Свобода людям, независимость нациям!

Şeytanın uzun barmaqları

1389 25.06.2022 10:10 Колумнисты A A

Ana şeytanla bala şeytanın lətifəsini bilirsiniz, yəqin. Bilməyənlər üçün yazım, bilsinlər.

Deməli, Ana Şeytanla Bala şeytan yol qırağında durub, heç kəsə görünmədən söhbət edirmişlər, birdən belində yük olan eşşəyi qabağına qatıb gedən bir kişi bunların yanından keçir. Eşşək şeytanlarun tuşuna çatanda başlayır soncuqlamağa, kişi “şıllağa qarşı şallaq” taktikası seçibən, uzunqulağın yambızına birini çəkir və bərkdən deyir: “Lənət sənə, kor şeytan!”

Bala şeytan üzünü anasına tutub deyir ki, ana, bax, bu insanlar nə qədər ədalətsizdirlər, biz burda durub heç nə eləmirik, amma kişi eşşəyinin soncuqlamasını bizdən görür.

Ana şeytan qımışıb cavab verir: “Elə deyil, bala. Mənim barmağım onun quyruğunun altını qıdıqlamasa, eşşək soncuqlayardımı?” Lətifənin sonu. Hi-hi-hi.

Bu yerdə adətən ya “onun sözü olmasın” və ya “lətifəsi filankəslərə dəyməsin” deyə mətləbə keçərlər. Biz üçüncü yolu tutaq.

Lətifəsi kimə dəyməlidirsə, dəysin: son vədələr ölkəmizdə, ümumiyyətlə, regionda və dünyada baş verənlərə baxdıqca hiss edirsən ki, soncuqlayanların quyruğunun altını qıdıqlayan şeytanlar var. İlk baxışdan şeytanların barmağını görmək olmur, özləri də boyun almırlar, amma soncuqlamadakı sinxronluğa və emosiyaya baxırsan, bilirsən ki, bu, kənar təsir olmadan mümkün deyil.

Məsələn, o gün ermənilər İrəvanda ABŞ səfirliyinin qarşısında aksiya keçirirdilər ki, Hayastandakı bioloji labortoriyalarınızı bağlayın.

Bilməyən adam düşünər ki, adamlar o laboratoriyalarda bioloji silah hazırlanmasından əndişələniblər, ona görə çıxıb haqq səslərini ucaldırlar.

Xeyr, elə deyil, orada kənar barmaq var. Başqa bir ölkədə düyməni basıblar ki, ermənilər öz ölkələrində belə bir hərəkət eləsinlər. Yoxsa onlar durduq yerdə şıllaq atan deyillər.

Elə bizdə də Allahı müdafiə etmək məqsədilə aclıq aksiyası keçirənlərin fitvasının da qıraqdan verildiyi hiss olunurdu. “Başlayın” əmrini kimin verdiyi etiraf olunmasa da, “dayanın” əmrinin press-relizi yayıldı.

Barmaq həmin barmaqdır, vaxtaşırı bir yeri qıdıqlayır və qıdığa həssas adamlar tökülüşür ortalığa.

Dünən sosial şəbəkələrdə bir mömünə qadının videosu yayılıb. Xanım hirs-hikkə ilə ölkəni başına götürmüş kazinolardan, tərbiyəsiz qadınlardan danışır, deyir, din-iman əldən gedir.

Yaxşı, Tehranda, Məşhəddə “tərbiyəli qadınlar” çadra altından yol keçənlərə “ağa, siğə bəxahi” sualı ilə müraciət edərək intim xidmət təklif edəndə din-iman əldən getmir, amma eyni hərəkət Bakıda ediləndə, biabırçılıq olur?

Hələ araq şüşəsini göstərib, “haram, haram” deyərək, içki satılan mağazaların vitrininə kəc-kəc baxan, “şurəvi sizi dindən, imandan çıxarıb” deyənlərin hər gün müsəlmanlara ton-ton narotik maddə göndərdiklərini demirəm.

Yarım litr araq, bir parç pivə haramdır, 35 kilo heroin halaldır?

Bunlar, əlbəttə, bəhanələrdir. Nə desinlər? Desinlər ki, sizin müstəqil dövlət olmağınızı istəmirik, təhlükəli örnəksiniz, bizdə separatçı meyllər oyandırırsınız?

Onu deməzlər. Düz gəlməz. Cavabı başqa cür olar. Ona görə də agentləri, rəğbət qruplarını hərəkətə gətirib, düyməni basırlar: “Filan sözü deyin”. Bunlar da deyirlər.

Dünyada belə şeylər çox olub. O vaxt Şarl de Qoll Fransada ABŞ-a iki kəlmə söz soxub, bir dənə də sərəncam verib, üstündən iki həftə keçməyib, okeanın o tayından düyməni necə basıblarsa və MKİ uzun barmaqlarını Parisə necə uzadıbsa, fransız gənclər ayağa qalxaraq o boyda müharibə qəhrəmanını, müzəffər generalı biabır-dəsgah edib yola salıblar.

Yaxud, tarixçilər and içirlər ki, NATO-ya üzv olandan sonra Türkiyədə nə qədər dövlət çevrilişi və ya hakimiyyətlərin dinc-dinməz süqutu haqq-hesabı olubsa, hamısını okeanın o tayındakı və bəri sahilindəki dövlətlərdə basılan düymələrlə ediblər. Sadəcə, axırıncı alınmadı - türkün sözü, 15 temmuzdakı. Hazırda elə onun davası gedir.

Sizə zarafat gəlməsin, şeytanların görünməyən uzun barmaqları çox şeyə qadirdir. Vallahi, elə bilərsiniz, tam sabitlikdir, sakitlikdir, günün günorta çağı əmr verərlər, bir dəstə milli, dini, cinsi azlıq nümayəndəsi tökülüşər Fəvvarələr meydanına, ortalıq qarışar, təzək fəvvarə vurub qurşağa çıxar.

Dediyim odur ki, indilikdə uzun barmaqlı şeytanla effektiv mübarizə üsulu vaxtaşırı ona lənət oxumaqdır. Barmaqlarını tam çəkməsə də, ən azı, narahat olur, qıdıqlamağa fasilə verir.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости