Свобода людям, независимость нациям!

Rüşvət verdiyini gec başa düşənlər...

1891 01.05.2023 10:46 Колумнисты A A

Jurnalist Əvəz Zeynallının məhkəməsi keçirilir, orada maraqlı proseslər baş verməkdədir.

Ötən həftəki iclaslardan birində prokuror ittihamnaməni oxuyanda Zeynallı qulağına salfet tıxayıbmış. Mənası odur ki, istədiyini oxu, onsuz qulaq asmıram. Bundan çıxış edərək biz yaxın gələcəkdə Azərbaycanda salfetləri qadağan etməyə borlcuyuq. Hərə qulağına bir salfet tıxasa ta nə oldu? Hökumətin tapşırıqlarına kim qulaq asacaq, ən azından vətənpərvərlik istiqamətinə əmr və tapşırıqları xalq nə cür eşidəcəkdir? Surdotərcümə - əl-ayaq işarələriylə danışma üsullarını öyrətmək olar, ancaq buna vaxt lazımdır.

Əlbəttə, salfetləri qadağan etmək radikal addımdır, çünki minimum əmək haqqının, penisiyaların artımından sonra əhali pul-paranı yığıb-yığışdırmaqda çətinlik çəkir, restoranlar dolub-daşır, yemək-içməkdən sonra əli-ağzı, burun-boğazı  silmək lazımdır. Bəlkə bunu köhnə vaxtlardakı parça cib dəsmallarını bərpa etməklə yoluna qoymalıyıq. Nəticədə ekologiyaya da ziyan dəyməz. Məsələn, bu ildən hökumət market kuloklarını pullu edib, gör heç dükana kulok üçün gedən varmı? Hamı xurcunla məhsul daşıyır. Ola bilər salfetləri də pullu etsinlər. Bu da bir çıxış yoludur. Qulağını tıxamaq istəyirsən, zəhmət çək, ödənişini elə. Müftə senzura var?

Ümumiyyətlə, dövlət propaqandasını biz çox ucuz satırıq. Çalışmaq lazımdır xalq hər cümlənin əvəzini versin. Yoxsa hansısa deputat çıxır, AzTV mikrofonlarını bəyənmir. Bayatıda deyilən kimi: “gör nə günə qalmışam, bəyənmir bu da məni”. Pulsuzdur, ona görə ağız büzürlər. Sən AzTV-nin xəbərlərini ödənişli elə, gör millət qədrini necə bilir. Britaniyada televizor alanda müəyyən faiz BBC kanalına ödəyirsən. Bəri başdan. Dünya təcrübəsidir. Avropanın yaxşısını götürüb pisini atmalıyıq. Sözgəlişi, dünən mən Biləcəridə Formula 1 təkərlərinin gurultusuna qulaq asırdım. O dərəcədə uzağa yayılmışdı. İlk dəfə belə hadisəyə şahid olurdum. Bu da istər-istəməz ölkəmizin təbliğatıdır.

Qayıdaq Zeynallının məhkəməsinə. Başqa iclasda isə Zeynallının xanımının hakim Əli Məmmədovla nəyəsə görə sözləri çəp gəlmişdir. Deyəsən səs saldığına görə hakim onu salondan çıxartmaq istəyib. Xanım çıxmayıb. Bu dəfə hakim özü salonu tərk edib, şərt qoyaraq: “Əvəz Zeynallının xanımı salonu tərk etməsə məhkəmə olmayacaq”. Zeynallı xanımını çağırıb, qulağına nəsə söyləyib, xanım salonu tərk edib. Bundan sonra hakim salona qayıdıb, məhkəmə davam edib. Zeynallı çıxış üçün söz alaraq hakimdən xahiş edib ki, xanımının salona qayıtmasına icazə versin. Hakim xahişi təmin edib, yalnız bir şərtlə: gərək xanım salonda sakit otursun.

İndi hörmətli oxucular elə zənn edə bilər ki, mən yuxarıdakı abzası zarafat üçün yazmışam, bizim məhkəmə salonları da “gizlənpaç-gəldim qaç”, “bənövşə bəndə düşə, bizdən sizə kim düşə”, “əlini mənə bəstərəcik”, “çilingağac”, “eşşəkbeli” və sairə milli, YUNESKO irsinə düşmüş oyunlarımızı oynamaq üçün uyğun arena deyil. Lakin, nəyə inanırsınızsa ona and olsun, bir kəlmə də uydurmamışam. Eynilə o cür olubdur.

Sonda bu proses haqda bir düşüncəmi bölüşmək istəyirəm. Zeynallını çoxlu adamdan rüşvət almaqda suçlayırlar. Hamısında da şablon bu cür yazılıb: “Pul istədi, şantaj elədi, məcbur olduq, verdik”. Bəs indi, üstündən zaman keçəndən sonra bu adamlar niyə şikayətçidir? Üstəlik, özlərini günahsız mələk kimi aparırlar. Suçunuz yox idisə, rüşvəti niyə verirdiniz? Mən Zeynallının vəkili deyiləm, məqsədim onu müdafiə etmək deyil, alıb-almayıb, bunu da müəyyən edə bilmərəm, sadəcə, rüşvətin iki başı var. Alan qədər verən də cəzalanmalıdır. Yoxsa rüşvətxorluq aradan qalxmayacaq. Hətta mənə elə gəlir verənə alandan daha çox cəza verilməlidir. Çünki bu halda rüşvət verənin həm pulu gedər, həm canı, qorxusu artar, bu yoldan çəkinər və rüşvət istəyənlərə dərhal qapını göstərər. Yoxsa indiki halda istənilən adamı şərləyə bilirlər, aradan da çıxırlar.

Düzdür, bizim qanunlarda rüşvət verənə də guya cəza nəzərdə tutulur, ancaq çox absurd şərti var. Rüşvət verən bunu könüllü xəbər versə, dərhal cəzadan azad olur. Ta rüşvəti verəndən beş il sonra, yoxsa beş saniyə sonra – dəxli yoxdur. Nəticədə bu maddə işləmir. Zeynallıya rüşvət verdiyini söyləyənlərin hamısı onunla eyni qəfəsdə oturmalıdır. Əks halda bu işdə ədalət yoxdur. Mənim qərarım budur.  

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости