görəsən uca millətimizi evolyusiyasız qoyub niyə bu qocaman siyasi təşkilatı buraxdı? Belə çıxır artıq dindarlar qalib gəldilər. Allah sənə rəhmət eləsin, Darvin. Meymunçuluğa bizim siyasətdə yer yox imiş. Buna da şükür.

Qanunun afterşokları üzündən bu həftə, ən son olaraq Sosial Rifah Partiyası özünü buraxdığını elan etdi. (Oxuculardan dönə-dönə üzr istəyirəm, ancaq hər dəfə bu “özünü buraxdı” ifadəsini yazanda qıdığım gəlir. Qəribə sözdür. Bunu ilk dəfə fikirləşən adama “Ana dili” medalı düşür). Sosial Rifah Partiyası ən qədim siyasi idarələrimizdən biri idi. Uzun illər sədri olmuş Xanhüseyn Kazımlı tərəfindən yaradılmışdı. Son zamanlar Xanhüseyn müəllim sosial rifahımızı doğma qızı Əsli Kazımovaya tapşırmış, siyasətdən şəxsən çəkilmişdi. İndi isə partiya da getdi. Necə deyərlər, əri döyən arvadı, it də tutdu bir yandan. (Əslində bu ata sözünün hazırkı situasiyaya o qədər də dəxli yoxdur, sadəcə, istədim oxucularımız gözəl məsəllər oxuyub feyziyab olsunlar. Başqa gözəl məsəllərimiz də var. Məsələn: “Yumurtlamadı, falını da yedi?” Folklorumuzu oxumaq insana həzz verir).

Diqqətli oxucular bəlkə xatırlayırlar, mən Xanhüseyn müəllimin həyat və yaradıcılığını dəfələrlə işıqlandırmışam və indi onun qurduğu partiyanın ölüm xəbərini şərhsiz buraxsaydım yəqin özümə xəyanət edərdim. Özünə xəyanət isə elə özünü buraxmaq kimi bir şeydir.

Söhbət ondan gedir ki, Xanhüseyn müəllim 1989-90-cı illərdə “Narxoz”da “qiymətin əmələ gəlməsi” adlı əcaib bir fənndən dərs keçirdi, mənə də o mühazirələrdə iştirak nəsib olmuşdur. Axırda zaçot kitabçasında qiymətimizi əmələ gətirmək bizə çox baha başa gəlmişdi. Xırdalıqlara varmıram, hər halda Narxoz ənənələri olan məktəbdir. Elə bircə faktı yazsam bəsdir: ulu Narxoz SSRİ tarixində rüşvətə görə bağlanan (1986) ilk və deyəsən yeganə ali məktəb olmuşdu.

Daha sonralar Xanhüseyn müəllim Biləsuvar tərəflərdən deputat qoyulmuşdu, onun “seçkisi” də türkün sözü, ücubə hadisələrlə yadda qalmışdı. Məsələn, yerli əhali deputatlığa namizədin portretini cürbəcür uyğunsuz yerlərdən asmışdılar. (Burda da xırdalığa varmıram, çünki AYB sədri Anar müəllim demişkən, “tərbiyəm buna yol vermir”).

Ancaq Sosial Rifahın sədri ilə bağlı ən maraqlı hadisə 1998-ci ilin prezident seçkilərində yaşanmışdı. O zaman prezidentliyə namizədlər Heydər Əliyev, AMİP sədri Etibar Məmmədov, milli “Jirinovskimiz” Nizami Süleymanov, Qeyrət Partiyasının sədri, rəhmətlik Əşrəf Mehdiyev və başqaları olmuşdu. AXC sədri Elçibəy əlimyandıda Kələkidən Bakıya qayıtmış, Müsavat başqanı İsa Qəmbəri növbəti dəfə sambo fəndiylə götürüb siyasət döşəyindən qırağa tullamışdı – elə vəziyyət yaratmışdı ki, əsas müxalifət seçkilərə getməsin, mənasız boykot yolunu tutsun.

Həmin vaxtın seçki qanununa görə prezidentliyə namizədin qeydə alınması üçün 50 min imza toplamaq lazım gəlirdi və Xanhüseyn Kazımlı qeydiyyata alınmışdısa, deməli həmin sayda imzanı toplamışdı. Lakin 11 oktyabr seçkisindən sonra ortaya qəribə rəqəm çıxmışdı. Mərkəzi Seçki Komissiyası Xanhüseyn Kazımlının bütün respublika üzrə 0,3 faiz səs topladığını açıqlamışdı, bu isə 8 min 254 nəfər seçici eləmişdi. Yəni, belə çıxırdı hətta əvvəlcə namizədliyinə dəstək verən 42 min adam da seçki günü Xanhüseyn müəllimə dirsək göstərmişdi.

Bütün hallarda, kim nə deyir desin, 1990-cı illər maraqlı illər idi... İndi heç sosial rifah da qalmayıb.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости