Свобода людям, независимость нациям!

Sifarişlə yazılan əsərlərin qısa ömrü və Spilberq etalonu

2261 15.04.2022 09:55 Колумнисты A A

Biz, ötən əsrin 70-ci illərinin uşaqları müharibəyə dair yazılmış əsərləri oxuya-oxuya, “davalı” filmlərə baxa-baxa böyüyürdük. Oyunlarımızın da çoxu silahla, döyüşlə bağlı olurdu.

Müharibədən 30 il keçmişdi, ancaq sovet xalqının müharibə travması sağalmaq bilmirdi. Sovet ədibləri hələ də sovet-alman müharibəsinə dair roman və povestlər yazırdılar, rejissorlar hər il müharibəyə dair yeni-yeni filmlər çəkirdilər.

Bu əsərlər bir xeyli dərəcədə təbliğati xarakter daşıyırdı. Yuxarı dairələrdə düşüncə beləydi ki, sovet gəncləri hərbi-vətənpərvərlik ruhunda böyüməlidirlər, hər an imperialist dövlətlərlə başlaya biləcək yeni müharibəyə hazır olmalıdırlar.

Müharibəyə dair əsərlərdə sovet xalqına faciələr yaşatmış alman xalqı da unudulmurdu. Düzdür, çox zaman tənqid zərbəsinin ağırlığını almanların yox, faşistlərin üstünə salırdılar, amma fərqi yox idi, o filmləri izləyənlər, əsərləri oxuyanlar almanları və faşistləri eyniləşdirərək ikisinə də nifrət edirdilər. Əslində bu, qəsdən belə edilirdi. Çünki Almaniyanın kiçik bir hissəsində rəhbərlik kommunistlərin əlindəydisə, böyük və güclü hissəsinə kapitalist almanlar sahib idi.

54.png (1004 KB)

O zaman Almaniyanın sovet ölkəsinə hücumunu “xaincəsinə” adlandırmaq çox dəb idi. SSRİ dövründə bu məsələnin təfərrüatına çox da varmırdılar, amma sovet dövləti dağılandan sonra ortaya çıxdı ki, 1940-cı ildə Moskva və Berlin bütün Avropaya xəyanət ediblər, separat şəkildə bir-birinə hücum etməmək və Avropanı bölmək haqqında saziş (Molotov-Ribbentrop paktı) imzalayıblar, Hitler Almaniyası isə SSRİ-yə hücum etməklə həmin sazişə xəyanət edib.

Baxdığımız filmlərdə, oxuduğumuz əsərlərdə belə incəliklər, acı gerçəkliklər yox idi. Biz yalnız onu bilirdik ki, faşistlər çox qəddar olublar, işğal etdikləri yerlərdə mülki əhaliyə qarşı qətliamlar törədiblər, əsirləri diri-diri yandırıblar, ağlagəlməz vəhşiliklər ediblər. Bunlar, əlbəttə ki, doğruydu.

66.jpg (113 KB)

Ancaq sovet əsgərlərinin xilaskar olması, faşistlərdən azad etdikləri yerlərdə insanlarla xoş davranması, qarətlər, qətllər törətməməsi barədə yazılanlar gerçək deyildi. Bunları sonradan bildik. Məsələn, bildik ki, sovet dövlətinin ən qəhrəman, müzəffər marşalı Georgi Jukov Almaniyadan özü üçün 19 vaqon qənimət gətirib - avtomobillərdən, rəsm əsərlərindən tutmuş çəngəl-bıçağa, mebelə, zinət əşyalarına, geyimlərə qədər hər şey. Bunlar mülki alman əhalisindən qarət olunmuşdu. Ümumiyyətlə, Almaniyadan qayıdan heç bir əsgər vətənə əliboş qayıtmayıb. Oxuduğumuz, baxdığımız əsərlərdə bunlar yox idi. Sovet əsgərlərinin alman qadınları kütləvi zorlaması haqqında əsərlər də ya sonradan yazıldı, ya da Qərbdə yazılmışlar təkrar nəşr edildi.

Müharibə haqqında bədii əsər yazarkən, bədii film çəkərkən romantika və pafosdan uzaq durursansa, həqiqətləri retuşlamırsansa, hər şeyi necə var, əks etdirirsənsə, ortaya çox dəhşətli mətnlər, mənzərələr çıxır. Heç kəs o əsəri ikinci dəfə izləmək istəməz. Məsələn, Belarusdan olan Nobel ödüllü yazar Svetlana Aleksiyeviçin yazdığı “Müharibə qadın üzlü deyil” əsəri o qədər dəhşətlərlə, acı həqiqətlərlə doludur ki, heç də hər adam onu oxuyub başa çıxa bilməz.

Bizim uşaqlığımızın müharibə filmlərində döyüş epizodları bol olsa da, qan-qadanın, od-alovun real təsviri xeyli yumşaq idi, insanı dəhşətə gətirmirdi, eləcə, düşmənə nifrət aşılayır, qəhrəmanlığa səsləyirdi.

11.jpg (55 KB)

Bir çox filmlərdə isə arxa cəbhədən bəhs olunurdu. Məsələn, “Şərikli çörək”, “Tütək səsi”, “Bizim Cəbiş müəllim” kimi filmlər qanlı əməliyyatlardan uzaqda yaşayan adamların çətinliklərindən bəhs edirdi. Bu filmlərdə qorxunc faşist obrazları olmasa da, filmlərin ümumi məzmununa ağır müharibə havasının çökmüş olması barizdir.

41-45 müharibəsindən sonra savaş poliqonuna çevrilmiş Rusiya, Ukrayna və Belarusun ədibləri ilə yanaşı, ölkəmizin yazıçı və şairləri də uyğun mövzuda çoxlu əsərlər yaratmışdılar. Bəzi cəbhəçi-yazıçılarımız gördüklərini, müşahidə etdiklərini qələmə almışdı. Məsələn, yazıçı Əbülhəsənin “Dostluq qalası” trilogiyası, Həsən Seydibəyli və İmran Qasımovun “Uzaq sahillərdə” romanı, Süleyman Vəliyevin “Mübahisəli şəhər” romanı, Zaman Qarayevin “Xarqo” povesti, Musa Qocayevin “Gecələrin mahnısı” povesti, Hüseyn Abbaszadənin “General” romanı və digər povestləri, Əfqanın “Qartal əfsanəsi” romanı və onlarca başqa parlaq və maraqlı povestlər, hekayələr yazılmışdı.

Fəqət, bütün bu əsərlər əsl reallığı əks etdirmirdi, sovet təbliğatı çərçivəsindəydi, müharibənin dəhşətləri haqqında dolğun qənaət yaratmırdı. Bugünkü prizmadan yanaşanda, əldə olan hərtərəfli informasiyalardan çıxış edəndə, görürsən ki, o əsərlərin tarixi və bədii əhəmiyyəti xeyli azalıb.

23.jpg (72 KB)

Başqa sözlə, müharibədən yazanda Aleksiyeviç kimi yazmaq və Spilperq (“Şindlerin siyahısı”) kimi çəkmək lazımdır. Başqa cür olarsa, o əsər uzunömürlü olmayacaq, qısa bir dövrün siyasi konyukturasına uyğun olacaq.

Müharibə dəhşətli bir şeydir. Ondan nəsr əsəri yazarkən, film çəkərkən bəşəri mövqedə durmaq, bütövlükdə müharibəyə və onu törədənlərə nifrət oyatmaq vacibdir, əks təqdirdə, o, militarizmə çağırış olacaq, özündə şovinizm elementləri daşıyacaq, həm də hərbi-vətənpərvərlik təbliğatına xidmət etdiyi üçün bədii dəyəri də zəif olacaq. İçində yoğun təbliğat olan istənilən mətn və süjet fiaskoya məhkumdur.

Bir də ən vacibi odur ki, yazılan, çəkilən hər şey sənətkarın içindən gəlsin, nə sosial sifarişin, nə də siyasi sifarişin məhsulu olmasın.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости