Свобода людям, независимость нациям!

Son işğalçıya, işğaldakı son qarış torpağa qədər

15927 03.10.2020 15:50 Колумнисты A A

‘’Ali Baş komandan, silah ver bizə!".

14 iyul 2020-ci ildə xalq bu şüarlarla meydanlara çıxdı, Vətən müharibəsinə hazır olduğunu nümayiş etdirdi və... 27 sentyabrda Ali Baş Komandan Qarabağın və işğaldakı torpaqların azad edilməsi üçün Vətən müharibəsinə qərar verdi.

Ön cəbhədən hazırlanan reportajlara baxırıq. Gözləri parıldayan, azad etdiyi torpaqlardan qürurla salam verəni tanıdınızmı?
O, əlində silah olan Azərbaycan xalqıdır.

Xoşbəxtdi!

Ali Baş Komandan Onun istəyini yerinə yetirib və xalqını silaha qovuşdurub!

Necə sevincli, necə qürurludur ön cəbhədəki əsgərlərimiz!

Şəhid düşənlərimizi Analar qürurla ağlayır! Analar şəhid oğullarını layla deyə -deyə cənnətə uğurlayır.

Azərbaycan Anası! ‘’Dayanmayın, davam edin, bitirin bu işi’’ deyir, gözüyaşlı, qəlbi qürurlu bütün şəhid anaları!

Gerçək budur! Şəhid dəfnində iştirak edən hər kəs şəhid analarından eyni ismarışı eşidir: ”Atəşi kəsməyin, davam edin. Erməniləri son nəfərə qədər qovun!”

****
Azərbaycan tarixində xalqın ayağa qalxdığı, meydanlarda olduğu, könüllü döyüşdüyü, şəhid verdiyi məqamlar əvvəl də olub.

1988-1993(94) -cü illərdə.

Lakin şərtlər fərqli idi.

Güclü dövlət yox idi.

Ordu heç yox idi.

Güclü müttəfiqlərimiz yox idi.

Türkiyə iqtidarları belə bizə soyuq idi. Bizə ‘’şiə’’ deyirdilər, türk demirdilər...

Düşmənlərimiz güclüydü.

Siyasi təfriqələr birliyimizi içəridən yeyib-dağıdırdı, siyasi liderlər bir olmamıza imkan vermirdi...

Amma xalqda fədakarlıq vardı, əzm var idi.

Buna baxmayaraq və bunlara görə məğlub olduq.

İllərlə dərin məğlubiyyət acısı yaşadıq.

Kiçik qələbələrə, ‘’Qalatasaray’’ın uğurlarına, Türkiyə millisinin qollarına, ‘’Türk Şahinləri’’nin səmamızda uçuşlarına, ‘’Qarabağ’’ın növbəti mərhələyə keçməsinə sevindik...

Kiçik qələbələrə böyük təpkilər verdik, meydanlara töküldük...

Qələbəyə həsrətdik.

Bizi dərin və milli məğlubiyyətdən çıxardan bir yol axtarırdıq...

Məğlubiyyətlə barışmamışdıq, barışa bilmirdik – bütün davranışların özəti, izahatı buydu..

****

Prezident İlham Əliyev başlatdığı çoxvektorlu islahatları qəfildən müxalifət düşərgəsinə keçirdəndə anlamışdım...

‘’Qərar verib, edəcək!’’

...Yeni şöbə qurdu, onun vasitəsi ilə müxalifətə israrla dialoq təkliflərində bulundu.

Hətta bəzi siyasi rəqiblərini reanimasiya etməyə başladı...

Sanki ‘’nəfəsi gələn hər kəs lazım olacaq’’ mesajı verirdi...

...Bir lider, strateji düşünən dövlət rəhbəri daxili qarşıdurmanı, siyasi təfriqəni minimuma endirməyə, ya da tamamilə aradan qaldırmağa nə zaman cəhd edər?

Potensial qarşıdurma fiqurlarına nə zaman əl uzadar?

Milli həmrəylik yaratmağa, xalqın rifahını və ruhiyyəsini düzəltməyə nə zaman daha ciddi təşəbbüs göstərər?

İnformasiya vasitələrini gücləndirər, dövlət aparatını sürətlə islah edər, gənc və poliqlot kadrları komandasına alar, müttəfiqlərlə münasibətləri yeniləyər, yeni müttəfiqlər toplayar, orduya diqqət ayırar, müttəfiq ordulara qapı açar...

Vətənə, dövlətə təhlükə yarananda. Ya da Vətən uğrunda hansısa böyük proqramlara hazırlaşanda.

Məsələn, olası Vətən müharibəsinə...

****

Ölkədə milli həmrəylik, onun da içində, siyasi həmrəylik boşuna, havadan yaranmadı.

27 sentyabrda erməni işğalçılarına qarşı Vətən və qurtuluş müharibəsinə qərar verən LİDER yaratdı.

Bu günü düşünərək.

Ön cəbhədə tək yumruq, arxa cəbhədə tək ürək modelini qurmaq üçün.

Yaxın tariximizdəki səhvləri, ibrətləri düşünərək.

****

Dünya bizi izləyir. Düşmən bizi izləyir. Dostlar bizi izləyir. Özümüz özümüzü izləyirik!

Bir dənə də çatlaq səs, milli birliyimizdə bir dənə də çat olmamalıdır.

Böyük imtahandayıq. Hər şey yaxşı gedir, çox şükür.

Millət olaraq torpaqlarımız, Qarabağımız uğrunda savaşırıq.

Həm də böyük və möhtəşəm nümunələr ortaya qoyuruq.

****

12 iyuldan – Tovuz döyüşlərindən başlayan milli birliyimiz artıq öz nəticələrini verməyə başlayır.

İllərlə arzu, dua və niyyətlərimizdə olanlar Qarabağda Azərbaycan Ordusuna dönüşüb, irəliləyir!

Torpaqlarımız qarış-qarış işğaldan azad edilir.

Füzulinin, Cəbrayılın, Ağdərənin azad edilməsinə bir addım qalıb! Bircə milli addım!

Başqa torpaqlarımızın da.

Ali baş komandan İlham Əliyev

****

Bu günlərdə Azərbaycanın gənc və başarılı dövlət adamı Hikmət Hacıyevlə görüşdük.

Dövlətin öz torpaqlarını sonuna qədər, hər qarışı ilə geri qaytarmaq əzmində olduğunu bir daha onun dilindən duymaq gözəl idi.
Hər şey yaxşıdır və pozitivdir.

Dövlətin və Vətən müharibəsinin başında dayanan şəxs qətiyyətlidir, milli maraqları hər şeydən üstün tutandır.

Bir zamanlar Qarabağ üçün ABŞ prezidenti Barak Obamaya qarşı dirənmişdi (2009).

İndi Ermənistanın böyük bacısı Fransanın prezidenti Makronun timsalında, cəmi erməni dəstəkçilərinə qarşı dayanır.

Prezident İlham Əliyev üçün milli maraqlar hər şeydən üstündür. Və heç bir güc onu bu milli maraqlardan çəkindirə bilməz!

****

90-cı illərin Azərbaycanından indiki Azərbaycanı fərqləndirən də elə budur.

Güclü dövlətimiz var.

Güclü ordumuz var.

Güclü müttəfiqlərimiz, dostlarımız var.

Həmrəy və döyüşkən xalqımız var.

Güclü və qətiyyətli liderimiz var.

Qarabağ bizimdir, bizim olacaq! Qarabağ Azərbaycandır!

Rauf Arifoğlu
"Yeni Musavat" media qrupunun rəhbəri, əməkdar jurnalist

CIA.AZ

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости