Свобода людям, независимость нациям!

Sinyor ötürmə verdi, bəylər qol vurdu...

2583 22.11.2023 10:11 Колумнисты A A

 

Hər kəsə məlum olduğu kimi, bir neçə gün öncə Azərbaycanın futbol üzrə milli komandasının italiyalı baş məşqçisi Canni de Byazi yetirmələrinin Belçika millisinə 5:0 hesabı ilə məğlub olmasından sonra keçrilən mətbuat konfransında başından böyük qələtlər etmiş, Azərbaycanın idman jurnalistlərini “axmaq” adlandıraraq təhqir etmişdi.

Yeri gəlmişkən, təkcə bu hərəkətinə və 28 il öncə Azərbaycanın Fransa milli komandasına 10:0 hesabı ilə uduzmasını bizə baş töhməti, qaxıncı etdiyinə görə bu adam ölkəmizdən it kimi qovulmalı olduğu halda, hələ də onun barəsində müvafiq qərar yoxdur. AFFA rəhbərliyinin nəyi gözlədiyi, niyə tərəddüd etdiyi, bu tərbiyəsiz adamın nazıyla niyə oynadığı məlum deyil.

De Byazi Azərbaycan jurnalistlərini təhqir edərkən ona haqlı olaraq tənqidi suallar ünvanlayan idman jurnalistlərini nəzərdə tutub. Çünki onun muhattabı onlardır, işiylə bağlı yalnız onlarla ünsiyyətdə olur. Ancaq fərq etməz, idman jurnalistikası da Azərbaycan mediasının tərkib hissəsidir, ona ünvanlanan təhqir də bütün mediamıza aiddir.

Məsələ bu da deyil. De Byazi səsləndirdiyi bir təhqiramiz ifadəyə görə yüzlərlə daha betər həqarət dolu ofadəyə qonaq edilib və üzündə abır-həya olsa, daha bu ölkəyə gəlməzdi.

Ancaq bu ağzıbaşına adamın Azərbaycan jurnalistlərinə ünvanladığı həmin fikirlər bəzilərinin əlinə bütövlükdə Azərbaycan jurnalistlərini təhqir etmək, aşağılamaq üçün bəhanə verib. Sırasında bəzi həmkarlarımız da olmaqla, bir sıra ictimai-siyasi fəallar yazırlar: “De Byazi haqlıdır”; “Görünür, o, Azərbaycan jurnalistlərini yaxşı tanıyır” və s.

Belə mövqe olarmı? De Byazinin yol verdiyi qəbahət heç cür haqq qazandırlası bir şey deyil. Adam haqsızdır. Necə olmalı idi? Azərbaycanlı jurnalistlər 5:0 məğlubiyyətindən, hələ ikinci hissədə hesabın 10:0-ı keçəcəyinin qorxusunun stressi ilə 45 dəqiqə boyunca ölüb-diriləndən sonra brifinqdə de Byaziyə difiramba oxumalıydılar, “əhsən, komandanı gözəl taktika ilə oynatdınız, sadəcə, bəxtiniz gətirmədi” deməliydilər?

Dünyanın hansı ölkəsidir ki, komanda biabırçılıqla məğlub olur və baş məşqçiyə bir söz deyən olmur? Tam əksəri heç söz deyilməsini gözləmir, dərhal istefa verir. Amma bizə gələndə de Byazi də üzünə verir, onu o vəzifədə saxlayanlar da.

Milli komanda klub komandası deyil, adı üstündə milli komandadır, oyunlarını milli bayrağın altında oynayır, udanda-uduzanda “de Byazinin komandası uddu, uduzdu” demirlər, “Azərbaycan qalib gəldi”, “Azərbaycan məğlub oldu” deyirlər. “Belçika Azərbaycanı darmadağın etdi” deyiləndə isə istənilən vətənpərvər adamın heysiyyatına toxunur.

Hər dəfə ələ düşən ilk fürsətdə jurnalistlərin üzərinə hücum edilməsi isə artıq bütün əndazələri aşmaqdadır. 15-20 ildir bu tendensiya səngimir. Sanki ölkənin bütün problemlərinin bir nömrəli səbəbkarı jurnalistlərdir, hər şeyə cavabdeh bunlardır. Ölkədə nəsə bir problem, neqativ hal, çatışmazlıq varsa, hamı onların həllini jurnalistlərdən gözləyir: yazmalıdırlar, işılandırmalıdırlar, ictimailəşdirməlidirlər, ifşa etməlidirlər, məsələ qaldırmalıdırlar, haqq-hesab tələb etməlidirlər və s.

İnsanlara elə gəlir ki, jurnalistika icraedici, qanunverici və məhkəmə hakimiyyəti üzərindəki üstqurumdur, onların fövqündədir və hamısına necəsə hökm edə bilir. Uzun illərin təcrübəsi 1 milyon dəfə sübut edib ki, elə deyil. Bu ölkədə jurnalistika heç 4-cü hakimiyyət də deyil. Düzdür, bəzi məqamlarda effektiv ola bilir, başqa vaxtlarda isə ha yazsınlar, pozsunlar, baxan olmadısa, olmur.

Fəqət sovet dönəmində jurnalistikanın üzərinə yüklənmiş funksiyanı hələ də yanlış anlayanlar var. Jurnalistikaya Lenin yanaşması davam edir. Bir çox siyasi qüvvələr hələ də düşünürlər ki, onların hakimiyyətə gəlməsi, kütlənin sevimlisi olması, siyasi rəqiblərinin ifşa olunaraq darmadağın edilməsi jurnalistlərdən asılıdır.

Ona görə də onların jurnalistlərdən umacaqları tükənmir. De Byazi kimi axmaqlar da bir söz deyib bəhanə verəndən sonra belələri bütün hirs-hikkələrini jurnalistlərə ünvanlayırlar.

Deyəsən, bu tendensiya hələ 100 il də davam edəcək.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости