Свобода людям, независимость нациям!

Səbəbin içində batanlar

1549 24.08.2022 09:10 Колумнисты A A

Yaxud mənə necə vergi verildi

Daşkəsənin kəndində qayınata gəlini bıçaqla doğrayıb öldürüb. Qayınana deyir ki, çıxdım küçədə kartof satan maşından kartof alım, qayıdıb gördüm gəlini doğrayıb.

Burada qətlin səbəblərini müstəntiq axtarmalıdır, ancaq biz də yarımçıq jurnalistin vermədiyi sualları özümüzə verməliyik. Məsələn, kəndli niyə kartofu özü becərmir? Ailə münasibətləri nədən bu cür ildırımsürətli gərginlik halına gəlmişdir? Ən əsası: ər hansı cəhənnəmdədir? Xəbərin harasına baxırsan bax, hansı sətri istəyirsən qaldır, altını eşələ, ər yoxdur ki, yoxdur. Ər ölüb. Bunu acığa yazıram. Qayınatanın gəlini doğradığı səhnədə ərə yer yoxdur. Böyük ehtimalla o bir parça çörəkpulu dalıyca ya Bakıda, ya Rasiyada sülənməkdədir. Arvadı isə dəli valideynlərinin arasına buraxıb. Siz burda buynuzlaşın, mən bir azdan gəlirəm. Azərbaycanda neçə belə ailə tanıyırsınız? Axırıncısı Daşkəsəndə idi. Başınız haqqı.

“Avqustun 18-i, saat 15 radələrində Xətai rayonu, N.Əliyev küçəsi 10 ünvanında 1964-cü il təvəllüdlü Cabir Sadıqov ölmüşdür. Aparılmış araşdırmalarla müəyyən edilib ki, orada tikilən 16 mərtəbəli yaşayış binasında qəlibçi işləyən Cabir Sadıqov binanın 9-cu mərtəbəsində iş görən zaman ehtiyatsızlıqdan yerə yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb”.

Adi xəbərdir, eləmi? Ancaq bu araşdırma deyil ki. Bunu “araşdıranın” özünü avqustun 18-də günorta saat 3-də binanın başında işləməyə məcbur etmək lazım idi. O cümlədən, əraziyə məsul əmək müfəttişlərini. Çünki həmin günlərdə şəhərdə dözülməz istilər vardı. Lakin bədbəxt fəhlə çörək pulu üçün günün altında işləməyə məcbur olmuşdu. Bu da axırı - Mixaylo demişkən. Bəlkə biz Günəşə cinayət işi açaq? Hər şeyin səbəbkarı odur.

Saatlıda iki nəfər - əmi və qardaşoğlu kanalda batdılar. Deyir ordan qum çıxarıblar, kanal dərinləşib. Ancaq ölüm səbəbi tək bu deyil. Mərhumlar üzə bilmirmiş. İndi biz onların niyə üzməyi bacarmadığının hesabını kimdən soruşaq? Hansı məktəbimizdə üzgüçülük hovuzu var? Bakıda neçə ərazidə pullu hovuzlar var? Bir nəfərin aylıq üzgüçülük dərsi minimum 60 manatdan başlayırsa, bunu neçə ailə ödəyə bilir? İslamiadada istəyirsiniz 185 medal alın, camaat üzə bilmirsə, nəyə lazımdır?

Mən bir dəfə Google Earth proqramında Almaniyanın kiçik şəhərinə baxmışdım. Şəhərdə 22 futbol stadionu vardı. Mini-futbol yox, 100 metrlik, standart futbol sahəsi. İdmana qayğı belə olur.

Söhbət suya düşmüşkən, bu yaxında Binəqədi tərəfdə su borusu partlamışdı. Fotolar vermişdilər, yetərincə lətifəvari əhvalat idi: kimsə sən demə vaxtilə böyük su borusunun üstünü satıb, orda ev tikiblər. Söhbət xırda-mırda borudan yox, qəsəbəni su ilə təmin edən böyük borudan gedirdi.

Bəs o borunun üstünü camaat özbaşına tutubmu? Yox. Axtarsan hərənin əlində “sovetlikdən arayış”, “bələdiyyədən çıxarış”, nə bilim, “icradan sıçrayış” sənədləri, arayışları, aktları-zadları var. Bəs o cinayətkar məmurları niyə tapıb su borusunun cırılan yerinə çiv kimi basmırsınız? Elə bələdiyə sədri var, peysərinin qalınlığıyla Ceyranbatan su borusunu üç dəfə izolyasiya eləmək mümkündür. Eləyən yoxdur.

Qabaqlar mən çoxqatlı binada yaşayırdım. Böyürdə su anbarı vardı. Bir gün kimsə anbarı hasarladı, yanında villa ucaltdı, anbarı da saldı kamali-ədəblə həyətinə. Soruşduq əjdaha qardaş kimdir, dedilər administrasiyada işləyir. Məcburən susduq. Hər gecə bizə 1 saat su verirdi. Əvəzində ağzına ən igid oğlanı atırdıq.

Sonra mən hadisədən bezib həyət evinə köçdüm. Burda da bir gün su kəsildi. İdarədən yardım istədim, işçi gəldi, gəzə-gəzə gedib su xəttinin üstünə çıxdıq. Gördüm burdakı imarətlər heç Fransada Versal sarayında yoxdur. İşçi dedi bilirsən bunların yiyələri harda işləyir? Dedim bilirəm. Açıqladım. Təəccübləndi: “Sən bunu hardan bilirsən?” Dedim binada yaşayandan mənə vergi verilib.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости