Свобода людям, независимость нациям!

Son illərin ən maraqlı müsahibəsi – Karlson “kənək qoz”a rast gəlmişdi

2619 10.02.2024 08:00 Колумнисты A A

 

Rusiya prezidenti Vladimir Putinlə amerikalı jurnalist Taker Karlsonun müsahibəsini birnəfəsə oxumaq (və ya videoformatını izləmək) mümkün deyil.

Birincisi, ona görə ki, müsahibə həddən artıq genişdir, necə deyərlər, bir kitablıq söhbətdir.

İkincisi, ona görə ki, Putin jurnalistin suallarına cavab verərkən çox detallara varıb, jurnalist onu dayandıraraq, başqa suallara keçməyə çalışsa da, prezident beynində hazırladığı cavabları sona çatdırana qədər danışır və bu, bəzi məqamlarda müsahibəni cansıxıcı edir.

Üçüncüsü, dövlət başçısı müsahibənin əvvəlindən sonra qədər dominant roldadır, dəfələrlə jurnalisti onun fikirlərini təsdiqləməyə, onunla razılaşamağa vadar edir. Jurnalist isə sırf qonaq olduğu, bir az da ranq və status fərqini dildiyi üçün, necə deyərlər, “altdan almağa” məcbur olur, bununla belə, məxməri şəkildə prezidentlə mübahisə aparır. (Taker Karlsonun peşəkarlığı 10 bal üzərindən 10-luqdur).

Ümümilikdə götürsək, bu müsahibə son vaxtlar aparılmış söhbətlərin ən maraqlısı, ən aktualı, ən qalmaqallısıdır və ona görə də oxunma rekordları qırır.

Putinin müsahibənin əvvəlində Rusiya tarixinə dair jurnalistə mühazirə oxuması yersiz və monoton təsir bağışlaya bilər, amma bu giriş Rusiyanın Ukrayna və anti-Qərb siyasətinin ideoloji əsasını təşkil edir.

Putin tarixə varmaqla sübut etməyə çalışır ki, 400-500 il əvvəl Ukrayna dövləti, hətta Ukrayna xalqı olmayıb, oralar tarixən Rusiya ərazisi olub. Ancaq onun bu xüsusdakı monoloqunda bir cümlə var və bütün həqiqətlərin açarı məhz o cümlədədir. Putin deyir: “882-ci ildə Ryurikin varisi knyaz Oleq Kiyevə gəldi. O, bir vaxtlar Ryurikin dəstəsinin üzvü olan iki qardaşı hakimiyyətdən uzaqlaşdırdı və beləliklə, Rusiya iki mərkəzə - Kiyev və Novqoroda sahib olaraq inkişaf etməyə başladı”.

Bəs o hakimiyyətdən uzaqlaşdırılan “iki qardaş” kim idi və onların “hakimiyyətdən uzaqlaşdırılması” çoxmu ədalətli, legitim hərəkət idi? Putin bu barədə susur, heç onların adını da çəkmir. Ukraynalılar isə o iki qardaşı öz dövlətçiliklərin banisi sayırlar. Onların adı Askold və Dir olub.

Tarixi məxəzlərdə oxuyuruq: “882-ci ildə Oleqin ordusu Kiyevə yaxınlaşdı. O vaxt bu şəhər Ryurikin dəstəsindən olan Askold və Dirin hökm sürdüyü yer idi. Oleq hiylə ilə onları şəhərdən çıxardı. Döyüşçülərini gizlədən Oleq (özünü tacir kimi göstərirdi) Askold və Diri sahilə çıxmağa şirnikləndirdi. Onlar tutulanda Oleq körpə İqorun gətirilməsini əmr etdi və dedi: "Ryurikin oğlu budur!" Bundan sonra Askold və Dir öldürüldü”.

Belə anlaşılır ki, Kiyevin ruslaşdırılması xəyanət, hiylə və qətllə baş tutub. Putin isə bu rüsvayçı epizoda istinad edərək, rusların Kiyev üzərində haqları olduğunu iddia edir.

Bu kimi tarixi epizodları qaldırsaq, onda monqollar da deyə bilər ki, vaxtilə, Çingiz xanın dövründə, 1223-cü ildə bizim qoşunlar Kiyevi tutublar, rus knyazlarına qalib gəliblər və o torpaqlar bizim olub.

ssssa.JPG (46 KB)

Həqiqət isə daha dəhşətlidir. Çingizin sərkərdə oğulları Cebe və Sabutay rus knyazlarını doğrudan da hiylə ilə məğlub edib, əsir alıblar, sonra onları taxta lövhələrinn altında uzadıb, üzərində gecədən səhərə qədər kef məclisi təşkil ediblər, məclis bitəndən sonra məlum olub ki, altda qalan knyazlar ölüblər.

İndi monqollar bununla fəxr edə bilərlərmi? Onlar bu əraziləri tutarkən yerli əhalinin başına dəhşətli oyunlar açıblar. Məsələn, monqollar yeniyetmə, gənc, yaşlı kişiləri istisnasız olaraq qılıncdan keçirir, qadınları kütləvi şəkildə döyüşçülərə oaylayır və zorlayırmışlar. Azyaşlı oğlan uşaqlarının boyunu isə yerə sancdıqları qılıncları ilə ölçürmüşlər, qılınc boydan uzun olsa, uşağa dəymirmişlər, boy qılıncı keçsə, qılınc fərqi aradan götürürmüş. Qəddarlığa diqqət edin.

İstənilən müasir dövlətin tarixi belə vəhşiyana epizodlarla, işğallarla, kütləvi qətllərlə doludur. 10-15 imperiya xalqından başqa, bütün xalqların tarixi faciələrdən ibarətdir. Zatən, 100 il öncə dünyada müstəqil dövlətlərin sayı 50 civarında idi, indi 200-dür. Əslində imperiya dövlətləri öz keçmişlərinəə, vaxtilə törətdikləri çoxsaylı antibəşəri cinayətlərə görə xəcalət çəkməlidirlər.

Bu baxımdan hansısa xalqı, müasir dövləti nəzərdə tutaraq “keçmişdə sizin dövlətçiliyiniz olmayıb” demək absurddur. Keçmişdə olmayıb, indi var. Bu xalq keçmişdə zəif olub, haqqını qoruya bilməyib, əsarətə düşüb, bu o demək deyil ki, o hər zaman əsarətdə yaşamalıdır.

Putinin tarixə yönəlik çıxışlarından, öz dövlətinin siyasətini ideolojiləşdirməsindən belə anlaşılır ki, o, Rusiyanın gələcəyini və inkişafını böyük imperiya olmaqda, əsrlər boyu yeritdiyi aqressiv siyasəti davam etdirməkdə görür. Ona görə də o, hər dəfə SSRİ-nin dağılmasından qubar-qəhərlə bəhs edir.

Bununla belə, Rusiyanın dövlət başçısının müsahibəsində Qərb dünyasının ötkəmliyi, təkəbbürlülüyü (Putin bunu bir neçə yerdə “samonadeyannost”, “özgüvən” adlandırır) barədə danışarkən haqlıdır. Bu faktor hər zaman güclü olub və dünyadakı bir xeyli münaqişənin qaynağı məhz ABŞ başda olmaqla Avropanın güclü dövlətlərinin təkəbbürü, həmişə özlərini haqlı saymaları, başqa ölkələri və xalqları onların üstünlüyünü qəbul etməyə zorlamalarıdır.

Özünü Qərbin yeritdiyi neoimperializm siyasətinə qarşı mübariz kimi göstərən Putin bu məsələyə dair çoxlu misallar gətirir, Qərb liderləri ilə görüşlərini, söhbətlərini xatırladır, “onlara dedim ki” ilə başlayan cümlələr qurur, amma “onlar nə dedi” sualına cavab vermir və deyir: “Mən desəm, etik olmaz, özlərindən soruşun”.

Uzun müsahibəni qısaca rezüme etsək, deyə bilərik ki, Putinin dediklərindən belə çıxır: planet boyunca dünya ağalığı uğrunda mübarizə gedir. ABŞ və onun müttəfiqləri dünyada söz sahibi olmaq, hər şeyə nəzarət etmək, hamıdan yararlanmaq istəyirlər, Rusiya isə onun işarələdiyi areallara, öz ovlağına, postsovet məkanına, keçmiş sosialist ölkələri düşərgəsinə kiminsə daxil olmasını istəmir. Dava bunun üstündədir.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости