Свобода людям, независимость нациям!

“Salam, şakalat” və ya manyakların 18+ dərdi

1942 19.08.2022 12:35 Колумнисты A A

 

Bəri başdan deyim ki, sosial şəbəkələrdən istifadənin ölkəmizdə məhdudlaşdırılması ideyasına qarşıyam – özü də “yağış adamı” Reymond demişkən, qəti şəkildə. Bu, ölkəmizin Şimali Koreyanın, Türkmənistanın, Çinin, İranın, digər totalitarizm yuvalarının yanında durması kimi bir şey olar.

Bunu ona görə indidən deyirəm ki, sonradan bəhs edəcəyim mətləb üzrə bildirəcəyim mülahizələrən çıxış edərək müəllifi şərləməsinlər ki, o, belə bir anti-demokratik “islahat”ın tətbiq edilməsindən yanadır. Əsla və qətiyyən! Sosial şəbəkələrin, xüsusilə də Feysbukun ünsiyyət və xəbərləşmə vasitəsi olaraq alternativi yoxdur. Əvvəllər də olmayıb.

İntəhası, hesab edin ki, Feysbuk hazırda mətbəx bıçağına dönüb. Necə ki, mini bıçaqdan çörək doğramaq üçün istifadə edir, biri qapıb küçədə mübahisə etdiyi adamı yortmaq istəyir, bax, eləcə də Feysbukda mini bu platformadan ünsiyyət, polemika, xəbərləşmə, paylaşma vasitəsi kimi istifadə edir, biri (onu, yüzü) isə özünə müvəqqəti seks partnyoru tapmaq üçün yararlanmağa çalışır. (Şəxsi intirasını sürdürənlər, başqa siyasi və dini qrupları “xain” elan edənlər, “rəhbərimiz yekdir” təbliğatı aparanlar, 5-ci kalona işləyənlər və digərlərinin məsələsi başqa söhbətdir).

Kimsə nə vaxtsa belə bir qələt edib, sonra orda-burda öyünüb ki, “dünən Feysbukda bir qız (və ya gəlin) tutdum, apardım”, odur-budur, ölkənin yanıqları daraşıb bu platformaya. Onlara vaxtaşırı başa salırlar ki, səhv salırsınız, bu Rostov dəmiryol vağzalının platforması deyil ki, gözünüzə şirin dəyən əks cins nümayəndəsinə sərbəstcə yaxınlaşıb qarnınızın dərdini deyəsiniz, xeyri olmur.

Beş-altı il əvvəl qadın həmkarlarımızdan biriylə bu mövzuda mübahisə edirdik (o deyirdi ki, Feysbukda manyaklar qaynaşır, mən deyirdim ki, o qədər də olmaz), dedi ki, indi sənə son günlərdə daxili poçtuma gələn mesajların bir qismini göstərəcəm, özün xatircəm ol. Göstərdi. Gördüm. 128 mesaj gəlmişdi. 10-15-nə göz gəzdirdim. Hamısı beləydi: “Salam, xanım. Sizinlə tanış olmaq olar?” Bəziləri birbaşa mətləbə keçmişdi və yazırdı ki, fikrim ciddidir. Yəni kişinin oğlu həyatda üzünü görmədiyi, yalnız şəklini gördüyü qızı artıq almaq istəyirdi. Guya.

Bu günlərdə sosial şəbəkə dostlarımızdan biri (qadın) inboksuna gələn bənzər mesajın skrinşotunu paylaşıb. Adı-soyadı, boy-buxunu aydın görünən bir kişi ona yazıb: “Salam, şakalat”. Hər gün 18+ dərdləri ilə dolu on, əlli, yüz belə mesaj alan və artıq bezmiş xanım söhbətin uzun çəkməsini istəmədiyi üçün ona lakonik cavab yazıb: “Cəhənnəm ol”. Adam necə qəzəblənibsə, götürüb yazıb ki, dədənin goru belə-belə olsun.

Xanım bu unikal dialoqun skrinşotunu paylaşanda N qədər adam, təbii ki, ona qahmar çıxıb və gözəl xanımla eşqbazlıq edəcəyinin fantaziyasını quran, amma bir dəqiqədən sonra xanımın dədəsinin goruyla intim münasibətə girmək arzusuna düşən məxluqun ünvanına (bəziləri birbaşa onun özünə) xeyli ağır sözlər yazıblar. Bir nəfər də yazıb ki, bu paylaşımı sənə yaraşdırmadım. Yəni sussan, belə statuslarla diqqət mərkəzinə düşməsən yaxşıdır.

Bəlkə də şəxsi planda elə yaxşıdır, diqqət mərkəzinə düşmürsən, qulağın da dinc olur. Amma bu, o manyaklarda cəzasızlıq hissi yaratmayacaqmı? Onlar heç bir dəqiqə ara vermədən başqa bir qadına eyni sözləri yazacaq, öz aləmlərində “qarmaq atacaqlar” – “birdən nəsə olar” deyə. Amma xanımın etdiyi kimi edənlər çoxalsa və “həvəskar manyaklar” ard-arda ifşa olunduqlarını görsələr, özlərinə yığışarlar, başa düşərlər ki, ictimai yerlərdə qadına sataşanda necə cavab alırlarsa, burda da elə ağır cavab ala bilərlər.

“Dədə goru”na söyənlər isə hüquq-mühafizə orqanlarının sərin kabinetlərində tər tökə-tökə o söyüşlü mesajı yazarkən nə yediklərini dilləri ilə deməlidirlər və bilməlidirlər ki, bura Tailandın qırmızı fənərli küçələri deyil ki, kim istəsə kiməsə yaxınlaşasan və aparsın.

Yaranmış xoşagəlməz və üərkbulandıran vəziyyətdən optimal çıxış yolu var. Hər kəs, xüsusilə də qadınlar dostluqlarına kimisə qəbul edərkən diqqətli olmalıdırlar, tanıdıqları, öz seçdikləri adamlarla ünsiyyət qurmalıdırlar və paylaşımlarını da yalnız “dostlar üçün” etməlidirlər. Onda manyaklar bir qıraqda yalmana-yalmana qalacaqlar.

Ümumiyyətlə, hər kəs qulağının dincliyini istəyirsə, söyüşlü status və şərh yazanları, dini təbliğat aparan ekstremistləri, eyzən şər-böhtan yazanları bloklamalıdırlar. Millətlərarası, dinlər və məzhəblərarası nifaq salmaq istəyənlərlə, ictimaiyyət üçün təhlükəli çağırış edənlərlə isə məşğul olmağa xüsusi orqanlar var. Əslində bu platforma ən çox onların işinə yarayır.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости