Свобода людям, независимость нациям!

Siyasi nigarançılıq

1554 25.11.2022 10:20 Колумнисты A A

Mirzə Cəlilin “Nigarançılıq” adlı kiçik, lakin olduqca qiymətli bir hekayəsi var. Hekayədə naxçıvanlı, təbrizli, gəncəli, şirvanlı azərbaycanlıların Tiflisdə, bir mehmanxanada təsadüfən simsar olması, söhbətləşməsi təsvir edilir. Mirzə qəsdən hər regiondan adam seçib, çünki oradakı söhbət bizim ümumi diskussiyalarımızın, necə deyərlər, milli diskursumuzun açarıdır.

Bu beş-altı soydaşımız orada nədən danışırlar? Filan vaxt bəyimiz səfərə çıxmışdı, yolda qəza olmuşdu, elə bildim qəzaya düşən bizim bəydir, çox nigaran qaldım. Kəndçimiz Qasımın uşağı azarlamışdı, şükür, axırda sağaldı. Uzun sözün qısası, sizin it gəldi, bizim örkəni apardı tipində boş-boş, mənasız, məzmunsuz söhbətlər. Hər kəs də danışdıqca axırda “Nigarançılıq çox pis şeydir” deyir. Ancaq belə məlum olur nigarançılıq üçün ciddi səbəb-zad yox imiş.

Eyni zamanda bu müsəlmanların toplaşması çar polisində həyəcan, təşviş, nigarançılıq yaradır, bir çuğul qıraqdan pusur ki, görüm bunlar nə danışırlar, bəlkə siyasətə qoşulublar, milli müzakirə aparırlar, lakin dili bilmədiyi üçün heç zad qanmır. Və axırda polis nigaran qalır.

Son zamanlar bizim hökumət siyasi partiyalar haqda təzə qanun qayırmaq fikrinə düşübdür və yaranmış situasiya mənə eynilə Mirzənin o hekayəsini xatırladır. Müxalifət bir ucdan bəyan edir ki, təzə qanun siyasi mühiti boğacaq, partiya-zad işləri tamam ləğv olunacaq. Guya bizdə nəsə siyasi mübarizə qalırmış. Burada məni düşündürən hökumətin nigarançılığıdır. Elə zənn edirlər biz bir yerə yığışanda, siyasi partiya quranda nəsə böyük bir iş görəcəyik.

Üstəlik, bizdə YAP var, onun 30 illiyini qeyd elədik, başqa partiya nəyimizə lazımdır? Milləti parçalamaq olmaz. Hamı mənəm-mənəmlik edir, yüz dənə partiya qurmaq istəyən var. AXC-Müsavatın dövründə bu sahədə tam dərəbəylik idi, hətta Sumqayıt maşın bazarının müdiri də özünə partiya yaratmışdı. Bir partiya bizə xirtdəyəcən bəsdir. Partiya çox olanda millətin beli qırılır. Hər sədrin cangüdəni, katibəsi, nə bilim, müşaviri, müşavirin müşaviri... Bunları saxlamaq hamısı xərcdir e.

Ağsaqqallarımız yaxşı xatırlayar, sovetin vaxtında bizdə cəmi 1 dənə partiya var idi, hamı da ona üzv olurdu. Xeyir-bərəkət onda getdi. Allah Qorbaçovun yerini cəhənnəm eləsin, gül kimi hökuməti dağıtdı, il boyu Kislovodskidə dincəlirdik, indi Lahıca getməyə pul yoxdu. Sosiskanın bir porsiyası 1 manat idi. Üstündə acika götürəndə 1 manat 20 qəpik eləyirdi. Ən yaxşısı Stalinin vaxtında olub. Düzdür, mən onu canlı görməmişəm, ancaq ağsaqqallar danışırdılar ki, 1930-cu illərdə Qarabağda kolxoz qurulanda bəzi kəndlərin camaatı mızıldanıb, kolxoza girmək istəməyib. Mir Cəfər Bağırov şəxsən gəlib, kəndliləri düzüb, hər on nəfərdən birinin təpəsinə güllə çaxandan sonra camaat qaça-qaça gedib girib kolxoza.

Yoxsa indiki düşük, bambılı söhbətlər... Görürsən biri türmədən çıxır, Haqq Ədalət Partiyası qayırır. Halbuki azadlıqda olanda camaatın qanını içirdi, ətindən xəstəxananın həyətində kabab çəkirdi. Bir ayrısının partiyasının adı Cəbhədir, lakin yanında şar partlayanda altını batırır, ta bunun nəyi cəbhə oldu? Üçüncüsü sosial rifahdan dəm vurur, ömründə xalqa bir pors sosiska da almayıb.

Uzun sözün qısası, mən belə oyunbazlığın əleyhinəyəm. Bir partiya olsun, hökumətimiz də nigaran qalmasın. Bizim qabaqda çoxlu geopolitik planlarımız var.

 

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости