Свобода людям, независимость нациям!

Savaşların ən pisi – Yaxın Şərqdəki qovğa din əsaslı koalisiyalar yaradır

2172 30.10.2023 09:30 Колумнисты A A

 

12-13 gün əvvəl HƏMAS hərəkatını dəstəkləyən miqrantların ölkəyə girişini qadağan etməklə hədələyən eks-prezident Donald Tramp dünən təhdid siyahısına Amerikada təhsil alan və İsrailə qarşı çıxan tələbələri də salıb. Tramp deyib ki, hakimiyyətə gəlsə, həmin tələbələrin hamısını ölkədən qovacaq.

İsrailin baş naziri Binyamin Netanyahu Fələstin-İsrail münaqişəsinin tarixindən danışarkən qədim müqəddəs kitablara istinad edib, oradan yəhudilərin düşmənlərinə necə amansız olmalı olduqları barədə sitatlar gətirib.

Buna cavab olaraq sosial şəbəkələrdə Qurandan iqtibaslar edərək yazanlar var ki, orada da yəhudiləri və xaçpərəstləri dost tutmağın yanlışlığı qeyd olunub.

Dağıstanın yəhudi icmasının rəhbəri Ovadya İsakov Dağıstanda vəziyyətin çox çətin olduğunu, insanların qorxduğunu, yəhudilərə hədə dolu zənglər edildiyini, Dərbənddə yaşayan 3-4 yüz ailənin hara aparılacağını bilmədiyini deyib. Mahaçqalada İsraildən gələn təyyarə ilə bağlı insident, insanların toplaşaraq yəhudilərin ölkədən çıxarılması tələbləri səsləndirməsi isə fincanı daşıran son damla rolunu oynayır.

Dünyada din savaşı başlayır, nədi?

Ermənilərlə azərbaycanlıların arasında fasilələrlə 125 ildir davam edən qanlı ixtilafın əsas səbəbi dini əqidə ayrılığı olmadığı kimi, yəhudilərlə ərəblərin arasındakı münaqişə də, qədimliyinə baxmayaraq, din davası deyil. Hər ikisi torpaq, ərazi davasıdır, yaşayış uğrunda mübarizədir.

Heç Anadolu türkləri ilə yunanların, o cümlədən Kıprıs türkləri və həmin adada yaşayan yunanların qovğası da dini etiqad fərqliliyinə görə deyil. Bu ixtilafın səbəbi də klassik plandadır.

Ancaq son görüntü belədir ki, münaqişə tərəfləri öz əllərini gücləndirmək üçün din faktorundan yararlanmaq istəyir, az qala dini əsaslı koalsiyalar yaratmağı düşünürlər. Müsəlman ölkələri Fələstin-İsrail müharibəsində birincilərin tərəfini tutur, xristian ölkələri isə İsrailə qahmar çıxır. İstisnalar da var, amma ümumi qaydanı pozmur.

Bəzi müsəlman ölkələrində, eləcə də müsəlman icmanın daha böyük olduğu şərhərlərdə (məsələn, Dərbənddə) yəhudilərin kütləvi hücuma, talana məruz qalmaqdan qorxmalarının səbəbi budur.

Dərbənddəki, Almatıdakı, Buxaradakı yəhudilər nəyə görə İsrailin Qəzzanı bombalamasına görə məsuliyyət daşımalıdırlar? Onlar başqa-başqa ölkələrin vətəndaşlarıdır və başlarını aşağı salıb işlərini görür, həyatlarını yaşayırlar. Bu millətin təsis etmiş olduğu dövlətin siyasi dairələr haradasa, necəsə, ədalətsizliyə yol verəcəksə, ondan 3-4 min kilometr aralıdakı dinc insanlar yalnız həmin dindən və ya millətdən olduqlarına görə məsuliyyət daşıya bilməzlər.

Amma biz elə dünyada yaşayırıq ki, ayrı-ayrı siyasi dairələr, insan qrupları mütləq bu amilə diqqət yetirirlər. II dünya müharibəsində savaşa qaatılan ölkələrdə almanlar ya kütləvi şəkildə deportasiya edildilər, ya da həbs olundular. Elə almanlar da “düşmən ölkələr”in dominant xalqının təmsilçilərinə eyni sifəti göstərdi.

Qloballaşmanın, kosmopolitizmin sürətlə tərəqqi etdiyi dövrdə güman olunurdu ki, insanlar milli və dini ayrı-seçkiliklər etməkdən yan ötəcək, insanlara hansı dindən, irqdən və millətdən olmaları prizmasından yanaşmayacaqlar.

Bu məsələdə daha tolerant olan Avropada belə, artıq insanlar arasında din, millət, irq ayrımçılığı edirlər. Son illərdə “qoca qitə”də “gəlmə”lərə, yəni başqa dövlətlərdən (əsasən də müsəlman ölkələrindən) gələn miqrantlara qarşı ksenofobiya hallarının artması göz önündədir. Hətta miqrantlara qarşı sərt tədbirlər görəcəyini vəd edən siyasi partiyalar daha çox seçici səsi alır, seçki birincisi olurlar. İsveç, Danimarka, Hollandiya, Fransa, Avstriya kimi ölkələr bu qəbildəndir.

Dünyada belə bir anormal tendensiyanın başlanmasının başlıca baiskarları Yaxın Şərqdə baş qaldıran, dini ideologiyaya önəm verən, şəriət qayda-qanunlarınıın hökm sürdüyü dövlətlər qurmaq istəyən təşkilatlar, ayrı-ayrı ölkələrdə hakimiyyətə gələrək teokratik rejimlər bərqərar edən hərəkatlar oldu. Onlar öz ölkələrində dini dövlətlər quraraq, Avropa ölkələrindən demokratiya, insan haqlarına riayət, haqq-ədalət tələb edirlər. Özlərində küçədə və ya stadionda xaç çevirəni cəzalandırır, amma Avropanın əsas meqapolislərində ard-arda məscidlər tikdirir, sırf müsəlman uşaqların təhsil alması üçün məktəblər açdırırlar.

Belə ikili standartdan xəbər verən hərəkətlər sonda qarşı tərəfdə də kütləvi şəkildə özünüqoruma instiktini oyatmalı idi. Bir millət üçün başlıca özünüqoruma hissiyyatı millətçi partiyalarda, dini identikliyi ön ölana çıxaran təşkilatlarda birləşməkdir. Hazırda Avropada həmin proses gedir. Məhz ona görə də Stokholmun mərkəzində silsiləvi şəkildə Quranı yandıran iraqlı Salvanı yüzdən artıq polis işçisi qoruyur, ona etiraz edənləri isə həbs edirlər.

Min illərin qan ocağı olan Yaxın Şərqdə alovlanan yeni müharibə isə ona görə ətrafa təhlükə saçır ki, artıq yaxın-uzaq ölkələrdə buna laqeyd qalan yoxdur. Region dövlətləri bir şəkildə bu savaşa qatılırlar – hələlik passiv şəkildə. İndiyədək dini, milli motivli münaqişələrdən uzaq olan Orta Asiya respublikalarının yerli əhalisi də artıq dini kimlik üzərindən öz səflərini bəlirləyirlər. Dünən xəbər yayılmışdı ki, yəhudi əsilli rusiyalı müğənni Andrey Makareviçin Daşkənddə, Bişkekdə, Astana və Almatıda nəzərdə tutulan konsertləri ləğv olunacaq.

Belə durumlar Azərbaycan kimi gerçəkdən tolerantlığa və multikulturizmə önəm verən, dünyəvi dövlət quruluşunu inkişaf etdirən ölkələri naqolay durumda buraxır. Bir-birinə sırf dini etiqadlarına görə nifrət edən, düşmən kəsilənlərin ortasında qalmalı oluruq.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости