Свобода людям, независимость нациям!

Solovyovların dəliliyi – Şüşəli evdə oturub başqasına daş atmazlar!  

4064 02.05.2022 16:55 Колумнисты A A

Psixoterapevtlərin yaxşı bir tövsiyəsi var: intihar haqda hətta zarafatyana belə danışmaq, düşünmək olmaz. Bu yaxşı hal sayılmır. O səbəbə ki, bir şəxs belə şeyi vaxtaşırı dilə gətirməklə (“özümü belə edəcəyəm”-filan...) əslində, o, öz alt-şüuruna bunu yerləşdirir və günün birində həqiqətən intihar edir.

Gəldik mətləbə.

Son günlər Rusiya TV-lərində “düşmən ölkələrə” nüvə zərbəsi endirməyin vacibliyi (?!) aktiv şəkildə təbliğ olunur. Rusiyanı faktiki “intihara” hazırlayan avantürist tele-jurnalistlər, həmçinin, ölkə siyasi elitasının onlardan geri qalmayan bəzi təxribatçı simaları atom silahından o qədər rahat bəhs edirlər ki, sanki “qırmızı düyməyə” basılandan cəmi 10-15 dəqiqə sonra yer üzündən silinəcək ölkə onlarınkı yox, mifik “X” ölkəsi olacaq.

Sövq-təbii sual yaranır: yəni, doğrudanmı bunların ağlı qaçıb? Yoxsa Rusiya KİV-də rasional düşünən jurnalist artıq qalmayıb? Deyəsən gerçəkdən də Rusiyanı ağılla, məntiqlə anlamaq mümkünsüz imiş. Axı şüşəli evdə oturub başqasına daş atmaq olmaz!..

Bu günlər solovyovlar, kiselyovlar tərəfindən xüsusən də Böyük Britaniya isterik şəkildə hədəf alınır. Belə təbliğat isə şübhəsiz, özfəaliyyət ola bilməz. Rusiya kimi totalitar dövlətdə bu qəbildən hədələr yalnız ən yüksək səviyyədə verilmiş təlimat, “dobro” əsasında mümkündür. Necə ki, az öncə XİN başçısı Sergey Lavrov ərəb mediasına müsahibəsində məsuliyyətsizcəsinə nüvə müharibəsi ehtimalının xeyli artdığını iddia eləməklə növbəti dəfə dünyada şok yaratmış, özünü və ölkəsini diqqət mərkəzinə gətirmişdi.

Aydındır ki, bütün bunlar hər şeydən öncə Ukraynada Kremlin işlərinin yaxşı getmədiyinə dəlalət edir. Odur ki, hərbi uğursuzluğu bu yolla “maskalamağa” və ictimai rəyi “gümrah saxlamağa” çalışırlar. Lakin bu, çox primitiv, eyni zamanda, qorxulu texnologiyadır. Çünki nüvə başlıqları nə qədər sayda olur-olsun, Rusiyanın üstünlüyü sayılmır. Çoxdan sayılmır. Zira, həmin kütləvi qırğın silahından onun düşmənlərində də var. Özü də artıqlaması ilə.

O səbəbə solovyovlar gərək psixoterapevtlərin intiharla bağlı yuxarıdakı tövsiyəsini unutmasınlar. Ümumiyyətlə, arada özləri də onlara baş çəksə, yaxşı olar...

Bəs nədən Kremlin təbliğat maşını kütləvi qırğın silahı ilə az qala hər gün uşaq oyuncağı kimi davranır? Bir səbəbini yazdıq – Ukrayna bataqlığının şimal qonşumuzun rəhbərliyində yaratdığı diskomfort, əsəbi ovqat.

İkinci səbəb Rusiyanın olan-qalan fövqəldövlət imicinin sürətlə xərclənməsi, “dünyanın ikinci ordusu”na malik ölkənin tədricən, labüd olaraq “üçüncü dövlətlər” sırasına yuvarlanması ilə bağlıdır. Görünən budur ki, Moskva isteblişmenti üzləşdiyi bu gözlənilməz və acı taleni “həzm edə” bilmir. Yaxud çox ağrılı “həzm edir”.

Ancaq bu onun problemidir. Zibili özləri qaynadıb, özləri də təmizləməyə borcludurlar...

“Ukraynaya hücum siyasətçilərin məntiqsiz hərəkətləri və dəli kimi davranmaları səbəbindən baş verdi. Dəlini isə təcrid etmək lazımdır”.

Bu sözlər Çexiya Prezidenti Miloş Zemana məxsusdur. Ad çəkməsə də o, əlbəttə ki, ən əvvəl Putini nəzərdə tutur.

Zemana görə, Rusiya prezidenti ölkəsinin hər şeyə qadir olması və ordusunun “dünyanın ikinci ən güclü ordusu” olması illüziyasına qapılması indiki faciəvi vəziyyətə gətirib. Çex lider əmindir ki, Ukraynaya hücum Rusiyanı iqtisadi, siyasi və reputasiya baxımından məhv edəcək. “Etiraf edim ki, rusların tamamilə irrasional, gözlənilməz, daha aqressiv və düşündüyümdən daha az avropalı olduqları ortaya çıxdı”.

Bunu da Cexiya Prezidenti söyləyib. Dəqiq qiymətləndirmədir.

Təəssüf ki, bəşəriyyət daim belə impulsiv, 5 metrə qabağı görə bilməyən hikkəli siyasətçilərin ağılsız iddialarının və hoqqalarının altını çəkib. Bəs onları necə təcrid eləməli? Necə eləməli ki, belələrinin psixoloji problemi vaxtında aşkarlansın və hakimiyyətə yolları həmişəlik qapadılsın? Buna qarşı effektli peyvənd necə, mümkünmü?

Əsas sual da elə budur...

4bc0ddb3a14dfc887a554cd80ab67d05.jpg (31 KB)

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости