Свобода людям, независимость нациям!

Sektaların “setka”ları, muzdlu ibadətçilər, bir də “Salam, Fernandes”

1889 22.07.2022 09:05 Колумнисты A A

 

Ötən əsrin 90-cı illərinin axırlarıydı, bir gün işdən çıxıb Şəhriyar klubunun tinini dönməkdəydim ki, önümə 7-8 nəfər çıxdı. Dəstənin içində yaşları 35-50 yaşda kişilər və qadınlar vardı. İrqi və milli baxımdan qarışıq qrup idi: sarışın, ağbəniz, qarayanız , kürən adamlar idi.

Onlardan biri, təxminən 40 yaşlarında olan, şəhər uşaqlarının “xalaşka” adlandırdıqları tipdən olan slavyan görünüşlü qadın gözləri parıldaya-parıldaya mənə müraciət etdi, rusca “sizi bir dəqiqə olarmı” deyə soruşdu. Onun gözləri ya yüngülvari içkidən eləydi, ya da bir az sonra deyəcəyim səbəbdən. Qadına “olar” dedim və güman etdim ki, bunlar turistdir, indi məndən ünvan soruşacaqlar.

Ancaq qadın (güman ki, o, dəstənin başçısı idi) başqa söz dedi: “Siz Yəhova şahidləri haqqında eştmisiniz?” Təsdiqlədim, dedim, bəli, eşitmişəm, xristian sektasıdır. Dəstəbaşı dedi: “Biz Yəhova şahidləriyik”. O bir iki cümlə ilə öz müqəddəs, “ən düzgün sekta” olduqlarını bildirərək sözünün canını dilə gətirdi: “Bizə qoşulmaq istərdinizmi?” Dedim, madam (nəyə görəsə elə dedim), mən özüm ateistəm, heç bir dinə-filana inancım yoxdur, təriqət, sekta mənlik deyil.

Qadın əl çəkmədi, gözlərini əvvəlcə geniş açaraq, sonra qıydı və nüfuzedici tərzdə, bir az da mərhəmanə səslə dilləndi: “No, Boq vıbral imenno vas”. (“Amma Allah məhz sizi seçdi”).

Qadın məhz belə dedi və mənə aydın oldu ki, onun gözlərindəki parıltı içkidən deyil, məhz dini motivli vəcdəgəlmədəndir. Amma elə çıxırdı ki, yüz milyonlarla ulduza, onların ətrafında dolanan planetlərə malik sonsuz kəhkəşana nəzarət edən Boqun başqa-işi-gücü yoxdur, mənim Şəhriyar klubunun tinində bunların qabağına çıxmağımı düzüb-qoşub ki, ateistlikdən əl çəkərək Yəhova şahidlərinin vasitəsi ilə dinə, imana gəlim.

Qadının qılıqlı yanaşması, məhrəm kəlmələri xoş olsa da, açığı, inanmadığım, amma hörmət etdiyim Boqun məni Yəhova şahidlərinə calaşdırmaq istəməsi xoşuma gəlmədi. Fikirləşdim ki, bu nə seçimdir, bu nə tövsiyədir, öz təriqətlərimizə nə gəlib, çox lazımdırsa, Əliyən vəliyula olaram də, mənim yeddi ölkəni basa-basa ölkəmizə gəlmiş missionerlərin sektasında, “setka”sında nə işim var.

Çox qısa şəkildə Yəhova şahidlərindən ibarət qrupa dedim ki, Allah işinizi avand eləsin, amma cənnətə-filana çox da ümid eləməyin, elə şey yoxdur. Onlar təəssüfedici görkəmdə, güman ki, ürəklərində “Allah səni hidayət eləsin”in Yəhova variantını fikirləşə-fikirləşə aralaşıb getdilər.

Bu hadisənin üstündən 3-4 il keçəndən sonra bir dəfə redaksiyada Qabil Abbasoğlu ilə oturub yazı redaktə edə-edə göft-gu edirdik. Elektron poçtumuzu yoxlayanda məlum oldu ki, Gəncədən bir yazı və 3-4 şəkil göndəriblər. Öncə şəkilləri açıb baxdıq. Yekə bir iclas zalında çoxlu adamın toplaşdığını və ibadət etdiyini göstərən şəkillər idi. İntəhası, bu şəkillərdə görünən adamlar nə sünni, nə də şiə ibadəti etmirdilər, üstəlik, kişilər və qadınlar birlikdəydilər.

Yazını açıb oxuduq ki, şəkildə görünənlər Yəhova şahidləridir. Yazı müəllifi bildirirdi ki, son aylarda Gəncədə onların sayı çox artıb, müxtəlif yerlərdə toplaşır, izdihamlı ibadətlər edirlər, bir sözlə, din əldən gedir, hüquq-mühafizə orqanları hara baxır.

Həmin il seçki iliydi, hüquq-mühafizə orqanlarının başı qarışıq idi.

Biz əvvəlcə İmam Hüseyn şəhərində (el arasında Gəncənin dini adı belə gedir) bu qədər Yəhova şahidinin olmasına heyrətləndik. Qısa müzakirədən sonra belə bir qənaətə gəldik ki, ortada pul söhbəti var və bu adamlar bu zala sırf 5-10 manat qabağa düşmək üçün yığışıblar (sonradan bu versiya təsdiqləndi). Ayrıca dedim ki, Qabil, qorxulu bir şey yoxdur, 1400 ilə kütləvi ibadət etməyi öyrənməyən xalq 5 günün içində durub Yəhova şahidi olası deyil.

Sonrası yaxşı oldu: hüquq-mühafizə orqanlarının başı seçkidən ayazıyan kimi ölkəmizə doluşan və “insanları dinindən döndərən” missionerləri ölkədən perikdirdilər. Amma sektant həmlələri bitmədi, gah biri, gah o biri kütləviləşməyə başladı. İnsanlarımız da sanki ruhani-mənəvi planda aclıq çəkirmişlər, hər dəfə həvəslə yeni sektalara qoşulurdular.

Bir dəfə dostlar pulgirlikdə ad çıxarmış bir tanışımızın populyar sektaya qoşulduğunu xəbər verdi. Gümanımız dərhal ora getdi ki, ortada pul söhbəti var. 5-10 gündən sonra adamla rastlaşdıq, soruşduq ki, o nə məsələydi, dedi, hessad, getdim, gördüm, kabab nə gəzir, eşşək dağlayırlar.

İndi baxıram ki, yeni sekta yaranmaqdadır, orda-burda uşaqları toplayır, “Salam, Fernandes” mahnısı oxutdururlar. Görünür, ortada yenə pul-para var.

Əslində, Luis Fernandes yaxşı futbolçu olub, amma o vaxt o, Maradonanın, Platininin, Tiqananın, Zikonun kölgəsində qalmışdı. Ondansa “Salam, Hacı” oxumaq yaxşı olardı. O nəslin futbolçuları arasında Georgi Hacı qədər yaxşı oynayan yox idi.

P.S. Bir görəydim, 2003-də Yəhova şahidlərinin başına yığışaraq ibadət edənlərin nə qədəri indi hansı sektada fəallıq edir...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости