Свобода людям, независимость нациям!

Sex rəisinə həsr olunan romans

3629 19.05.2022 10:10 Колумнисты A A

Yox, adamın üstünə göydən od tökülər, gərək haqqını verəsən, yaxşı klipdir. Musiqisi də zordur, sözləri də, ifaya da söz yoxdur.

Hiss olunur ki, komanda işidir: bunun sözlərini yazan var, musiqisini bəstələyən, oranjeman edən, oxuyan, klipə quruluş verən rejissor, çəkən operator, montaj edən proqramçı... Bir xeyli adam çalışıb və ortaya mükəmməl, hətta türk ağzı ilə desək, müəzzəm bir sənət əsəri qoyublar.

Son illərdə musiqi-sənət aləmində “Rəisim” qədər ürəyəyatan, könül və zövq oxşayan, musiqi xiridarlarının sözü olmasın, qulağımızın pasını silən ikinci bir  musiqi parçası bəstələnməyib, oxunmayıb (ola bilər, bəstələnib, amma yiyə durub oxuyan olmayıb).

Müğənninin adı da birbaşa Aşıq Ələsgərdən gəlir: “Atdı müjgan oxun, keçdi sinəmdən...” Mabədini bilirsiniz. Bilməyənlər varsa, eybi yox, ta indən belə bu, onlara lazım da deyil.

Bəziləri nəğmənin sözlərinə dodaq büzür, guya ki, bilinmir, söhbət hansı rəisdən gedir. “Bəlkə müğənni sex rəisini nəzərdə tutur, ya da sahə rəisini” Yox bir, Rəis adlı adamlardan gedir söhbət. (Yeri gəlmişkən, “sex rəisi” söhbətinin həqiqət tərəfi ola bilər).

Halbuki mahnının sözləri necə də sadə və anlaşıqlıdır:

“Mən sənə aşiq, rəisim, sən mən aşiq,

Daim olaq bir, əzizim, qal mənə sadiq.

Dövlətin keşiyində qoruyursan milləti,

Qazanmısan hörməti, sənə heyran, rəisim".

Bax, burada artıq skeptizmə yer yoxdur, açıq mətnlə deyilir ki, aşiq rəis dövlətin keşiyində durub, milləti qoruyur, üstəlik, hörmət də qazanıb.

Düzdür, dövlətin keşiyində duran hüquq-mühafizə orqanlar bir və ya iki deyil, aralarında hörmətli rəislər də var. Ancaq burdan beləsini çox xırdalamasaq, yaxşıdır. Çünki belə etsək, gərək rəisin vəzifəsini, rütbəsini, işlədiyi orqanı, iş və mənzil ünvanını, ailə vəziyyətini də araşdırıb, yazaq. Nəyimizə lazımdır? Adam mərdiməzar olmaz.

Həm də belə etmək bu sevgi romansının bütün sentimentini, lirikasını, romantikasını, nə bilim, semantikasını öldürə bilər. Məgər biz “çərşənbə günündə çeşmə başında gözü bir alagöz xanıma düşən” aşıqdan tələb edirdik ki, dəqiq ünvan göstərsin və ad çəksin? Bu, şeirdir, məhrəm hisslərdən bəhs edir, burda çox şey anonim olmalıdır. Yadıma düşür ki, sovet vaxtı bir şair Mingəçevirdə bazlıq eləmişdi, sonra yazdığı şeirdə getdiyi küçənin adını göstərmişdi, hətta “nazlı dilbər”in tam təsvirini də vermişdi. Şəhər əhli artıq çəkinmədən o xanımın qapısını döyə bilərdi ki, şeiri oxuyub gəlmişik, qiymətini de.

Yuxarıda səthi şəkildə rəisin “ailə vəziyyəti”ndən danışdıq, qoy bunu artıq başqaları araşdırsın. Çünki hiss olunur ki, aşiq rəis farağat adam deyil və “sən mənə aşiq, mən sənə aşiq” xitabı ona rəsmi nikahda olduğu ömür-gün yoldaşı tərəfindən ünvanlanmayıb. İndiki zamanda kimdir öz ərinə “rəisim” deyən? Hətta əksinədir, əkə-bükə kişilər evdə arvada “komandir” deyirlər.

Bəzi dostlar da narahatdır ki, bu şedevr əsər bir çox rəislərə problem yarada bilər - evdə də, işdə də. İşdə, əl-əlbət olmaz, amma evdə ola bilər. Xüsusilə də müğənni xanımla salam-əleyki olan rəislər şübhə altına düşə, məişət zəminində izlənməyə məruz qala bilər.

Əlbəttə, əvvəllər də bəzi vəzifəli, rütbəli şəxslərlə bəzi müğənni xanımların arasında könül ilişkisi, lirik-romantik münasibətlər olub. Belə əfsanələr hələ sovet vaxtında da vardı. Müstəqillik dövründə isə məlum oldu ki, əfsanə-zad deyilmiş, məşhur müğənninin sponsorları arasında məşhur olmayan prokurorlar da varmış.

Amma bir iş vardı ki, o vaxtlar tərəflər bir-birinə mahnı həsr edib, klip çəkmirdilər. Hər şey qapalı qazanda qaynayırdı. Üçü biləndə də, beşi bilmirdi. İndi klip çəkirlər, nəinki ölkə daxilində A.-dan (Abşerondan) Z.-yə (Zərdaba) qədər hamı bilir, hətta ölkə xaricində Amsterdamdan Zaqrebə qədər hamı duyuq düşür ki, kimin aşiqi (yəni, sponsoru) kimdir.

Düzdür, bəzi xanım müğənnilər hələlik utanırlar və qeyri-rəsmi yaşadıqları kişini xalqa fraqmental (qolunu, qıçını) şəkildə göstərirlər, amma burada utanmalı bir şey yoxdur. Bir halda kı, xanımın nəslinin kişi xeylaqları əzizlərinin “həci”lər və “rəis”lərlə izdivacda olduğunu bilirlər və buna tolerant yanaşırlar, xalqın nə borcuna qalıb? Tərəflər özləri bilər.

Əsas odur ki, sənətçilər xalqı çox intizarda qoymasınlar, vaxtaşırı “Rəisim” kimi əsərlərlə bizi sevindirsinlər.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости