Свобода людям, независимость нациям!

Rusiyada sonuncu rus qalanadək... – Beynəlxalq hüququ Pyotrun vəsiyyətinə dəyişənlər

1831 19.01.2023 13:22 Колумнисты A A

Ukraynadakı müharibə həlledici ayına girib. Bu savaşın necə bitməsi təbii ki, Azərbaycan üçün də önəm kəsb edir. Nədən ki, tərəflərdən biri hələ də SSRİ-nin süqutu ilə barışa bilməyən, hətta 1-ci Pyotrun vəsiyyətləri ilə hərəkət edən və keçmiş müttəfiq respublikaları “Yaxın xaric” adlandıran Rusiyadır.

Rusun Ukraynaya hərbi təcavüzü şübhəsiz, ən əvvəl beynəlxalq hüquqa təcavüzdür. SSRİ-nin (Rusiyanın) qurulmasında əsas rol oynadığı BMT-yə və onun Nizamnaməsinə tüpürməsidir. Bu yanaşmadan kənar “Ukrayna problemi”nin ədalətli həlli mümkün deyil. Tərs kimi, Moskva da məhz elə buna çalışır: oturuşmuş dünya qaydalarına tapdamaqla öz hədəfinə çatmaq, presedent yaratmaq. Ən qorxulusu budur.

Başqa sözlə, Rusiyanın qələbəsi – imperiyanın qələbəsi demək olacaq, imperiyanın böyüməsi anlamına gələcək. O səbəbə dünya ona heç bir halda özünü qalib saymaq lüksü tanıya bilməz. Çünki bu həm də Xeyirlə Şərin davasıdır. Növbəti davası. Ağzında “şirə” qalan imperiya bişəkk, Ukrayna ilə kifayətlənəsi deyil. Ardınca eyni “təcrübə”ni qısa zamandan sonra, toparlanan kimi başqa yerdə - Qazaxıstanda, Qafqazda mütləq təkrarlamaq istəyəcək. Həmçinin Qarabağda mini-“Donbas layihəsi” reallışdırmağa cəhd edəcək...

Təkcə buna görə sivil dünya Kremlin Ukraynada hərbi qələbəsinə imkan verə bilməz. Bu laqeydlik bəşəriyyətə baha başa gələr. Kim güclüdür, hücum edib zəif qonşusunun torpaqlarını tutar. Ərazi işğalı isə narkotik kimidir – bədən getdikcə daha böyük doza (torpaq) istəyir.

Bu mənada Azərbaycanda müasir Rus imperiyasının Ukraynada qələbəsini arzulayanları başa düşmək çətindir. Nə yaxşı ki, bu qələbə mümkün deyil. Hansısa taktiki uğurlar ola bilər, amma böyük qələbə - xeyr! Çünki bir ölkəni müvəqqəti zəbt edə bilərsən, amma bütöv bir xalqı məğlub edə bilməzsən. O ki ola 50 milyonluq xalq.

Hərdən belə iddialar da səslənir ki, müharibə Ukrayna xalqının axırına çıxa bilər. Bu da dolayısıyla Kremlin təcavüzünə bəraət verən bir yanaşmadır. Halbuki Ukrayna İkinci Dünya müharibəsində 1.5 milyon insan itirib, Ukrayna xalqı harasa yox olubmu? Yenə yaşayacaq, var olacaq...

İndi də deyirlər Rusiya 2 milyonluq ordu yaradır. Lap 5 milyonluq olsun. 50 milyonluq orduya ki, qalib gələ bilməyəcək. Üstəlik, 2 milyonluq peşəkar, modern ordu qurmaq üçün Rusiyaya uzun illər və yüz milyardlar lazım olacaq. Qlobal sanksiyaların ona ağrılı təsirləri isə indi-indi başlayır.

Amma Ukrayna Rusiyadan daha tez peşəkar orduya sahib ola bilər. Artıq proses gedir. Kiyev kollektiv Qərbin, ABŞ-ın misli görünməmiş maliyyə, hərbi, texnoloji-kadr dəstəyi ilə, döyüşə-döyüşə NATO tipli, praktik bir ordu formalaşdırmaqdadır. Qısası, vaxt Ukraynanın xeyrinə, işğalçının isə əleyhinə işləyir. Kremldə oturanlar sözsüz ki, həm də buna görə tələsirlər.

Hətta müharibə dayansa belə, bir müddət sonra Ukrayna ordusu qat-qat mütəşəkkil hərbi qüvvə ilə, modern ordu ilə meydana çıxıb öz qanuni ərazilərini geri qaytarmağa gedəcək. Kim ona nə deyəcək? Aydındır ki, heç kim nə Krımı, nə də Ukraynanın ilhaq edilən digər 4 vilayətini heç vaxt Rusiya ərazisi kimi tanımayacaq. Bu da sənə hüquqi zəmin...

Bir daha vurğulayaq: bu, Rusiya üçün işğalçılıq müharibəsidir. Belə müharibələrdə isə hücum edən tərəfin hərbi səfərbərliyi həlledici olmur. Çünki səfərbər edilənlərin motivasiyası yoxdur. Təsadüfi deyil ki, kişi cinsindən olan yüz minlərlə rus ölkədən qaçıb. Bir çoxu ailəlikcə. Eyni zamanda, Rusiyadan “beyin” və kapital axını daha böyük vüsət almaqdadır. Rusiya lap sonuncu rusa kimi döyüşsün, nəticə dəyişməyəcək. Ukraynalılar öz ərazilərində vuruşur. Öz yerində isə divarlar da kömək edir.

Rusiya Təhlükəsizlik Şurasının katibi, sabiq prezident Dmitri Medvedyev isə deyir ki, Krım, Donbas əhalisi, Zaporojye, Xerson referendumla öz müqəddəratını artıq təyin edib, Rusiyanın davası haqq davasıdır.

Bir dəqiqə, cənab “Medved”. Ötən əsrin 90-cı illərində Çeçenistan və Tatarıstan da referendumla öz müqəddəratlarını təyin eləmişdi, Rusiyadan ayrılmaq qərarı vermişdi. Çeçenlərin, tatarların referendumlarının nəticələrini niyə tanımadınız? Əksinə, çeçen xalqını qan gölündə boğdunuz.

Sonra. Öz müqəddəratı təyinetmə hüququ əsasən dövləti olmayan və ya soyqırımı təhlükəsi ilə üzləşən xalqlara tanınır. Yəni Donbasdakı rusun, Qarabağdakı erməninin belə bir haqqı yoxdur, ola bilməz. Odur ki, məsləhətdir şüşəli otaqdan başqalarına daş atmayasınız. Yoxsa Rusiyanın “tikişlər” üzrə sökülməsini istəyirsiniz?..

Zahid SƏFƏROĞLU

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости