Свобода людям, независимость нациям!

Rusiya: azadlıqdan qaçış...

735 13.01.2024 12:04 Колумнисты A A

 

Şimal qonşumuz Rusiya öz “amplua”sında qalır: yenə də hamını təəccübləndirməkdə davam edir. Özü də təkcə sırf geosiyasi ambisiyaları ilə yox, həm də daxili özəlliklərilə. Bu yaxınlarda diqqətimizi bu ölkədə keçirilən bir maraqlı sorğu cəlb etdi. Sorğuda rəyi soruşulanların düz 63 faizi senzuranın bərpa edilməsini təklif edirdi...

Əslində bu, bizə elə də təəccüblü görünməməli idi. Birincisi, ona görə ki, dünyada heç kim Rusiyanı demokratik ölkələrin cərgəsinə aid etmir.

İkincisi, belə ölkələrdə insanlar hətta anonim sorğular zamanı səmimi cavab vermirlər – onlara elə gəlir ki, bütün cavablar son nəticədə xüsusi xidmət orqanlarına təqdim ediləcəkdir.

Amma siyasi mədəniyyət deyilən bir şey də var. Məsələn, amerikalılar heç vaxt irqçi kimi görünmək istəməzlər, təkcə ona görə yox ki, bunun müəyyən hüquqi nəticələri ola bilər, həm də ona görə ki, irqçilik bir mədəniyyətsizlikdir – belələrini müasir insan hesab etmək olmaz.

Ruslar da söz azadlığından danışanda ən azı bu meyarları nəzərə almalı idilər – ona görə ki, onlar bəzi standartlara görə ən azı 300 il bundan əvvəlin amerkalılarından geri qalmamalı idilər. Bəli, 300 il bundan əvvəl ABŞ vətəndaşları qəbul etmişdilər ki, Konqres söz azadlığını məhdudlaşdıran heç bir qərar və sənəd qəbul edə bilməz. Böyük hesabla, 300 ildir ki, bu qərar pozulmur, ona əməl edilir...

Bəs Rusiyada niyə belə olmur? Adətən belə suallar səslənəndə ruslar ölkələrinin tarixi özəlliklərini diqqətə gətirirlər. Deyirlər ki, bəs siz nə istəyirsiniz, bu ölkədə 19-cu əsrin ikinci yarısına qədər faktiki olaraq quldarlıq quruluşu olub, təhkimçilik hüququ 1861-ci ləğv olunubdur!

Amma ləğv olunubdurmu? Belə bildirilir ki, əslində bir qədər fərqli şəkildə o, 20-ci əsrin ortalarına qədər davam edib, hətta Stalin dövründə kəndlilər tam şəkildə azad olmayıblar.

Amma bir məsələ var. ABŞ-da da quldarlıq təxminən eyni vaxtda ləğv olunubdur. Hətta məsələnin kökünə 20-ci əsrin ortalarında son qoyulub və qaradərililər məhz onda birdəfəlik azad olublar. Məgər Martin Lüter Kinq 20-ci əsrdə yaşamayıbmı?

Amma bir az əvvəldə qeyd etdiyimiz kimi, indi ABŞ-da heç kim irqçi kimi görünmək istəməz, ona görə ki, bu, həm də mədəniyyət məsələsidir.

Fəqət, Rusiya və ruslar bunun fərqində deyillər. Birincisi, ona görə ki, ruslar heç vaxt çalışmayıblar ki, başqa millətlər onları bir mədəni millət kimi sevsin. “Qoy, bizdən qorxsunlar” – bu, orta statistik rusun dünyaya baxışıdır. İkincisi, rusların təfəkküründə, xüsusən də monqol istilasından sonra, dövlət həmişə qalxan kimi canlanıb. Onlar belə hesab edirlər ki, əgər vaxtında güclü dövlətləri olsaydı beş əsr monqolların əsarəti altında yaşamazdılar. Ona görə də güc verdilər dövləti böyütməyə və nəticədə dövlət təkcə coğrafi mənada böyümədi, həm də siyasi və iqtisadi mənada böyüdü, başladı vətəndaşlarını əzməyə. Vətəndaşlar da buna qarşı çıxmadılar və indi də çıxmırlar, onlar üçün “Böyük və “güclü” Rusiya” demək olar ki, ən böyük siyasi dəyərdir.

Bəlkə də bu səbəbdən heç kim Rusiyanın dəyişəcəyinə inanmır. Ona görə də o, öz ətrafı, hətta dünya üçün əsas təhlükə kimi qalır. Əslində isə Rusiya ilk növbədə öz vətəndaşları üçün təhlükədir. Baxın, bu il bir neçə ölkədə, o cümlədən də Rusiyada prezident seçkiləri keçiriləcək. Amma heç kim Rusiyadakı “seçkilər” haqqında danışmır. Təkcə ona yox ki, bu seçkilər mövcud siyasi konfiqurasiyanı dəyişməyəcək – Putin bu dəfə də hakimiyyətdə qalacaq.

Həm də ona görə ki, burada “Necə qalacaq? Necə dəyişməyəcək?” kimi suallar da var. Onlara cavablar isə elə də ürəkaçan deyil...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости