Свобода людям, независимость нациям!

Şikayət dalınca məktəbə gedən jurnalisin girov götürülməsi...

2873 13.04.2023 10:01 Колумнисты A A

 

Təxminən 25 ilin söhbətidir, bir gün redaksiyamızın telefonu səsləndi. Həzi Aslanov qəsəbəsində yaşadığını deyən bir qadın kövrək səslə şikayət edərək dedi ki, 8 Martla əlaqədar məktəbdə pul yığmışdılar, vermişdik, indi də sinif rəhbəri olan müəllimənin ad günüdür, uşaqları məcbur edirlər ki, müəlliməyə qızıl boyunbağı alsınlar, bizim də pulumuz yoxdur, pul verməyən uşağı pisikdirirlər.

Qadın öz ad-soyadını, yaşadığı ünvanı, məktəbin nömrəsini, direktorun, sinif rəhbəri olan müəllimənin kimliyini də dedi. İnformasiyanın səhihliyinə şübhə yeri qalmadığı üçün xırda bir şikayət yazısı yazdıq. “Yazdıq” deyəndə özüm yazdım.

Üstündən çox vaxt keçdiyi üçün müəllimənin və direktorun adı yadımda deyil. Amma yazının qəzetdə çıxmasından sonra baş verən hadisələr anbaan yadımdadır.

Ertəsi gün həmin məktəbin direktoru və 5-6 qadın müəllimə gəldi, bir-birinə aman vermədən çığırışdılar, “böhtan” yazan “muxbir”i israrla məktəbə, valideynlərlə görüşə dəvət etdilər. Onları ertəsi gün məktəbə jurnalist göndərəcəyimizə inandırıb, yola saldıq.

Kimi göndərəcəkdik? Özüm gedəsi oldum.

Məktəbin həyətinə daxil olanda anladım ki, nahaq gəlmişəm, qanqaraçılıq olacaq. Həmin gün məktəbdə tədris dayandırılmışdı, bütün şagirdlər həyətdə idi, müəllimələr, xadimələr, valideynlər bir cərgədə durmuşdu. Sanasan, mitinq başlayacaqdı. “Nəsimi” filmində qolu bağlanmış şairi insan cərgəsinin arasıyla necə aparırlarsa, məni direktorun otağına elə apardılar. Kabinetdə çoxlu qadın müəllimə vardı, hamısı çığırışırdı. Yaxşı ki, yazını başqa adamın yazdığını demişdim, yoxsa əynimdəki paltarları “Parfümer” filmindəki Jan Qrenuyun əlbisəsi kimi cırıq-cırıq edəcəkdilər. Atmosfer tam olaraq eləydi.

Birtəhər müəllimləri sakitləşdirdim və dedim ki, yaxşı, indi siz məktəbdə müəllimənin ad gününə qızıl boyunbağı alınması üçün pul yığıldığını təkzib edirsiniz, mən də onu yazıram, söhbət bitir. Dedilər, elə şey yoxdur, əsas məsələ bu deyil. Məni valideynlərin toplaşdığı otağa apardılar və mən otağa girən kimi qapını bağladılar, bir canataraq xala da qapıda durdu. Geriyə yol qapandı. Özümü girov götürülmüş kimi hiss etdim və vəziyyət gerçəkdən eləydi.

Valideynlər də səs-səsə verib qışqırışımağa başladılar. Xor deyildi, xor olsa, bir şey anlamaq olardı, polifonik bağırışmaydı. Axırda birtəhər anladım ki, əslində, nə valideynlər, nə də sinif rəhbəri olan 30+ yaşlı müəllimə qızıl boyunbağı üçün pul yığılması söhbətini təkzib etmirlər, deyirlər, bu, olan şeydir, pul könüllü yığılıb. Dedim, yaxşı, məndən nə istəyirsiniz. Dedilər, sən bizə bizdən şikayət edənin adını deməlisən.

Bu yerdə ilişdim. Heç demə, məni məktəbə buna görə çağırıblar: “məktəbin adını batıran satqın, xain” tapılmalıymış. Anladım ki, şikayət edən xanımın adını desəm, yazığı sözün birbaşa mənasında linç edəcəklər. Dedim, yox, deyə bilmərəm. Qışqırışma yenidən başladı. Müəllimələrin də, valideynlərin də üzü çöndü, bir-iki addım qabağa gəldilər. Biri üstümə yazı lövhəsini silmək üçün düzəldilən balaca yastıq atmaq fikrindəydi, hazır durmuşdu. Linç qaçılmaz idi, ən azı cırmaqlayacaqdılar. Qapıda duran cantaraq xala ötkəm halda dedi: “Deyəcəksən”. Uydurası oldum: “Zəng edənin adı Solmaz idi”. Valideynlər baxışdılar: “Bizdə o adda valideyn yoxdur”. Dedim: “Ola bilər, adını qəsdən yanlış deyib, amma ünvanını bilirəm”.

Gerçəkdən də zəng edən xanım mənə yaşadığı küçənin adını demişdi, təxminən oxşar adlı (deyəsən, Dairəvi) 4-5 küçədən biriydi, amma onu ələ vermək, çığnatmaq fikrim yox idi, düşünürdüm ki, çətini girovluqdan xilas olmaqdır, otaqdan çıxandan sonra kimdir bunlara ünvan göstərən.

Müəllimələr və valideynlər dərhal bu “qarmağa ilişdilər”, dedilər, gedək göstər. Sinif rəhbəri müəllimə və 4 valideynin müşayiətilə məktəbdən çıxdıq. Yadıma “Nə şirin sözdür - azadlıq” filmi düşdü. Rahat nəfəs aldım. Məktəbdən 3-4 yüz metr uzaqlaşandan sonra üzümü bozardaraq dedim, xanımlar, mən heç bir ünvan-zad bilmirəm, şikayətçinin də adını sizə deməyəcəm, bugünkü hadisəyə, məni sinif otağında girov saxladığınıza görə polisdə cavab verəcəksiniz. Düzü, polis adı gələndə valideynlər qorxdular, müəllimə isə bir az dirəşdi: “Ə, yox e, deməlisən, fiso”. Dedim, müstəntiq ifadənizi alanda, orda deyəcəm. Onlar dayandılar, mən də avtobus dayanacağına tərəf getdim, dalımca baxa-baxa qaldılar.

Redaksiyaya çatandan sonra məktəbin direktoruna, Alparuz kimi “aldadıb ər tutan” məxluqa zəng vurdum, adamı tulasifət elədim, ertəsi gün bu mövzuda yazı yazdım, ta heç bir reaksiya olmadı.

Ancaq ondan sonra bir daha məktəbdən gələn şikayətlərə dair yazı yazmadım. Hər dəfə əməkdaşlardan biri yazanda və ertəsi gün redaksiyaya 10-15 hiddətli müəllimə gəlib qışqırışanda əmin olurdum ki, bunlarla, bu sistemlə fələk də bacarmaz.

Ona görə də, əziz oxucular, 3 saylı uşaq evində baş verənlərə dözümlü yanaşın. Dünyada o cür müəllimələrin öhdəsindən gələ biləcək qüvvə yoxdur. Keçmişdə olub – Stalinin, Hitlerin vaxtında. Amma indi yoxdur.

Onlarla hər hansı bir münaqişəyə girsəniz, gününüzü görərsiniz. Görməyən bilməz.

Bax, gördünüz, 3 saylı məktəbin direktoru uşağı dəlixanaya saldırdı, buna etiraz edən, həqiqəti deyən baş həkim təqaüdə göndərildi, sonra guya barışıq oldu, amma yenə yeniyetmənin şikayəti havada qaldı, ona dəyən olmadı, indi də video çəkən, yeniyetmənin şikayətini ictimailəşdirən tərbiyəçini işdən çıxardıb. Sabah bu şikayətin dalınca məktəbə gedən jurnalisti gərək ehtiyatlı olsun.

Güclü qadındır Məhbubə Hüseynova. Beləsi siyasi arenada olmalıdır. İstanbul və Anadolu türkləri belə qadın görəndə deyirlər: “Partiya qur, səs verək, abla”. İnandırım sizi, o, bu ambisiya və hikkə ilə Türkiyədə olsa, indi Tansu Çilləri, Meral Akşeneri kölgədə qoymuş olardı. Qoy hökumət bu qadını irəli, daha böyük vəzifələrə çəksin. Məsələn, onu baş nazirin müavini təyin etsələr, təhsil naziri qoysalar, tapşırılan işin öhdəsindən layiqincə gələr.

P.S. Heyf. Saat 11 radələrində gələn xəbərə görə, Məhbubə xanımı işdən azad ediblər...

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости