Свобода людям, независимость нациям!

Seymur, Röya və mən ali məktəbə necə girmişik...

4992 27.01.2023 11:20 Колумнисты A A

 

Ali məktəbə pulla daxil olmaq qaydası bizim vaxtımızda da vardı – sövet dövründə. Bir-iki universitetin bir neçə fakültəsi xaric, yerdə qalanlarının hamısında tələbə yerlərinin çoxu pul-para, “day-day tapşırığı” əsasında tutulurdu.

Düzdür, tələbələrin arasında sırf “öz başıyla inistuta girənlər” də olurdu, amma bu, göstərici ildən-ilə azalırdı. Elə onun nəticəsiydi ki, ötən əsrin ortalarında açıq bazara çevrilmiş və el arasında “Narxoz” kimi tanınan Xalq Təsərrüfatı İnstitutunu bağlayıb, filiala çevirdilər. Yekə bir biabırçılıq oldu.

Açıq etiiraf etmək lazımdırsa, mənim özüm də heç sevmədiyim instituta pul və tanışlıq gücünə girmişdim. O vaxt jurnalist olmaq, felyeton, oçerk, hekayə yazmaq istəyirdim, amma “jurfak”a girmək də elə “yurfak”a girmək kimi bir şey idi, çox çətin idi. Bu fakültədəki yerlər də əvvəlcədən tutulurdu. Ona görə də böyüklər düşünmüşdü ki, mən jurnalistikanın dalınca getsəm, nə Əlinin kulinariya məharətindən yararlana biləcəyəm, nə də Vəlinin, nəticədə ortada aş olmayacaq. (Göründüyü kimi, elə olmadı, həyat özü məni əvvəl-axır hərləyib-fırlayıb belə yazılar yazmaq imkanına malik etdi).

Xüləs, sevmədiyim ali məktəbdə sözün hər iki mənasında kəsilə-kəsilə oxuyurdum, bir gün prokurorluqdan dekanlığımıza bildiriş göndərdilər ki, gedib prokurorluqda ifadə verməliyəm. Nəyə görə? Bəs bu tələbənin haqqında material gəlib ki, o, instituta pulla qəbul olunub. Bunu yazanlar alçaq olsalar da, haqsız deyildilər. (Deyim ki, kəndimizdə bu sahə üzrə sənətkarlar vardı, gecə-gündüz yazır, yaşayış uğrunda mübarizə aparırdılar).

Bu elə bir gerçəklik idi ki, nə Allahdan gizli deyildi, nə də bəndələrdən (eləcə də prokurorluğun müstəntiqlərindən). Getdim prokurorluğa. O vaxt həmin rayonun prokuroru Yusif İldırımzadə idi və o, belə şeyləri ciddiyə alıb mərdiməzarlıq etmək fikrindən uzaq adam idi, müstəntiqə tapşırmışdı ki, tələbəni çox incitməyin. Çünki ölkədə tələbə qəbulu sahəsində real vəziyyəti hamı bilirdi və bu vəziyyət Əbülfəz Elçibəy-Vurğun Əyyub-Firudin Cəlilov triosunun 1992-ci ildə tətbiq etdiyi test üsuluna qədər intensiv şəkildə davam etdi.

Müstəntiq anonim mərdəməzarın məktubuyla bağlı açılan işi qapatmaq üçün məndən ifadə aldı və axırda dedi: “Yaz ki, ehtiyac olsa, mən həmin imtahanları yenidən verə bilərəm”. Yazdım. Əslində isə mən o, imtahanların yalnız ikisindən yaxşı qiymət ala bilərdim – biologiya və ədəbiyyatdan (yazılı). O birilərindən isə yalnız əlverişli bilet düşsə, bəlkə “kafi” qiymət alaydım. Amma ta dərinə getmədik, elə bir cümlə yazdım və məsələ bitdi.

Dünən Dövlət İmtahan Mərkəzinin açıqlamasını oxuyanda yadıma bu əhvalat düşdü. DİM-n mətbuat katibi Vasif Talıbovun oğlu Seymurun və müğənni Röya Ayxanın qeyri-qanuni şəkildə universitetə qəbul olunmaları ilə bağlı yayılan materallara münasibət bildirərkən deyib ki, Talıbov Seymur 2003-cü ildə test imtahanında iştirak edib, ödənişli əsaslarla BDU-nun beynəlxalq hüquq ixtisasına qəbul olub. Heç demə, həmin il keçid balı 419 olub və belə çıxır ki, Seymur və Röya təxminən o civarda bal toplayıblar.

Amma mən dünyada nə qədər müqəddəs kitab var, hamısına əl basıb and içərəm ki, onlar nəinki o qədər bal yığmayıblar, heç 125 sualın 25-ə də düzgün cavab yazmayıblar.
Elədirsə, bu şəxslər təkrar imtahan verə bilərlərmi? Verə bilməzlər. Bu təklifi verən olsa, deyəcəklər, aradan 19 il keçib, bildiklərimiz də yadımızdan çıxıb, təkrar imtahan verə bilmərik.

Bunu keçək. Yaxşı, bu şəxslər hansı yollasa universitetə daxil olublar, bəs necə oxuyublar, dərsə gediblərmi, semestr imtahanlarını necə veriblər, kursdan-kursa necə keçiblər?

Qoy bir adam çıxsın ortaya, desin ki, mən Seymurla, Röya ilə bir kursda oxumuşam, imtahanları elə vermişik, belə vermişik, birlikdə filan yerə getmişik, filan-bəsməkan. Əminəm ki, belələri də yoxdur. Onlar ali məktəbə necə giriblərsə, elə də “oxuyublar”, elə də “bitiriblər” və diplom alıblar.

Oxumağa gəlincə, haqq üçünə, Röyanın oxumağı var, güclü səsi olmasa da, yola verir, “Ürəyim”i lap ürəkdən oxuyur.

İndi kimsə çıxıb deyəcək, Seymurla Röya elə tələbə yoldaşı olduqları vaxt tanış olublar. Amma fakt budur ki, Röyanın adı 8 milyonluq villa məsələsində Seymurla yox, onun qardaşı Rzayla çəkilir.

İndi elə çıxmasın ki, müəllif Seymur Talıbovla Röyalə Nəcəfovanın (Röya Ayxan) diplomlarının ləğvini istəyir və ya tələb edir. Haşa! Ona qalsa, gərək mənim də diplomum ləğv oluna. Hərçənd mən 4 il 7 ay sərasər oxumuşam və dövlət imtahanlarını da digər tələbə yoldaşlarımın 95 faizindən fərqli olaraq özüm pul-parasız vermişəm.

Bildiyiniz kimi, hazırda həmin ixtisas üzrə də işləmirəm. Heç Seymur və Röya da BDU-da yiyələndikləri ixtisas üzrə işləmirlər. Ona görə də onların diplomlarının etibarsız sayılıb-sayılmaması heç nəyi həll etmir. Əsas odur ki, hərəsinin öz yaxşı bacardığı, peşəkar olduqları sahə var və həyatlarına davam edirlər.

Ona qalsa, İbrahim Tatlısəsin də diplomu yoxdur, Bill Qeytsin də. Amma ikisi də kraldır.

P.S. Məlumat yayılıb ki, Röya imtahanlara prodüsserini göndərirmiş. Yəqin Seymur da sürücüsünü göndərib.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости