Свобода людям, независимость нациям!

Şərqi Zəngəzura “Böyük Qayıdış” - gözün aydın, VƏTƏN (daş) !!!

1549 19.07.2022 16:22 Колумнисты A A

28 aprel tarixi xalqımızın taleyində ağır günlərdən biriydi, ta ki, 2021-ci ilin 28 aprelinədək. Həmin tarixdə biz o günün rəngini dəyişdik, dövlət və millət olaraq. Məhz həmin gün Prezident İlham Əliyevin iştirakı ilə işğaldan azad edilmiş Şərqi Zəngəzurun Zəngilan bölgəsinin ilk kəndinin əsası qoyuldu – Ağalı kəndinin - “Ağıllı kənd”inin!

Budur, 19 iyul 2022-ci il Ağalıya QAYIDIŞ başladı. Sevincdən yaşarmış gözlər, uzun həsrətin ardınca vüsala yetişmənin yaratdığı xoş ovqat... Kəndinə dönən sakinlərin öz təəssüratlarını ifadə etməyə çətinlik çəkməsi təbii haldır, söz də acizdir bu hadisənin qarşısında. Məgər Qarabağı, Zəngilan, Ağalı daxil, Şərqi Zəngəzuru sözləmi qaytardıq? On illərlə yüzlərlə görüşlər, danışıqlar oldu, araya vasitəçilər girdi, söz də bezdi, dil də yoruldu, düşmən yorulmadı alçaqlığından.

Sonda ORDUMUZun, Dəmir Yumruğun gücü sözünü dedi! İndi də QAYIDIŞIN şəklinə baxanda, kadrları izləyəndə adamın ürəyi az qalır köksünü yarsın fərəhdən, burada söz çox acizdir. Qayıdışdan kadrları həyəcanla izlədim. 7 yaşlı uşaq Ağalıda təhsil alacağından elə sevincək danışırdı ki... Hətta yeni sinif yoldaşlarının adlarını da çəkdi. Bu, nə qədər böyük hadisədir, təsəvvür edirsinizmi?! Bir zamanlar elə ümidsizlik yaranmışdı ki... Bəziləri düşünürdü ki, daha getdi, bir daha qayıdası deyil torpaqlar. Əsəbiləşib “Qarabağ qayıtmayacaq, Qarabağ yerindədir, biz Qarabağa qayıtmalıyıq” deyən Aqil Abbası xatırladım zəngilanlıların qayıdışına tamaşa edəndə. Şükürlər olsun, qayıdırıq, yerində olan Qarabağa, Şərqi Zəngəzura!

Zəngilanda ilk “Ağıllı kənd” layihəsinin açılışı ilə "Böyük qayıdış"  prosesinə start verildi - TƏHLİL

Çoxları işğal dönəmində güman edirdi ki, nəsillər dəyişəcək, yeni uşaqların yadına düşməyəcək Qarabağ. Amma yox, Zəngilanın işğalının 20-ci ilində dünyaya gəlmiş adını bilmədiyim o oğlan uşağı sevinə-sevinə köçə qoşulmuşdu, gözlərində işartı, ürəyində sevgi. Bax, bu sevgi idi bizi Qarabağa qaytaran, düşməni zəbun edən. Təsadüfi deyildi ki, Qarabağı azad edənlər əsasən işğal dövründə dünyaya gələn gənclərimiz oldu. Vətən, yurd sevgisi gendən gəlir, irsən ötürülür, düşmən bilsin və qulağından sırğa eləsin birdəfəlik!

c14de216-ac2c-4a34-88a8-d8c6ed70f895.jpg (147 KB)

Mayın 5-də “ “Böyük Qayıdış”ın “ZƏNG”i çalınmaq üzrədir…” yazmışdım. Ondan bir gün əvvəl Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonuna xüsusi nümayəndə təyin etmişdi! Bu, qayıdışın müjdəçisi olan təyinat idi. Zəngilan Azərbaycanın işğal edilən sonuncu rayonu idi, 1993-cü il oktyabrın 29-da Zəngilan Rusiyanın köməyilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Araz çayının sol sahilində yerləşən Zəngilan şimal-qərbdən Ermənistanla – Qərbi Zəngəzurla, cənubdan və cənub-şərqdən İranla həmsərhəddir. Təsəvvür edin, zəngilanlılar erməni faşistlərinin hücumu zamanı nələr çəkmişdilər... Sağ qalmaq üçün Araz çayını adlamaq məcburiyyətində qalanlarla yanaşı, yurdunu tərk etməyərək, evində qalanlar da olmuşdu... İndi onların da ruhu şaddır, bütün şəhidlərimiz kimi, Zəngilanın sahibləri qayıdır!

BÖYÜK QAYIDIŞ”

Qulu Məhərrəmli bir vaxtlar danışmışdı ki, anası qəfildən durub “Zəngilana gedirik?” deyə soruşarmış ömrünün son illərində... Bir anlıq o səhnəni göz önünə gətirin, bir övlad üçün yaşlı anasını öz evinə apara bilməmək qədər ağır nə ola bilərdi? Hələ onun vəsiyyətinə əməl edə bilməməsinin ağrı-acısını... İndi o ananın da ruhu şaddır, evinin yeri azaddır, hələlik abad olmasa da...

Düzdür, qarşıda böyük işlər var. Zəngilandan Mincivan stansiyasından Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan qardaş Türkiyəyə gedəcəyik! Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcək! Dörd və altı zolaqdan ibarət olan avtomobil yolu sürətlə tikilməkdədir. Üstəlik, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir - Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək yol! Və Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası sürətlə aparılır! Ermənistan özünü hələ də ora-bura çırpır, Azərbaycan qurur, yaradır...

Düzdür, görəcəyimiz işlər çoxdur, lap çox. Erməni vandalizmi tar-mar edib yurdumuzu. Təkcə Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə (Ağ oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri) və 79 kənd olub işğalaqədərki dövrdə. Yer üzündən siliblər, yazı taxtasından təbaşiri silgi ilə silən kimi. Nə tarixə baxıblar, nə Allah evi - məscid tanıyıblar, nə floraya rəhm ediblər, nə də faunaya. Erməni vandalizmi nə qanır Zəngilanın min illik Xan çinarının qədir-qiymətini? Zəngilanın çaylarını zəhərləyiblər, bitki örtüyünü məhv ediblər 27 illik işğal dönəmində. Erməninin olmayan “irsi”nə yas tutan Avropa Parlamentindəki ermənisifətlilər də görməzdən gəldi Azərbaycan adına olanların məhvini. Ermənilər gecəli-gündüzlü daşıyıblar, daşından tutmuş, qızılınadək. Buna görə də cəzalarını alacaqlar, mütləq! Elə talançılıq ediblər ki, bunların üstündən keçmək olmaz!

Qarabağa Böyük Qayıdış: Ağalı kəndinin ilk sakinləri yola salınıb -  YENİLƏNİB + FOTO/VİDEO - Editor.az

Tədricən həyat da öz axarına qayıdacaq. Əsas odur ki, “insan məskən salır”, bu yurdun əsl sahibi qayıdır, dövlətimizin təməlini qoyduğu yurdlar getdikcə daha sürətlə tikiləcək, abadlaşacaq. Yəqin ki, günün birində dövlətə dəstək olmaq istəyənlərə, öz evini qurmaq arzusunda olanlara da imkan yaradılacaq, tikinti-abadlıq işləri sürət götürəcək. Çünki bu işlərin sürətlə aparılmasına ehtiyac var, nə qədər tez Qarabağa, Şərqi Zəngəzura qayıtsaq, qayıdanlarımızın sayı nə qədər çox olsa, bu, bizim düşmənlərimizin də yerində oturması, onların arxasında mızıldananların səsinin kəsilməsi demək olacaq. Şəklərini vuracaqlar birdəfəlik!

Təsəvvür edin, bir az da keçəcək, yüz minlərlə azərbaycanlının yaşadığı Şərqi Zəngəzur və Qarabağda cəmi 25 min erməni qalacaq (mı?). Müqayisənin özü belə gülməli görünəcək, bitəcək bütün söhbətlər! Odur ki, bu, bir başqa qayıdışdır! Bu, Azərbaycanın 200 illik tarixində olmayan hadisədir. Bu hadisəyə şahidlik edənləri də şanslı saymaq olar. Hamımıza təbrik düşür. Vaxt gələcək hər kəs bu gün haqda nəvə-nəticələrinə danışacaq... Tarixi vərəqləyin, nə qədər torpaq itirmişik, bizi əhatə edən bütün dövlətlərdə torpaqlarımız qalıb, amma heç birindən bir metr geri ala bilməmişik. 44 günlük Vətən savaşında iki əsrdə rekord nəticəyə imza atmışıq torpaqları azad etməklə, üstəlik, azad etdiklərimizə QAYIDIRIQ, əbədi yaşamaq, yaratmaq üçün! Biz on illərlə yurd-yuva, Vətən həsrəti çəkdik, bayatılarımız, mahnılarımız yurd həsrətinə bələndi, ağıya döndü. Bu günlər artıq Ağalıya qayıdışın timsalında yeni tarixin bünövrəsi qoyulur, nəğmələrimizin də ruhu yenilənir, ruhumuz təzələnir...

19 iyul 2022-ci il sıradan tarix deyil. Bəlkə də dövlət tərəfindən bu günlə bağlı xüsusi qərar veriləcək: Şərqi Zəngəzura “Böyük Qayıdış”ın başlandığı şərəfli tarix olaraq bayram kimi qeyd olunacaq. Gözəl səslənir, deyilmi: Şərqi Zəngəzura “Böyük Qayıdış” günü! Gözün aydın, VƏTƏN (daş)!!!

Zəngilanın Ağalı kəndinə böyük qayıdış başladı - Fotolar

Yaxşı xatırlayırıq, 5 il əvvəl, 2017-ci ilin iyulunda Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinləri öz yurdlarına, evlərinə ƏBƏDİ dönmüşdülər. 2016-cı ilin Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsi nəticəsində təhlükəsizliyi təmin edilən, yenidən qurulan Cocuq Mərcanlı öz sakinlərini qoynuna almışdı. O zaman ən böyük duamız bu olmuşdu: inşallah tezliklə Şuşamız başda olmaqla, Qarabağımıza qayıdaq! Şuşadakı Aşağı Gövhərağa məscidinin eyni olan məsciddəki ilk duamızı Allah eşitdi, ordumuza güc-güvvət verdi. Şükürlər olsun! Qayıdışın növbəti mərhələsi başlayıb, bu dəfə Zəngilan yurduna! Start verildi mübarək prosesə. Davamı daha möhtəşəm olacaq!

Eviniz, eşiyiniz mübarək olsun, Ağalı camaatı! Dövlətimizin gücü sarsılmasın, Bayrağımız bir daha yurd yerlərimizdən enməsin, insanlarımız qaçqınlıq-köçkünlük nədir bilməsinlər! Bu axşam Ağalının işıqları gur yanacaq. İşığınız heç zaman sönməsin, Ağalı kəndinin əziz sakinləri, qoy Arazın o tayındakı soydaşlarımız da bizə qarışıb sevinsinlər, düşmənlərimiz baxıb kor olsunlar!

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости