Свобода людям, независимость нациям!

Sərsəngin xilas günü yetişdi, elə Ağdərə-Kəlbəcər, Ağdam-Xankəndi-Şuşa yolunun da!

5911 25.08.2023 16:40 Колумнисты A A

Azərbaycanın iki qurumu - Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Su Ehtiyatları Agentliyi Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı birgə bəyanat yayıblar. Bəyanatda deyilir ki, 1976-cı ildə Tərtərçayın üzərində yaradılmış və hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Sərsəng su anbarı 30 ildən çoxdur Ermənistan və onun himayə etdiyi qüvvələr tərəfindən məqsədyönlü şəkildə ekoloji və sosial-iqtisadi terror vasitəsi kimi istifadə olunur.

Qəza vəziyyətində olan su anbarının aşağı hissədə yerləşən yaşayış məntəqələri, təsərrüfatlar və infrastruktur obyektləri üçün ciddi təhlükələr yaratdığı vurğulanır. Xatırladılır ki, bununla əlaqədar, Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş 2016-cı il 26 yanvar tarixli 2085 nömrəli Qətnamədə Ermənistanın hərəkətləri Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlərin yaradılmasına yönəlmiş ekoloji təcavüz kimi qiymətləndirilib.

Sitat: “Sənəddə xüsusilə vurğulanır ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yerləşən Sərsəng su anbarının düzgün idarə olunmaması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana səbəb ola biləcək böyük fəlakətə gətirib çıxara bilər. Eyni zamanda, Assambleya Ermənistan hakimiyyətini su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırmağa çağırıb”.

Sarsang_reservoir_P1090881.jpg (1.26 MB)

Sözügedən qətnamənin qəbulundan 7 il keçib, amma bu günədək Ermənistan və erməni terrorizmi Sərsənglə bağlı çağırışa məhəl qoymayıb. Ümumi su tutumu 560 milyon kubmetr olan Sərsənglə terror edirlər Azərbaycanı. Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonları susuzluqdan yanır, erməni terrorçuları isə Sərsəngin suyunu bildiyi şəkildə istifadə edir. Bax, Azərbaycanı “humanitar fəlakət”də, “genosid”də ittiham edən əbləhlərin gözünə soxmaq lazımdır bu faktı!

Azərbaycanın iki qurumu çağırış edib, amma hesab etmirəm ki, bu, nəyisə dəyişəcək. Əgər AŞ PA-nın, BMT TŞ-nin, Avropa Birliyinin qətnamə və çağırışlarını on illər ərzində eşitmədilərsə, çətin ki, bizim də sözümüzə məhəl qoyalar. Deməli, çağırışların ardınca “Dəmir Yumruq” işə salınmalıdır. 44 günlük müharibədən sonra Laçını azad etmək üçün vaxt istədilər, amma nə vaxt cəhənnəm olub getdilər, az qala iki il sonra. Onda da əsgərimizin əməliyyatını “dadıb” rədd oldular. Deməli, növbəti dəfə “yaddaşı təzələmək” lazımdır. Yoxsa bunlar yenə də 2 sentyabr “dirçəliş”indən danışırlar. Sərsəng Su Anbarı terrorçulardan azad edilməlidir, bu anbar xalqımız üçün müstəsna əhəmiyyət kəsb edir. Günün birində erməni terrorçuları bu anbardan Azərbaycana qarşı silah kimi istifadə edə bilər. Rusiya Ukraynada bəndi dağıtmaqla düşməninə nə qədər acılar yaşatdı, unutmamışıq. Erməni daşnaklarından hər cür alçaqlığı gözləyə bilərik. Hətta Sərsəngin Suqovuşana axan suyunu zəhərləyib daha dəhşətli fəlakətlər yaşada bilərlər. Bunlar iç üzünü Oxçuçayda, Arazda görmürükmü illərdir?..

Bir də ki, axı niyə Azərbaycanın vəsaiti hesabına tikilmiş, onun əhalisinin rifahı üçün qurulmuş su bəndi bir ovuc terrorçunun nəzarətində olmalıdır, bu, hansı kitabda, hansı qanunda yazılıb? Kimsə Sərsəng əməliyyatına görə Azərbaycanı qınamaq niyyətinə düşəcəksə, başını daşa döyəcək! Azərbaycanı Laçın yoluna görə ittiham edənlərin gözlərinə soxmaq üçün o qədər faktlarımız var ki... Ermənistan tərəfdən Laçın qapısına binoklla baxan Anjey Kasprşik getsin Zəngəzur dəhlizinin keçməli olduğu ərazilərə də baxsın. Qarabağdakı 30 min erməninin hayına gələnlər Naxçıvanın 450 minlik əhalisinin 30 ildən çoxdur blokadada olmasından, Azərbaycanın quru yolunun kəsilməsindən bircə dəfə danışdılarmı?! 3200 metrdən çox yüksəklikdən, olduqca riskli ərazilərdən keçərək Kəlbəcərə gedən azərbaycanlılar üçün Ağdərə-Kəlbəcər yolunun kəsilməsindən niyə bəhs etmir Laçın yoluna binoklla baxan haysifətlilər?! Ömər aşırımında baş verən dəhşətli qəzaya, həlak olan şirkət əməkdaşlarının ölümünə görə həm də onlar məsuliyyət daşıyırlar, erməni separatçılarını gizli və açıq müdafiə etdiklərinə görə!

WhatsApp Image 2023-08-25 at 14.59.31.jpeg (38 KB)

Rəsmi məlumata görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Ömər aşırımı hissəsində qeydə alınıb. Hərəkətdə olan “Mitsubishi” markalı minik maşını idarəetmənin itirməsi nəticəsində yoldan çıxaraq dərəyə aşıb. Nəticədə iki nəfər ölüb, bir nəfər xəsarət alıb. Qəzaya düşənlər Kəlbəcərdə fəaliyyət göstərən şirkətlərdən birinin əməkdaşları, Türkiyə vətəndaşlarıdır. Onlar erməni vandallarının darmadağın etdiyi Qarabağı abad etmək üçün gələn qardaşlarımızdır. Vandalların yol kəsməsi nəticəsində ömürləri yarıda qırıldı. Ağdərə yolu açıq olsaydı, rahat şəkildə, özü də qısa müddətə Kəlbəcərə yetişərdilər. Onlar da şəhidlərdir, qardaş Türkiyənin Qarabağdakı şəhidləri...Ermənilərin iddia etdiyi kimi, Türkiyə vətəndaşları Qarabağda döyüşmək üçün gəlməmişdilər, sadəcə Qarabağı qurmaq üçün gəlmişdilər. Bu hadisəyə görə ilk növbədə 2020-ci il 10 noyabr bəyannaməsinə əsasən, erməni hərbi birləşmələrinin dərhal çıxarılmasına və kommunikasiyaların açılmasına cavabdehlik daşıyan Rusiya hərbi kontingenti cavab verməlidir! Niyə Ağdərə yolu bu günədək bağlıdır?! Niyə Azərbaycanın hətta humanitar məqsədlərlə təklif etdiyi Ağdam-Xankəndi-Şuşa yolunun ağzına betonlar düzən erməni separatçılarına dözür rus hərbçilər?! Biz niyə Ağdamın kəsə keçib Şuşaya gedə bilməməliyik?!

Səbrimizi daşırdılar, artıq yetər, yolları açmaq zamanı çatdı! Həm də Sərsəngin başının üstündəki şər yuvasını dağıtmaq, Allahın bizə bəxş etdiyi nemətimizi “əjdahanın ağzından” qurtarmaq vədəsi yetişdi... An məsələsidir.

Yoxsa biz nə vaxta qədər Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə Rusiya sülhməramlılarının müşayiəti altında ermənilərin döyüş mövqelərinə “təminat vasitələri” daşımasına tamaşa edəcəyik?

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости