Свобода людям, независимость нациям!

Silos quyusuna boşaldılan qarğıdalıya döndərilən güllər...

1860 03.06.2024 11:45 Колумнисты A A

Anadolulu qardaşlar belə yerdə deyirlər, dünyanın çivisi çıxıb. Çivi, yəni mismarı, mıxı. Qarabağ türkləri çivi demirlər, çiv deyirlər, taxta çəlləklərdə krant əvəzi işlədirlər, çəlləyin çivini çıxarırlar, su fışqırır, yerinə pərçim edirlər, su kəsilir.

Amma söhbət bu deyil, elə bir gün olmaz ki, qulaq yeni bir pəstəha haqqında xəbər eşitməsin, göz nəsə bir yeni hoqqa görməsin. Ölkə və dünya pəstəha və hoqqa çıxaranlarla qaynaşır. (Yeri getməmişkən, deyim ki, “hoqqa vermək” ifadəsi yanlışdır, “hoqqa” “fokus” deməkdir, onu vermək olmur, çıxarmaq, göstərmək olur).

Bu gün səhər-səhər gördüyüm hoqqalardan bir neçəsinə dair ixtilatım var. Biri odur ki, nə sənət yiyəsi olduğu, haradan, necə maliyyələşdiyi bilinməyən, yalan olmasın, Matkl Cekson qədər fanat ordusu olan həmvətənimiz Həsən Hüseynov, ya da Hüseyn Həsənov bu günlərdə bir “KamAZ” gülü gətirib, mərhum müğənni Kayahan kimi, “bu güllər sənin üçün” deyə bir sarışın qızın dizdən iki qarış yuxarısı açıq ayaqlarının altına boşaldıb və bunu videoya çəkdirərək İnternet resurslarında paylaşıb.

kmaz.JPG (25 KB)

Əvvəlcə güllər piştaxtadaymış kimi səliqəli şəkildə durmuşdu, elə ki, özüboşaldan yük maşını kuzasını göyə qovzadı, eşq-məhbbət rəmzi olan al çiçəklər çox qeyri-estetik şəkildə yuvarlınıb, sürüşüb asfalta töküldü. Axırıncı dəfə mən belə mənzərəni kəndimizdə kombaynların qarğıdalıları biçib “QAZ-53” markalı özüboşaldan maşına yüklədiyi, onların da gətirib onu silos quyusuna boşaltdığı vaxt görmüşəm. Birəbir eyni mənzərəydi. Adam da güllərlə silos məmulatı kimi davranarmı?

İndi bu nə deməkdir? Adamın sevgisi silos kimi qıcqırır, nədi? Düzdür, postsovet məkanında “milyon-milyon qızılgül” kultu var və kult qurulu evini satıb sevgilisi üçün filan qədər qızılgül alan başıxarab rəssamdan bəhs edən mahnıdan sonra yaranıb, amma indiyədək heç kəs o aşiq rəssamın rekordunu qırmayıb, onun yoluyla getməyib. (Əslində sovet vaxtı 5-6 min rubla gedəsi evi sataraq uzağı, biri 1 rubldan 5-6 min qızılgül almaq olardı, o “milyon qızılgül” söhbəti haradan çıxıb, bəlli deyil).

Nəhayət, rəssamın presedentini həmvətənimiz təkrarlayaraq adını postsovet məkanına duyurdu. İndi o videonu görənlər deyirlər, bu azərbaycanlılar harınlayıb, bunların qazını almaq lazımdır.

Vallahi və billahi, belə süni riqqət doğuran, sırf şou məqsədi daşıyan hərəkətlərə ehtiyac yoxdur. Sən belə jestlər edən oğlansansa, bunu elə et ki, bir o qız bilsin, bir də özün. Yox, sən bir “KamAZ” gülü videakameralar qarşısında asfalta boşaldırsansa, bunu o qızı üçün etmirsən, videokamera üçün, şöhrət üçün edirsən.

reqqase.JPG (13 KB)

İkinci bir hoqqa isə bəyi toy zalına bir yarıçılpaq rəqqasənin gətirib gəlinə təhvil verməsini göstərən videodur. Bu, efirdə yenə trenddir. İndiyədək heç bir ailənin bünövrəsini rəqqasə qurmamışdı. Bir ilk oldu. Əvvəllər bu işi başı kələğayılı ağbirçəklər edərdi, indi bütün orqanizminin bir kəlağıyılıq libasla örtən sarıbirçək rəqqasə edir. Tərəqqidirmi, deqradasiyadırmı, bilinmir. Yenə sonrasını izləmək imkanı olsaydı, o yeni qurulan ailənin nə qədər davam etdiyini bilər, bir qərara gələrdik.

66543.JPG (77 KB)

Müğənni Hadisənin ağ tumuşla qırmızı bayraq yelləyərək zəfər marşı oxuması isə yeni hoqqa deyil. Sənətçimiz illərdir belə pəstəhalar çıxara-çıxara gəlir, ağ göstərib, sol vurur. Yaxşı ki, ağlı kəsib, qırmızı tumuş geyməyib, yoxsa ağ olardı, elə çıxardı ki, Hadisə Açıqgöz qrmızı bayrağa sataşır. Yeri gəlmişkən, müğənni xanımın geyimlərinə baxanda adam onun soyadındakı hərflərin bir qədər təhrif olunduğundan şübhələnir.

Xüləs, şöhrət, pul qazanmaq üçün insanlar daha nələr edir, nələr. Tormoz söhbəti yoxdur. Kimin ağlına nə gəlir, edir və ən pisi odur ki, tutuzdurur, 1-2 günün içində adamlar belə hərəkətlərlə elə bir şöhrət qazanırlar ki, Rəşid Behbudov onu 30 ilə qazanmışdı – özü də Hindistandan Finlandiyaya qədər 97 ölkədə 1234 dəfə konsert verə-verə.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости