Свобода людям, независимость нациям!

Rusiya Ukraynadakı məğlubiyyətin “qoxusunu” duydu – Putinin 9 may çıxışındakı həzin mesaj

9067 09.05.2022 22:59 Колумнисты A A

 

Ukraynaya hərbi təcavüzdən bu yana Rusiya qədər nüvə silahının tətbiqindən danışılan ikinci dövlət yoxdur. Yüksək ranqlı rəsmilər, daha doğrusu, hərbi-sənaye kompleksindəki və hakimiyyətdəki qırğılar “rus silahının gücü”nə şəkk edənləri atom bombası ilə hədələmək üçün sanki növbəyə düzülüblər. Demək ki, Ukraynada işlər yaxşı getmir, vəziyyət ruscadır. Yoxsa son çarəyə əl atmazdılar.

V.Putinin ardınca Rusiyanın ali yetkililəri az qala, hər gün məsuliyyətsizcəsinə nüvə silahından söz açırlar. NATO-nu, Qərbi, əslində isə sizli-bizli bütün bəşəriyyəti hədələyirlər. Çünki aydındır ki, nüvə müharibəsi Yeri dərhal öz məhvərindən çıxara, planetdə həyata son qoya bilər.

parad put.jpg (79 KB)

Amma Qiyamətin yaxınlaşacağı elə bil rusların vecinə deyil. İki ay yardımdır bəşəriyyətə verdikləri əsas mesaj da budur ki, hədəflərimizə çatmağa, Rusiya imperiyasını bərpa eləməyə imkan verilməzsə, kütləvi qırğın silahlarına da əl atarıq! Bilə-bilə ki, radioaktiv lavada özləri də kül olacaq – qohum-əqrəbaları, doğmaları ilə birgə! Çöküşünü çoxdan haqq eləmiş bir çürük imperiyaya görə buna dəyərmi?..

“Biz NATO ölkələrini yarım saata nüvə zərbəsi ilə məhv edərik. Lakin buna imkan verməməliyik, çünki qarşılıqlı nüvə zərbələrinin nəticələrini bütün Yer kürəsi hiss edəcək”.

roqozin.jpg (28 KB)

Xəbər verildiyi kimi, bu sözləri dünən “Roskosmos”un rəhbəri Dmitri Roqozin öz “Teleqram” kanalında yazıb. Yəni ki, “səni vuraram, amma bilirəm ki, özüm də yaxşıca döyüləcəyəm” məntiqi. Elə isə barmaq silkələməyin nə anlamı?

Ukrayna ilə deyil, guya NATO ilə vuruşduqlarına işarə edən Roqozinin sözlərinə görə, Rusiyanın adi silahlarla “iqtisadi və hərbi baxımdan daha güclü düşməni” məğlub eləməsi yalnız o halda mümkün olacaq ki, bütün ölkə ordu ilə həmrəyliyini nümayiş etdirsin, iqtisadiyyat səfərbər olunsun, hərbi sənaye kompleksi və onunla əlaqəli sənaye sahələri müharibə relslərinə keçirilsin. “Və bunu dərhal və tez eləmək lazımdır”, - “Roskosmos” rəhbəri həyəcanla vurğulayıb.

ilon.jpg (47 KB)

Roqozin amerikalı sahibkar, “SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Maskı da hədələyib. O, dünyanın ən varlı adamına “Ukrayna qüvvələrini hərbi rabitə ilə təmin etdiyinə görə cavab verməli olacaq” şəklində xəbərdarlıq edib. Onu da deyib ki, bu işlərdə Pentaqonun da əli var (Amerikalı milyarder “Starlink” peykləri vasitəsilə Ukrayna silahlı qüvvələrini pulsuz internetlə təmin edir).

Bəs nə bilmişdiz, siz dünyanı hədələyirkən dünya sizin XXI əsrdə törətdiyiniz vəhşiliklərə, hədələrinizə seyrçimi qalmalıdır?..

Belə isterika əslində Rusiyanın Ukraynada öz hərbi məğlubiyyətinin “qoxusunu” hiss elədiyinin, başını itirdiyinin təzahürüdür. Məğlubiyyət isə qaçılmazdır. Çünki Rusiya deyəsən Faşist Almaniyası ilə öz müstəqilliyi və ərazi bütövlüyü uğrunda işğalçılara qarşı ölüm-dirim savaşı aparan Ukraynanı doğrudan da səhv salıb. Odur ki, Kremli heç bir “demoqrafik və iqtisadi səfərbərlik”, “ordu ilə xalqın həmrəyliyi”, “hərbi sənaye kompleksi və onunla əlaqəli sənaye sahələrinin müharibə relslərinə keçirilməsi” xilas edə bilməz.

1632677054.1a346311-5813-4d23-8408-635f9eac093a_w1280_r1.77_fpx58.65_fpy49.99.jpg (45 KB)

Bir şey daha gün kimi aydındır: dünya Kremlin qurmaq istədiyi vəhşi və reketçi düzəni qəbul etməyəcək. Bu xüsusda Almaniya kansleri Olaf Şoltsun 8 may ismarışı tam yerindədir: “Sülh Rusiyanın şərtləri əsasında qəbul edilə bilməz. Rusiyanın diktə etdiyi sülh olmayacaq. Ukraynalılar bunu qəbul etməyəcək, biz də qəbul etməyəcəyik. Mən müharibənin nə qədər çəkəcəyini bilmirəm, amma Ukraynanın dözəcəyinə əminəm. 77 il əvvəlki kimi azadlıq hissi yenə köləlik, zorakılıq və diktatura üzərində qələbə çalacaq”.

krem.jpg (67 KB)

Enində-sonunda Rusiya cəmiyyəti də eyni qənaətə gələcək. Çünki bu onun müharibəsi deyil, Kreml nə ad qoyur-qoysun, tərtəmiz İşğalçılıq müharibəsidir. Putinin Qırmızı meydanda əvvəlki illərlə müqayisədə bugünkü sönük, “öskürəkli” çıxışı da deməyə əsas verir ki, Rusiya Ukraynada məğlubiyyətin acısını artıq hiss eləməyə başlayıb...

Zahid SƏFƏROĞLU
Musavat.com


zahid sef.jpg (32 KB)

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости