Свобода людям, независимость нациям!

“Şair” və “dəli” kəlmələrinin sinonim olduğu illər...

2281 07.07.2023 09:15 Колумнисты A A

 

İyul ayının axırları idi, ali məktəbin 4-cü kursunu bitirmişdik, amma rayonlara dağılışmamışdıq, qayda-qanuna görə, avqustun 1-dən etibarən o vaxtkı Şamxor (indiki Şəmkir) rayonundakı, o zamanlar Leninkənd (Çinarlı) adlanan, almanlar tərəfindən salınmış abad qəsəbəyə hərbi toplanışa yollanmalıydıq.

Axşamüstü yataqxananın həyətində tələbə yoldaşlarımızla oturub ordan-burdan danışır, lağlağı edirdik. 21 yaşda durub ciddi söhbətlər edəsi deyildik. Birdən tələbə yoldaşlarımızdan biri yaxınlaşdı, salamlaşdı, oturdu, qəflətən dedi ki, uşaqlar, bir neçə şeir yazmışam, görün necədir.

Sözümü Ağcabədi balıyla kəsib deyim ki, o saniyəyə qədər kimsə Simranın (adı dəyişdirmişəm) şeir yazdığını, hətta bircə şeir oxuyub əzbərlədiyini desəydi, onu tanıyan heç bir kəs inanmazdı.

Kursumuzda ən azı üç-dörd nəfər şeir yazan vardı. Onlardan ikisi bunu bəlli etmişdi, məclislərdə şeir-filan oxuyurdular və Allah tərəfi, yaxşı şeirləri vardı – mənalı, vəzni, qafiyəsi də öz yerində.

Amma bu qardaş əsasən cüvəllağılığı ilə ad çıxarmışdı. Şeyk, tvist, rok-n-rol, çarlston və sair bu kimi əcnəbi rəqsləri gözəl oynamağı vardı, yeyib-içib gəzərdi, əhlikefin biriydi. Atası nəsə yaxşı bir işdə işləyirdi, puldan göndərirdi, bu da hamıdan yaxşı geyinir, hamıdan çox pul xərcləyirdi. İndiki ritorika ilə elələrinə “harınlamış” deyirlər. Ona görə də hamımızda “bu hara, poeziya hara” sualı yarandı, amma özümüzü o yerə qoymadıq, eləcə baxışdıq, yüngülvari qımışdıq, dedik, oxu görək, nə yazmısan.

Simran cibindən kağız çıxarıb öz şeirlərini oxumağa başladı. İnsafən, poeziya nümunələrinin içində bir-iki yaxşı misra vardı, amma yerdə qalanı təxminən Elza Seyidcahanın yazdığı şeirlər kimi bir şey idi – sərsəmləmə, sayıqlama, əlaqəsiz ifadələr, gah dağdan, gah arandan bəhs edən rabitəsiz cümlələr və s. Nə vəzni, qafiyəsi yerində idi, nə sərbəst şeir üslubuna yaxın idi. Məəttəl qalmışdıq ki, indi qardaşa nə deyək, “bunlar şeir deyil, cır, at, bir də yazma”nı necə deyək ki, xətrinə dəyməsin.

Şeirlərin bədii dəyəri barədə resenziya verməmək üçün aralığa söz qatdıq, dostlardan biri dedi, qardaş, bəs sənin təxəllüsün varmı, şeir yazan adamın təxəllüsü də olmalıdır. Biz də təsdiqlədik ki, təxəllüssüz şeir yazmaq düzgün olmaz.

“Gənc şair” dərhal dedi, niyə yoxdur, təxəllüsüm də var – Qəlbidəniz.

Əlbəttə, pis təxəllüs deyildi. Güman ki, o, bu təxəllüsü o zamanlar yeni-yeni məşhurlaşan göz həkimi, həm də gənc şair kimi tanınan Paşa Qəlbinurdan təsirlənərək götürmüşdü. Amma doktordan fərqli olaraq hesab edirdi ki, qəlbi daha genişdir, dəniz boydadır.

Biz yenə baxışdıq, yenə qımışdıq, amma bu dəfə belə bir qərara gəldik ki, ya qardaş ard-arda bir neçə gün mey məclisində olub, ya da bilməyib, ona ot-ələf çəkdiriblər, axır hər nədirsə, ağıl-kamal, sinir, əsəb sistemində müəyyən dəyişikliklər baş verib. Eşqə düşən-filan da deyildi ki, deyək, adama bu şeirləri eşq adrenalini yazdırır. Pambıq toplanışında onun 1-2 dəfə eşqə düşüb bişdiyini bütün fakültə bilirdi.

Xoşbəxtlikdən, o, nə hərbi toplanış zamanı, nə də 5-ci kursda oxuyanda şeir yazmadı, ya da yazdığını bizə demədi, biz də xatircəm olduq ki, tələbə yoldaşımız sağ-salamatdır, kəllə-beyin travması almayıb.

Açığı budur ki, bir ara çox adam şeir yazırdı, amma bu qabiliyyətini etiraf etmirdi, ya da təqdimat zamanı zəruri bir qeyd edirdi ki, şair deyiləm, amma bir ümumi dəftər dolusu şeirim var. Bu, təxminən indiki bəzi deputatların “mən siyasətçi deyiləm, eləcə deputatam” deməsinə oxşayırdı. (Başqa misallar da var: “Qəssab deyiləm, amma kənddə heyvanları mənə kəsdirir-soydururlar”, “Sürücü deyiləm, amma bu 5 nəfəri Bakıdan Qazaxa mən gətirmişəm”, “Qumarbaz deyiləm, amma nərdi, dominonu pulsuz oynaya bimirəm” və s.).

Camaat şeir yazdığını, yaza bildiyini ona görə boynuna almaq istəmirdi ki, şairlərə dəliyə baxan kimi baxırdılar. Bəzən şairlərə dəli demirdilər, dəlilərə şair deyirdilər. Bir də görürdün, adını balaca hərflə başlayıb yazan, soyadından ən azı iki hərfi “yeyən”in biri Bakıda çıxan ədəbi jurnallarda, rayon qəzetində şeirləri çap olunan şairə ilişir: “Şair, mən ölüm, maa da bir şeyir yaz, hi-hi-hi”.

Şairlər nə qədər sülhpərvər olsalar da, bir az ağırcavab olurlar, elə olurdu, sözü dolandırır, yekəbaşlıq edənlərə mətnaltı ifadə ilə sıpa və ya qoduq deyirdilər, onlar da anlamırdı – ta kimsə başa salana qədər.

Elzanın Yazıçılar Birliyinə üzv qəbul edilməsinin bir yaxşı cəhəti oldu ki, daha tərəddüdlərə son qoyulacaq, heç kəs şair olduğunu nəinki iddia etməyəcək, heç divara dirəsələr də, boynuna almayacaq. Uzun illərin diaqnozu rəsməm təsdiqlənmiş oldu.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости