Свобода людям, независимость нациям!

Şezlonq savaşı və Şıx çimərliyinin son həsb-halı

2883 10.08.2023 18:30 Колумнисты A A

4-5 ildir çimməyə Şıx çimərliyinə gedirəm – evə yaxındır, ona görə. Elə buradaca deyim ki, o çimərliyin də, onun yerləşdiyi coğrafi nahiyənin də adı Şıxov deyil, Şıxdır. Şıxlar da demək olar.

Şıx çimərliyinin şezlonq davası ilə gündəmə gəlməsinə baxmayın, müftə şezlonqları Novxanıda, Bilgəhdə paylasaydılar, oralarda da “ver bura-vermirəm-səndən qabaq götürmüşəm-biri bəsindir-biz çoxuq-biz də az deyilik, hara dartırsan- qoluzorluluq əyyamıdırmı” davası gedəcəkdi.

Dünyanın hər yerində müftə şeyin qənimi çoxdur, bizim paralellərdə isə xüsusilə çoxdur. Mal təzəyinin yapması olsun, amma müftə versinlər, üstündə qırğın gedəcək, heç kim də onu aparıb 9 mərtəbədə yandıran deyil, sadəcə, əsas məsələ müftə şey uğrundakı savaşdan qalib çıxmaq, əliboş qalmamaqdır.

İnsanların genetik yaddaşına hopmuş şeydir bu, alimlər onun adına yaşayış uğrunda mübarizə instinkti deyirlər. Əslində beş nəfərdən ibarət ailənin beşinə də şezlonq ver, and olsun adı çimərliyə verilmiş şeyxin cəddinə, uzağı onun ikisindən istifadə edəcəklər, qalan üçü qalacaq qumluqda, günün altında.

Açığı budur ki, biz şezlonqda uzanıb günəş vannası qəbul etməkdənsə, quma basdırılmağı üstün tutan camaatıq. Eşitmişik ki, qum vannası revmatizmaya xeyirdir. Çimərliyin hər üçüncü kvadratmetrində mütləq bir nənə və ya dayı boğazına qədər quma girmiş olur, elə hey sağdan-soldan eşidirsən: “Ə, qaqa, bir məni qumda basdır, görüm”.

Amma o tərəfdə müftə şezlonq verirlərsə, təbii ki, qalxıb mübarizə aparmaq lazımdır.

Ona görə də Şıx çimərliyindəki şezlonq savaşını, savadlı adamlar demişkən, mili natamamlıq kompleksi ilə izah etmək doğru olmaz. Nəsə spontan bir şeydir.

Hələ əvvəlki illərə baxanda bu il Şıx çimərliyinə toplaşan ictimaiyyətin mədəni səviyyəsində göz-görəti irəliləyiş var. Sadiq oxucularım xatırlayar, 1-2 il qabaq çimişənlərin suda dərinlik həddini göstərən sarı şarın başına nə oyun açdıqlarını yazmışdım. Hər 25-30 saniyədən bir mütləq cantaraq bir gədə üzüb şara çatır və onu minməyə çalışırdı. FHN-nin “Qalatasaray” forması geymiş (sarı-qırmızı) əməkdaşları meqafonla eyzən qışqırırdılar: “Əmoğlu, şara toxunma”; “Qardaş, şara dəymə”; “Dayı, sənin şarla oynayan vaxtındır?”; “Ay uşaq, şarla işin olmasın” və s.

Bu il, namxuda sarı şarı zorlamaq istəyən yoxdur, eləcə, ona yaxınlaşırlar, ya üzüb o tərəfə keçir, dərinlikdən qorxmayan “bomba oğlan” olurlar, ya da üzüb geri qayıdırlar.

5-6, bəzən 7-8 cayılın suda süpürləşərək, bir-birini suda batırmağa cəhd etmələri aktları həmin-həmindir. Bu iş davam edir. Xoşbəxtlikdən, hələ “öldü-öldü” çığırışması qopmayıb. Amma tərəflər suda özlərini tatami üzərinə çıxmış güləşçilər kimi aparırlar və çox çalışırlar, nəsə bir nailiyyətləri olacaq.

Suda voleybol oynamaq mədəni istirahətin bir növüdür, ona pis baxan yoxdur. Ancaq azca sakit oynasalar, yaxşı olar. Yoxsa bəzi oyunçular nəyə görəsə anqırmağı lazım bilirlər. Beş nəfərin üçü elə edəndə xor alınır və sahildəki adamlara elə gəlir ki, deyəsən, kimsə batdı.

Mədəni səviyyənin yüksəldiyini yazdım, yadıma sahildə 8 kiloluq qarpızı paralayıb gövşəyən, qabığını da hara gəldi atanlar düşdü, istədim, qayıdam, o cümləyə düzəliş edəm, amma ərindim. Mədəni səviyyənin yüksəlməsi söhbəti onlara, tum çırtlayanlara, pivə, enerji içkisi içib qabını, selofon torbasını qumluğa atanlara aid deyil. Bu sözü əsasən əvvəlki vaxtlarda uşağı qumluğa çiş tutanlara aid etmək olar, artıq onlar balacaları yaxınlıqdakı tualetə aparırlar.

Erkək meymun şövqü ilə dişi partnyor axtaran süləngilərin sayında bir az düşüş var. Artıq anlayıblar ki, bu çimərlikdə yiyəsiz qadın yoxdur, hamısı ya ataları, qardaşları ilə gəliblər, ya da ərləri ilə. Qumluqda təpik altına salınıb çığnananlar olmadığı üçün güman etmək olar ki, qarşı cinsə sataşma vaqiələri də olmur.

Bəs oğrular necə, heç ola bilərmi bu qədər insan qələbələyinin içində onlar 3-5 manat qabağa düşmək üçün fəaliyyət göstərməsinlər?

FHN-nin “cim-bom”ları tez-tez xəbərdarlıq edirlər ki, əşyalarınızı yiyəsiz qoymayın. Görünür, bir şey bilirlər ki, elə deyirlər. Amma hamının sözün əsl mənasında lüt olduğu məkanda oğrular nə apara bilərlər? Bəlkə, bir dilim qarpız kəsib aparalar, ya da can dəsmalı. Telefonu-filanı suya girənlər mütləq qonşuluqdakı birinə tapşırıb gedirlər.

İnşallah, yaxın günlərdə istirahət edənlərə müftə çətir də verilər, görək onda nə qırğınlar gedir çimərlikdə.

P.S. Bu ölkədə müftə paylandığı zaman üstündə qırğın düşməyən cəmi bir şey var. Bilirsinizmi nədir? Maraqlı olsun deyə cavabı gələn yazıya saxlayardım, amma hövsələm çatmır. Kitabdır o.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости