Свобода людям, независимость нациям!

Sədrin kreslosunun ölçüləri

2408 25.10.2022 09:20 Колумнисты A A

Partiya sədrinin oğlu 2 ay işsiz qalırsa, partiya ləğv edilsin

Dünən Milli Məclisdə siyasi partiyalar haqda yeni qanun projesi müzakirə edildi. Siyasi partiyaların iştirakı ilə. Yəni projeni deputatların səsverməsinə çıxarmazdan qabaq da müzakirə aparılır. Bunun özü haradasa ölkəmizdə demokratiyanın inkişafını göstərir. Biz bu yeni şəraitə öyrəşməliyik. Necə ki, artıq Ağalı kəndində camış ferması açmağımıza öyrəşirik. Moskva da bir günə tikilməyib. Allaha şükür, hərtərəfli inkişaf edirik.

Bəs qabaqlar necə idi? Hansısa qanun birbaşa Prezident Aparatından (o vaxt hələ aparat idi) göndərilirdi Məclisə, sədr onu gündəliyə salırdı, deputatlar çıxışa yazılıb Əli Kərimlini, İsa Qəmbəri və Jak Şirakı bir-iki ağız söyəndən sonra lap axırda dilucu “bu qanun da lap kefin istəyən qanundur, mən ikiəlli, dördayaqlı razıyam” deyirdi, sonra hamı yekdilliklə düyməni basırdı, təzə qanunumuz qışqıra-qışqıra dünyaya gəlirdi. Göbəyini kəsirdilər, həyata atılırdı. Vəssalam.

İndi isə siyasi partiyalara qanun biçiriksə, mütləq həmin siyasi partiyaların fikrini öyrənirik. Vallah, möhtəşəmdir. Özü də bu, xüsusilə partiyalar üçün nəzərdə tutulmuş hansısa eksklüziv situasiya deyildir (savadımı göstərirəm, necədir?) Örnək üçün, yaxın günlərdə media reyestri haqda da nəsə qanun düzəldildi, onun müzakirəsinə qəzetçiləri çağırmışdılar. Güman edirəm gələcəkdə heyvandarlıq haqda qanunlar müzakirə olunanda mütləq mal-qaranın mövqeyi öyrənilməlidir. Dinləmə olmasın, mələmə, movuldama, cippildəşmə olsun. Ən azı çobanları, maldarları, sağıcıları parlamentə dəvət edəcəklər.

Müzakirələri adda-budda izləyərək bəzi maraqlı faktları öyrəndim. Məsələn, yeni qanunda təklif edilir siyasi partiyanın ən azı 10 min üzvü olsun. Əlbəttə, istəyirsən partiyan lap elə özündən və “papka”ndan ibarət olsun, buna etiraz yoxdur, sadəcə, dövlət qeydiyyatı üçün 10 min üzv vacibdir. Müxalifət buna, deyəsən, etiraz edir. Ancaq bu etirazı ciddi saymıram. Doğrudan da, sən 10 min adamı 10 milyonluq ölkədə bir ideya-zad ətrafında birləşdirə bilmirsənsə, sənin siyasi partiya harana yaraşır? Bacarırsan, hakimiyyətə gəl, maddəni dəyiş. Qalanı boşboğazlıqdır. Yaxşı siyasi partiya neynir qeydiyyatı, pis partiya neynir? (Ata sözünü dəyişdim).

İkincisi, təzə qanunda belə maddə var ki, siyasi partiyanın ofisində partiyanın öz bayrağı və dövlət bayrağımız yanaşı asılıbsa, partiyanın bayrağı dövlət bayrağımızdan yekə olmamalıdır. Hm. Fantastik fikirdir. Bu hansı deputatın ağlına gəlibsə, ona xələt verilməlidir. Yaxşı olar Ədliyyə Nazirliyi vaxtaşırı partiya ofislərini gəzib bayraqları metrə ilə ölçsün, nəzarətdə saxlasın.

O cümlədən, qanunda belə müddəa da olmalıdır ki, partiya sədrinin oturduğu kreslo baş nazirin (məsəl üçün - bundan yuxarıya klaviaturam çatmadı) kreslosundan enli ola bilməz. Yoxsa hərdən baxırsan televizorda elə partiya sədri göstərirlər, kreslosunun bir ucu İrana, o biri ucu Qafana çatır, sanki kişi konsulluq açmağa hazırlaşır. Nəyə lazımdır israfçılıq? Təvazökar olmalıyıq.

Bir maddə isə partiya sədrinin Azərbaycanda mütləq 20 il yaşaması şərtidir. Başqa cür yazsam, tutalım sən 19 il qabaq bura gəlmisən, indi istəyirlər üzvlər səni partiya sədri seçsinlər, qəti imkan verilməyəcək. Gərək 1 il də gözləyəsən, 20 il tamamə yetsin. Açığı, olduqca gülünc maddədir, çünki bizim qanunlarda prezident olmaq üçün Azərbaycanda 10 il yaşamaq bəs edir. Belə çıxır partiya sədrliyi prezidentlikdən daha ağır, məsuliyyətli, şərəfli peşədir. Yoxsa onu niyə daha çətin edirik?

Bura da əlavəm var. Təklif edirəm hansı siyasi partiya sədrinin oğul-uşağı 2 ay iş tapa bilmirsə, onun sədrliyi ləğv olunsun, özü parlamentdən qovulsun, ətindən qara qovurma bişirilsin (axırıncını da misal üçün yazdım, yoxsa humanist adamam).

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости