Свобода людям, независимость нациям!

Siyasətin Pepesi, futbolun Baydeni

1637 08.07.2024 09:01 Колумнисты A A

Biz 7-8 yaşlı uşaqlar olanda 35-40 yaşlı kişilər gözümüzə ağsaqqal kimi görünürdü. Tək biz deyildik, gənclər də onlara elə baxırdı. Adamları ağsaqqal kimi elçiliyə aparırdılar.

Vaxt gəldi, özümüz o yaşa çatanda, dedik, nə ağsaqqallıq, nə ahıllıq, həyat indi-indi başlayır. Yəqin biz də 7-8 yaşlı uşaqların gözünə elə görünürdük, amma əsas məsələ 35-40 yaşda olanda adamın özünü necə hiss etməsi idi.

Ataların 40 yaşlı adamlara dair müdrik kəlamlarından biri də beləydi ki, qırxında öyrənən gorunda çalar (şübhəsiz ki, söhbət musiqi alətində ifa etməkdən gedirdi, dəryaz və ya balta çalmaqdan yox). Bu məsəl irad olunanda yəqin ki, insanların, xüsusilə də kişilərin ömrü gödək olub, 40 yaşı keçərək, ilk ciddi xəstəliklərində dünya ilə vidalaşırmışlar.

Amma indi 39 yaşlı Ronaldo ilə 41 yaşlı Pepenin hələ də futbol oynadığını görəndə adam əmin olur ki, həm insanın orta ömrü uzanıb, həm də artıq uzun müddət gənc qalmaq olur. Ronaldo köynəyini çıxaranda ondan 10 yaş balaca olan on milyonlarla yekəqarın kişinin fikrindən belə bir ifadə keçir: “Əclaf nə yeyir-içir ki, belə qalıb”. Halbuki adam təkcə yemək-içməyinə fikir verdiyi üçün elə qalmır, həm də intensiv məşq edir, restorana gedəndə ofisiantı çağırıb demir ki, qaqa, ordan adama iki lülə, iki tikə qoy, axırda hərəyə bir içalat kababı da gətirərsən, bir də kartof külləməsi.

Keçmiş kişilərin biri işi də vardı ki, yaşları 30-u keçəndə başlarına mütləq papaq qoyardılar və çoxu yayda pencək geyərdi – nazik yay pencəyi. Qayda beləydi. Kişi ilə gəncin geyimi fərqli olmalıydı. Ancaq o ənənə aşınmaya, bəlkə də korroziyaya uğrayıb. Məsələn, dünən 20-ci sahədə əyininə qırmızı qısaqol köynək, ayaığına ağ rəngli idman ayaqqabısı geyinən 70+ yaşlı ağsaqqal görmüşəm. Allah tərəfi, bu libası ağsaqqala yaraşırdı. Hiss olunurdu ki, özünü bu cür daha rahat hiss edir. Saçını da rəngləsə, 55 yaşdan artıq vermək olmazdı. İntəhası, ağsaqqalın başında rəngləmək üçün elə də çox material yox idi. Müvafiq təşəbbüs təkər qaraltmaq kimi bir şey olardı.

Bir məişətdə deyil, hətta siyasi arenada da uzunömürlülük erası başlayıb.

Yazıq Brejnev 75 yaşa güclə çatdı, onun da son illərini tamam əldən düşmüşdü, qoltuğuna girib yeridirdilər. Brejnevin sələfi Andropov isə heç 70-i düz-əməlli tamamlaya bilmədi. Onlardan sonra gələn Qorbaçov uzunömürlü oldu, 90-ı aşırdı. Ancaq o, vəzifədə çox qalmadı, ona görə də onun bioloji uzunömürlülüyü ilə siyasi uzunömürlülüyü mütənasib olmadı.

Bax, indi ABŞ-da 80 yaşlı Bayden yaxın ətrafı ilə söhbətində deyir ki, mənim perspektivim var. Yaxın ətrafın da üzündən üz gəlmir, deyə bilmir ki, ağsaqqal, səksən yaş zarafat deyil. (Yeri gəlmişkən, bu ölkədə səksən fazidən çox insan 80-ə “həştad” deyir).

Ən pisi odur ki, Baydenə “ağlı zəifləmiş qoca” deyən Tramın da yaşı səksənə dirənib. Amma hələ qıvraqdır, ağlı da yerindədir, adı qadınlarla hallanır deyə, gizli şəkildə qürur da duyur. Siyasətin Pepesidir Tramp, dizi yerə gələnə qədər oynayacaq. Ronaldo da futbolun Baydenidir, dizi yerə gəlib, amma hələ oynamaq istəyir.

İndi ABŞ-də hakimiyyətdə olan demokratlar hiss edirlər ki, Bayden seçki marafonunda Trampa uduzacaq, ona görə də ağsaqqala deyirlər, yarışdan çəkil, yerinə bir gənc siyasətçi namizəd olsun, onu “poh-pohlayaraq” prezident edək. Ömrünün 9-cu onilliyini xırdalamağa hazırlaşan Bayden deyir, yox, məni bu yarışdan Allah kənarlaşdıra bilər. Prinsipcə, düz deyir. Amerikada belə ənənə var ki, vəzifədə olan prezident özü namizədlikdən geri durmasa, onun qabağına keçərək, “partiyanın namizəd mən olacam” demək qanacasızlıq sayılır.

Bunun adına qocalıq marazmı da deyirlər. Yadıma düşür ki, bizim kənddə də yaşı 80-i keçmiş müharibə və əmək veteranları təqaüdə göndəriləndə ortalıq qarışmışdı. Ağsaqqallar Kremlə yazırdılar ki, vətən uğrunda can qoymuşuq. Aralarında finlərə, almanlara, yaponlara qarşı döyüşənlər vardı. Axırda onlara belə bir cavab gəldi ki, vətən uğrunda can qoymusunuz, çox sağ olun, daha işləməyin, təqaüdünüzü alın, dincəlin. Cavan-cavan oğlanlar da institutu qurtarıb gəlmişdilər, işsiz-gücsüz qalmışdılar ortalıqda.

Uzun sözün kəsəsi, gərək Ronaldo və Pepe futboldan, Bayden və Tramp da siyasətdən getsin ki, görək yerlərinə gələn gənclər nə edir. Ağsaqqalların dördü də dünya ictimaiyyətini bezdirib.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости