Свобода людям, независимость нациям!

Səfirliklərimizi necə qoruyaq? - fağır “qoç Koroğlu” və atlı qoruqçunun əhvalatı

1555 19.09.2022 13:51 Колумнисты A A

Köhnə oxucular bilir, yeri gəldikcə, gündəmlə səsləşdikcə, kəndimizdə baş vermiş məzəli və ibrətamiz əhvalatlardan yazıram. İndi yenə birinin yeri gəlib, onu yazım, sonra kəskin şəkildə burulub mətləb üstünə gələrəm.

Deməli, sovet dövründə kəndimizdə bir müharibə veteranı vardı, iki metrlik boy-buxuna malik, köhnə pəhləvanlara oxşayan bir kişiydi. Kənardan baxanda deyərdin, bir manqa adam onun üstünə tökülüşsə, heç nə edə bilməzlər, kişi üç adama bir şillə hesabı ilə 9 adamı 3 saniyədə aşırar. O cür fiziki göstəricilərinə baxmayaraq, bu adamda əsəb-qəzəb, hikkə-barıt deyilən şey yox idi, çox sülhpərvər, mülayim kişiydi. Özünün səmimi etirafına görə, heç müharibədə də faşist öldürməmişdi, sadəcə, o tərəfə güllə atmışdı, amma hansısa düşmənə dəyib-dəymədiyini bilmirdi.

Bir gün bu kişi adi qaydada mal növbəsinə gedəsi olur, yamacda yayxanır, naxırı da səllimi buraxır. Yaşıla cuman inəklər yavaş-yavaş qonşu kəndə məxsus yoncalığa daraşır, amma bizim pəhləvan yerindən qımzanmağa ərinir, deyir, qoy otlasınlar, nə olacaq ki. Fəqət qonşu kəndin yoncalığının qoruqçusu uzaq təpə başından yoncalığa mal-qara təcavüzünü görür, atını çapıb gəlir, heyvanları şallaqlayıb yoncalıqdan çıxarır, atdöşü edərək naxırçı veterana doğru gəlir – sırf onunla dalaşmaq niyyəti ilə. O, əsəbi şəkildə bizim kəndçiyə çatanda veteran yerindən qalxır, atlı qoruqçu baxır ki, bay, qarşısındakı qoç Koroğludur, ta neynəsin, təzədən qayıdıb acığını dilsiz-ağızsız heyvanlardan çıxmağa başlayır. Bu yerdə kəndçimiz strateji səhvə yol verir, xasiyyətinə uyğun şəkildə mülayim səslə və fağır-fağır deyir ki, əmoğlu, bir məsləhət elə dəə. Qoruqçu görür ki, bu fağırın biridir, heyvanları buraxır, pəhləvan boyda kişini salır şallağın altına...

Uzun illər biz də mülayim kəndçimiz kimi olmuşuq, üstümüzə cumanlara fağır-fağır cavab vermişik, qabaqlarından qaçmışıq, onlar da üzümüzü yumşaq görüb sağdan-soldan şallaqlayıblar.

Amma vaxt gəldi, fağır olmağın, qabaqdan qaçmağın çıxış yolu olmadığını anladıq, bir dəfə üstümüzə cumanın ağzının payını verdik, atın üstündən alıb dizimizin altına qoyduq, çığırtıları dünyanı başına götürdü.

İndi bir sıra xarici ölkələrdə (İngiltərə, ABŞ, Livan, Fransa) səfirliklərimizə hücum edənlərə baxıram, yadıma yenə o ikimetrlik kəndçimiz düşür. Deyəsən, yenə bizi fağır görüblər, bilirlər ki, çıxıb cavab verənimiz olmayacaq, ona görə atlanıb düşürlər. And olsun bayrağımızın üstündəki ay-ulduza, bizdən 7 cantaraq adam o hücumçuların qabağına çıxsa, basqınçılar ya dabanlarına tüpürüb qaçarlar, ya da şil-küt edilərlər, leşləri asfaltda qalar.

Düzdür, diplomatik korpus təmsilçilərinin əlbəyaxa davalara girişməsi missiya və funksiyalarına zidd olar, amma bəs necə olsun, biz onların qabağından qaçdıqca üstümüzə gəlir, dövlətimizi, bayrağımızı təhqir edir, millətimizin ünvanına alçaq ifadələr işlədirlər.

Beynəlxalq konvensiyalar, etiket qaydaları, qanunçuluğa riayət, filan-bəsməkan öz yerində, durum normaldırsa, hamıdan artıq riayət edək. Amma görürsünüz ki, üstünüzə cumurlar, evinizə zərər vurmaq, özünüzü döymək (və ya öldürmək) istəyirlər, demək, bütün mümkün vasitələrlə özünüzü və təmsil etdiyiniz dövlətin şərəf və ləyaqətini qorumalısınız.

Yaxşı, bir dəfə hissə qapılmırsan, susub yola verirsən, çığırıb-bağırıb, dağılışıb gedirlər. Ertəsi gün bir də gələcəklər axı. Həm də daha çox. Bu dəfə özləri ilə kəsici-deşici alət gətirəcəklər. Ola bilər ki, bağlı qapıları vurub açmaq üçün “qoç başı” adlanan alət də gətirsinlər və tappatarapla qapımıza çırpsınlar. Onda necə olacaq? İçəridə 6-7 qoç igid lazımdır ki, “qoç başı”yla gələnləri təpə-qapaz eləsinlər.

Bəli, təklif var ki, bəzi ölkələrdəki səfirliyimizin mühafizə xidmətinə 6-7 qoçaq idmançı cəlb edək, deyəsən, bu süpürləşmə hələ uzun müddət gedəcək.

Bəzi dostlar da deyir, yox, biz ermənilərin səviyyəsinə enməli deyilik, onlar kimi mübarizə aparmamalıyıq, onlara oxşamamalıyıq.

Bunlar havayı söhbətlərdir, qardaşlar və bacılar. Başımızın salamatlığını qorumaq üçün hər şeyi edə bilərik və etməliyik. Yoxsa bizi bu regiondan şallaqlayıb qovarlar.

Elə düşüncə futbolda da var, bəzi ölkələrin futbolçuları deyirlər, İtaliya yığmasının oynadığı futbolun səviyyəsinə düşməməliyik. Guya ki, bu antifutbolmuş. Amma bu töhmət italyanların vecinə də deyil, onların məqsədi çempion olmaqdır və vaxtaşırı olurlar, bütün dünya da deyir: “Forza, İtalia”.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости