Свобода людям, независимость нациям!

ŞƏHİDLİKDƏKİ BAYRAĞIMIZ

9437 18.10.2009 08:49 Колумнисты A A

Bakını qurtarmağa gəlmiş və bu müqəddəs torpaqlarda şəhid olmuş türklərin anıt qəbirlərinin üstündəki bayrağı bir anın içindəcə söküb atdılar.

Azərbaycan iqtidarı bu ilin mart-aprelində daha təmkinli, daha ağıllı oynayırdı və bu səbəbdən də Türkiyənin yarısını, bəlkə də daha artığını özünün müttəfiqinə çevirə bilmişdi. Ərdoğanı, onun iqtidarında prezident işləyən sayın Abdullah Gülü, bütün AKP iqtidarını Türkiyədə, paytaxt Ankarada sıxışdıran iqtidarımızın həmin günlərdəki taktika və gedişləri hər kəs tərəfindən təqdir qazanırdı. Ölkə (Azərbaycan) müxalifətinin müəyyən kəsimi ilə də təmaslara girib, onların da Türkiyədəki imkanlarını qullanan rəsmi Bakı prosesin həmin partiyasını müvəffəqiyyətlə bitirdi, AKP iqtidarını Bakıya, ayağınacan gətirtdi, onu Azərbaycan qarşısında andiçə vadar etdi.

İndi isə... Hər şeyi anlamaq olar. Amma hər bir türk üçün müqəddəs olan (və həm də Şəhidlikdəki!) bayrağa əl uzatmağın mənasını, məntiqini anlamaq mümkün deyil! Azərbaycan iqtidarı bircə yanlışla Türkiyədəki on milyonlarla tərəfdarımızı özünə qarşı qoyduğunu bəlkə də fərq etmir.

AKP iqtidarının yanlış yapdığını, ermənilərə qucaq açaraq məzlum Azərbaycan türkünün onsuz da yaralı ürəyini daha da parçaladığını bilirik. Sərkisyan Türkiyədə olanda Azərbaycan sızlayırdı... Bursadakı bayraq skandalından da xəbərimiz var. Sadə azərbaycanlının və sadə türkiyəlinin bilmədiklərini də bilirik. AKP mediasının Azərbaycan iqtidarına, onun rəhbərinə qarşı qara piara start verməsinə, məmurlarımıza aid şirkətlərə, biznesə problem yaratmasınacan hər şey məlumdur. Azərbaycan iqtidarının bunlara cavab haqqını da qəbul etməyə hazırıq. Amma və lakin bu cavab Şəhidlikdəki bayrağa yönəlməməli idi! Olmamalı idi! Şirkətlərdən, qurumlardan - hər yerdən yığışdır, qadağan elə, amma Bakını, Azərbaycanı qurtarmış, bizə dövlət yaratmaq, milli bayraq dalğalandırmaq imkanı vermiş Nuru paşanın əsgərlərinin ruhunu incitməyin! Bizləri də çarəsizliyə soxub utandırmayın!

Gəncədə, Göyçayda, Qaraməryəmdə, Şamaxıda, Bakı kəndlərində erməni-rus quldurları ilə döyüşdə şəhid olmuş, qanı bu torpağa axmış, cismi bu torpağa qarışmış, ruhu vətənimizə bağlı, cənnətin qapısını Azərbaycandan döyən o türk əsgərinin günahı nə? Gülüm Abdullah bəyə, canım Tayyib bəyə qəzəblənib şəhid əsgərin ruhunu oxşayan o gözəlim bayrağı da sökərlərmi?

O, bizim bayraqdır, Bakı uğrunda şəhid düşmüş Anadolu türklərinin məzarı üstündə dalğalanan qoşa bayrağın ikisi də Azərbaycanındır.

Türkiyədəki Azərbaycan dostlarından məktublar, e-maillər alıram. Cavab verə bilmirəm onlara! O insanlara ki, türk bayrağı onlar üçün hər şeydi! O insanlara ki, AKP iqtidarının və dünya güclərinin yapdıqlarına qarşı dirənən İlham Əliyevə son aylarda simpatiya bəsləyirlər. O insanlara ki, Bursada bayrağımıza olan həqarətdən sonra evlərinə, iş yerlərinə, QƏRARGAHLARINA Azərbaycan bayraqları asıblar. Onlar elə məyusdur ki!

Azərbaycanın Türkiyədəki dəstəkçilərinin sayı 8 milyonluq əhalimizdən ən azı 3-4 dəfə çoxdur. Bu, həm də o deməkdir ki, Azərbaycan adına olan hər şeyin və hər kəsin, o cümlədən də iqtidarın Türkiyədə o qədər dəstəkçisi var. Dünyanın ikinci belə ölkəsi də yox! İndi onlardan nə qədərini kayb etdik əcaba ötən cümə günü... Bir düşünən varmı bunu iqtidarda?!

Bu yanlışlıq düzəldilməlidir. Lazım gəlsə, “Bayraq haqqında” Azərbaycan Respublikası qanununa dəyişiklik edilməli və Şəhidlər Xiyabanındakı o bayraq - sənin, mənim, - türkün bayrağı yerinə qaytarılmalıdır.

***

Çox mürəkkəb, çətin bir dönəm yaşayırıq. Türk qövmü sınağa çəkilib. Hər kəs, xüsusilə iqtidarlar tarixi bir məsuliyyətin altındadır.

Çox istərdim ki, Azərbaycan iqtidarı təmkinini itirməsin, bizi və ölkəmizi utandırmasın, həm də Şəhidlikdəki o bayrağımız var ya, - uğrunda ölməyi Allahdan təmənna etdiyimiz, - onu yerinə qaytarsın...

Sanki bir təmir varmış oralarda, daha da gözəl görünməsi üçün müvəqqəti addım atılıbmış...

***

Bu sınaq günlərində Allah hamımıza səbir və zəka açıqlığı versin.

Allah türk qövmünə türk düşmənliyi göstərməsin.

Üçrəngli, ay-ulduzlu bayrağımız qədər al rəngli, ay-ulduzlu bayrağımız müqəddəsdir; bizimdir, doğmadır.

Azərbaycan qədər də Türkiyəmiz!

Anadolu Azərbaycan, Azərbaycansa bir Türkiyədir!

***

Çırpınırdın, Qara dəniz...

Bakıda türk bayrağı endirilib də, bu dəfə ondan dolayı...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости