Свобода людям, независимость нациям!

Sənətkara şans verən şantajçı

2104 03.07.2022 10:21 Колумнисты A A

 

Ortalıqda yenə videolu şantaj söhbəti var. Bu dəfə şantajçıların əlinə şalvarsız düşən adam məmur və ya iş adamı deyil, xalq artistidir. Adını özüm yazmıram.

İndiki şantajla əvvəlki şantaj vaqiələri arasında bir neçə fərq var. Biri odur ki, sənətkar videosunun yayılacağı günü, saatı gözləməyib və bu haqda özü məlumat yayaraq şantajçını qabaqlayıb.

İkinci fərq odur ki, müəllim indiyədək şantajçıya qəpik də ödəməyib, düzdür, ona pul-para söz verib, amma üzrlü səbəbdən sözünü tuta bilməyib. Üzrlü səbəb də odur ki, adamın pulu yoxdur. Necə deyərlər, “şairdə pul nəəzir bu istidə” məsələsi.

Üçüncü fərq də budur ki, şantajçı xalqımızın müqtədir artisti ilə Anadolu türkcəsində yazışıb və hesab edir ki, bu “petrol ölkəsi”nin “sosyetik qrupu”na aid olan şəxs pulludur. Deyəsən, şantajçı bizim müəllimi Kvanc Tatlıtuğ qədər varlı və populyar sayır, deyir, səndə də para olmayacaq, bəndəmi olacak.

291505128_3086830384962013_11902697027278555_n (3).jpg (37 KB)

Aktyora bir neçə dəfə şans verən və israrla onun göndərəcəyi pulu gözləyən adam bilmir ki, bizdə artistlər (bəzi aktrisalar istisna olmaqla) kasıbdırlar. Populyarlığa qalsa isə çıxıb küçədə soruşsaq, şantaja məruz qalan xalq artistini yüz adamdan 90-u tanımayacaq. Bəlkə video yayılandan sonra tanıyalar.

Başqa fərqlər də var, amma onlar boş şeylərdir. Əsas odur ki, dünya köhnə dünyadır, şantaj üsulları da köhnədir, sadəcə, şantaj olunanlar təzədir.

Belə anlaşılır ki, müəllim kompüter monitoru qarşısında soyunan və müəyyən hərəkətlər edənlərin qrafasına daxil olub. Onun videosunu çəkiblər, indi də deyirlər, yəmin edərim səni rəzil edərik, paranı göndər.

Bax, bir belə yazırıq, maarifləndiririk ki, noutbuk, mobil telefon və ya stasionar kompüterin qarşısında soyunmayın, hər “canım, necəsən, üstündə nə var” deyənin xahişinə görə üstünüzdəki paltarı çıxarmayın, yenə xeyri yoxdur.

Tərs kimi, bu ölkədə 14-dən 74-ə qədər bütün kişilərin mobil telefonu var və şantajçı qadınlar (eləcə də onların qeyrətini çəkən kişilər) seçim etmək üçün geniş imkanlara malikdirlər.

Təbii ki, onlar üzü civzəli yeniyetmələri və ya 17-18 yaşlı gəncləri soyundurub, videoya çəkib şantaj etməklə heç nə əldə edə bilməzlər. Belə uşaqlar onları asanca rus gəmisinin getdiyi yerə göndərərlər, sonra da öz “hi-hi-hi, ha-ha-ha” videolarını çəkib yayarlar.

Şantajçılara, türkün sözü, yaşlı-başlı, olqun kişilər lazımdır ki, həm ailəli, həm pullu, həm də vəzifəli olsunlar, birinci və üçüncünü itirməməkdən ötrü ikincini itirməyə tez razılaşsınlar.
Hiss olunur ki, şantalçılar xalq artistinin şəklinə, bazburutuna baxıblar, deyiblər, aha, növbəti qurbanı tapmışıq. Amma sən saydığını say... Müəllim onlara pul tapıb verməkdənsə, hüquq-mühafizə orqanlarından kömək istəyib.

Bu yaxınlarda dostlardan ikisinin başına buna bənzər hadisə gəlib. Sosial şəbəkədə onlara dostluq sifarişi gəlib, qəbul ediblər. Az sonra bir qəşəng fotolu xanım onlardan birinə “canım” deyə müraciət edərək yazıb ki, bəs nə edirsən, üstündə var. Bu da 40 ilin lotusudur, bilib ki, axırda nə olacaq, götürüb “xanım”a belə yazıb: “Heç nə. Soyunub oturmuşam noutbukun qabağında, gözləyirəm zəng edəsən, görüntülü danışaq, qarnımı qaşıyım, sən də videoya çəkəsən”. Bundan sonra əlaqə kəsilib, adam blok olunub.

O biri bəradər isə bir az uzun yazışıb, şəkildən baxan “gənc və gözəl qadın”ın suallarına səbrlə cavab verib. Amma iş intim məqama çatanda və xanım buna “yanıram” yazanda götürüb FHN-nin qaynar xəttinin nömrələrini atıb, yazıb ki, bunlara müraciət edin, yanğın işlərinə onlar baxır. Burada da əlaqə dərhal kəsilib.

Ona görə də əziz kişi xeylaqları, siz də belə edin. Unutmayın ki, müftə pendir siçan tələsində ola bilər, amma virtual alımdə müftə əyləncə olmur, adama real aləmdəki əyləncənin beşqat qiymətini ödədirlər.

Ödəməyə gəlincə, “ilişsəniz” şantajdan qorxmayın, şantajcıya boyun əyməyin. Atalarımız bu kimi durumlar üçün deyiblər: “Kişinin başına iş gələr”.

Bir də heç kəs unutmasın ki, dünyada erotik videoya çəkilməkdən daha rəzil bir iş var: adamı videoya çəkib pul üçün şantaj etmək. Bu, ən axırıncı, ən əclaf yoldur.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости