Свобода людям, независимость нациям!

Səssiz yeyinti

1671 23.01.2024 11:43 Колумнисты A A

Məsəl var, deyir “heç vaxt demə: heç vaxt”. Ya da “Tanrını güldürmək istəyirsəncə, gələcək planların haqda danış”. Afyorizm şorbasından sonra keçən yazımdan birinə hörmətli oxuculardan Ruslan Səfərovun reaksiyasını dərc etmək istəyirəm. Mən dezinformasiya və yalan-palanlar haqda sentimental-zoomorfoloji cızmaqaramın axırında yekəxanalıqla bir cümlə yazmışdım ki, bu yazıda bir dənə də səhv yoxdur. Ruslan müəllim isə tapıb. Yazır ki, siz Seyid Əzimin şeirindən sitat vermisiniz, itin adını Bozdar yazmısınız, o şeirdə isə köpəyin adı Bozlar-dır. 

Oxucu haqlıdırmı? Əlbəttə. Doğrudan da Şirvaninin ən azı son 30 ildə latın qrafikası ilə dərc edilən kitablarında köpəyin adı Bozlar şəklində yazılıb. Həmişə belə olubmu, dəqiq deyə bilmərəm - köhnə çaplar əlimizdə yoxdur. Eyni zamanda mən özüm, üzr istəyirəm, tərəkəmə nəslindənəm və yadımdadır ki, bizdə it adı olaraq həmişə Bozdar işlənibdir. Elə internetdəki lüğətlərdə də söz “bozdar - boz tüklü qoyun itinə verilən ad” şəklində qeyd olunmuşdur. Bütün hallarda hörmətli Ruslan bəyə diqqətinə görə təşəkkür edirəm. 

Diqqət hər sahədə önəmlidir. Keçən ilin payızında Quba tərəfdə regional təhsil idarəsinin müdirini içəri basdılar. Dedilər bu yoldaş kənd məktəbini yoxlamağa gedəndə hansısa uşağı basıb döymüşdür. Az keçdi, uz keçdi, dərə-təpə düz keçdi, bu dəfə işə həm nazirlik, həm prokurorluq qarışdı. Kişini işdən qovdular, cinayət işi açıldı. Sən demə, müdir 53 min manat rüşvət alıbdır. Şəhərin çoxlu yerlərində villaları varmış. Hətta deyir Vasmoy bazarının yarısı bunundur. Vallah. Halbuki baxırsan cavan bir oğlandır, o qədər yeməyə haçan vaxt, imkan tapıbdır, sirri-xudadır. 

Burada haşiyə çıxım, hava soyuq olanda bizdə əsgərlikdən danışmaq dəbə minir, mən də elənçik xatirəmi nəql etmək istəyirəm. Səssir-səmirsiz yemək haqdadır. Bu iş, həqiqətən böyük ustalıq tələb edir. Bizdə 40-50 əsgər bir uzun qazmada (qabaqlar qoyun ağılı olmuşdu), taxtadan düzəldilmiş yataqda yatırdı. Kim Roberto Benini müəllimin “Həyat gözəldir” filminə baxıbsa, orada eynilə bizim yataq yerini göstərirlər. Təbii ki, belə şəraitdə kiminsə əsgər yoldaşlarından gizli, “krısalıq” edərək nəsə yeməsi çox çətin olurdu. Ona görə bəzi əsgərlər haradansa aldıqları “bakkuşu” (bunu bilənlər bilir, əlbəttə, hər uşaq bakkuşun hikmətini bilməz), şokoladı hamı uzanıb yatanda, qaranlıqda, gizlicə həzmi-rabedən keçirməyə qərarlı olurdular. Ancaq bir-iki zalım çavuş vardı, qaranlıqda şıqqıltı səsi eşidən kimi dərhal “Həyəcan” siqnalıyla bölüyü qaldırır, “cani” tapılana qədər hamının üst-başı axtarılırdı. Həqiqətən, yeyənlər bilir, bakkuşları səssiz açıb yemək çox çətin, müşkül işdir. Yalnız bir nəfər bunu bacarırdı, xışıltısız yemək üzrə misilsiz ustalıq əldə etmişdi, axırda onu kəşfiyyat bölüyünə yazdılar. 

Sözümü yenə ora qaytarıram ki, bu adam respublikanı necə yeyib-dağıdıb, xəbərimiz olmayıb? Üstəlik, işin qaranlıq detalları çoxdur, internetdə yoldaşın həyat və yaradıcılığını axtarışa verəndə ortaya qəribə nəticələr çıxır. Məsələn, bu uşaqdöymə, rüşvətyemə əhvalatından hələ 1 il qabaq təhsilin müdiri yerli icra hakimi ilə yola getmirmiş. Hətta Tvitterdə-zadda “Quba soyqırım muzeyi ərazisini satanlara ar olsun” tipində paylaşımlar edirmiş. Bu münaqişənin tarixçəsi haqda internetdə çoxlu yazı-pozu tapmaq mümkündür. 

İndiki vaxtda müəllimi şərləyib zibilə salmaq çox asanlaşıbdır, məlumatınız olsun. Keçən həftə türk rejissor Ceylan müəllimin “Quru otlar üstünə” adlı filminə baxdım, orada da qız şagird kişi müəllimi şərləyirdi. Ki, guya müəllim buna aşiq olubdur. Guya uşağın müəllimə aşiq olması pis, mənfi haldır. Bunu get Makrona danış, sənə gülsün. Hərtərəfli özü də. 

Ancaq kino sənət əsəri kimi çox pis kino idi, bunu da yazıram. 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости