Свобода людям, независимость нациям!

Rusiya qələbə paradını keçirə biləcəkmi?

1401 22.03.2022 13:57 Колумнисты A A

Getdikcə Şimali Koreyaya bənzəyir Rusiya. Rusların neçə faizinin Ukraynadakı müharibəni ürəkdən dəstəklədiyini, neçə faizinin sadəcə artistlik etdiyini və neçə faizinin buna qarşı olduğunu deyə bilmərik.

Amma təkcə onu deyə bilərik ki, Rusiya cəmiyyətinin bircə adı var – irrasional kütlə. Rasional cəmiyyət odur ki, daim hansısa suallara cavab axtarır, daim nələrəsə baxanda tərəddüd edir. Amma bu çətin günlərdə suallara cavabları Rusiyada yox, tamamilə kənarlarda axtarırlar.

Aydın məsələdir ki, Ukrayna Krım deyil və Rusiya onu sadəcə, ilhaq edə bilməz. Bəs Rusiya Ukrayna ilə nə edəcək?

Kremlin Ukraynaya mübasibətdəki tələbləri hamıya bəllidir: Kiyev neytral dövlət statusunu qəbul etməli, NATO ilə bağlı bütün planlarından əl çəkməli, Krımı Rusiyanın ərazisi, Donetski və Luqanskı isə “müstəqil respublika”lar kimi tanımalıdır.

Ancaq Krım, Luqansk və Donetsk hələ bütün Ukrayna demək deyil. Bəs Moskva qalan Ukrayna ilə nə edəcək? Güman ki, Kreml bu ölkədə də özünün Lukaşenkosunu hakimiyyətə gətirməyə çalışacaq. Belələri Kiyevdə çoxdur. Bu günlərdə prezident Volodimir Zelenski on bir siyasi partiyanın fəaliyyətini dayandırmaq haqqında qərar verdi. Bu partiyalar Rusiya ilə sıx əlaqələri olan siyasi təşkilatlardır. Onlardan birinin sədri hətta Rusiya prezidenti Vladimir Putinin çox yaxın dostudur.

Amma burada bir məsələ var. Rusiya Ukraynada hətta özünün dəstəklədiyi siyasi qüvvəni hakimiyyətə gətirsə belə heç kim onu tanımayacaq və bu siyasi qüvvənin aqibəti Aleksandr Lukaşenkodan da pis olacaq. Ona görə də Moskvanı heç bir halda uğurlu sonluq gözləmir.

Ukraynanın Rusiyaya qarşı çox böyük müqavimət tarixi var. Hətta sovet dövründə Ukrayna millətçiləri uzun müddət Moskvaya müqavimət göstərmişdilər. İndi də bu proses davam edəcək, Kreml hətta Əfqanıstandakından da sərt müqavimətlə qarşılaşacaq.

Müharibə ilə bağlı da Rusiyanın planları doğrulmadı. Kreml güman edirdi ki, bir-iki günə müharibəni qalibiyyətlə bitirəcək. Amma artıq üç həftədən çox vaxt keçsə də müharibə davam edir. Prosesləri çox yaxından izləyən insanların dediklərinə görə, rus əsgər və zabitləri elə də şücaət nümayiş etdirmir, onlar kiçik müqavimətlə qarşılaşan kimi hərbi texnikanı atıb qaçırlar. Ona görə də ruslar müharibəni Ukraynanı raket atəşinə tutmaqla udmaq istəyirlər. Bu zaman hətta o da nəzərə alınmır ki, atəşə tutulan şəhərlərdə dinc insanlar yaşayırlar...

Bir vaxt bəşəriyyəti Səddam Hüseynlə, bin Ladenlə qorxudurdular. Amma indi məlum olur ki, əsl təhlükə mənbəyi Vladimir Putindir. Ona görə də dünya birliyi daha sərt qərarlar qəbul etməlidir. Bu adam 21-ci əsrdə dinc bir dövlətə qarşı müharibəyə başlayıb, onun dinc insanlarını raket atəşinə tutur...

Belə xəbərlər səslənir ki, Rusiyanın xaricdəki bütün hesabları dondurulub və onlar Ukraynanın hesablarına yönəldilir. Düşünürük ki, bu, ən düzgün addımdır. Ukraynaya artıq milyardlarla dollar ziyan dəyib, onun böyük şəhərləri dağıdılıb. Elə bu səbəbdən də bütün bunların xərcini Rusiya ödəməlidir.

Bir sözlə, müharibə hələ davam edir. İndi yalnız onu demək olar ki, Kremlin ümidləri doğrulmadı, Moskva tezliklə qələbə paradını keçirə biləməyəcək. Belədə isə ona qələbə paradını keçirmək ümumiyyətlə nəsib olmayacaq. Mümkündür ki, Moskva hətta Kiyevi də tutsun, di gəl, bu, hələ müharibənin bitməsi demək olmayacaq. Bunu Kremldə nə qədər tez anlasalar onlar üçün bir o qədər yaxşı olar...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости