Свобода людям, независимость нациям!

Rus tankının lüləsinə gül taxan vaxtlarımız... bir də indi

2033 14.12.2022 11:40 Колумнисты A A

 

Dövran çox dəyişib, çox. Zaman 1989-90-cı illər deyil. SSRİ dağılıb, dünyanın qorxduğu Kreml heç kimin qorxmadığı rezidensiyaya çevrilib. 44 günlük müharibə isə kiçik Qafqaz sıra dağlarının qoynundakı qüvvələr nisbətini çox dəyişib.

İndi biz əliyalın, gücü yalnız boğazına çatan, şüarlar qışqıran, arxalı köpəklərin önündə özünü təklənmiş qurd kimi hiss edən xalq deyilik.

1988-ci ilin noyabr ayında 1 milyon nəfərlik mitinqlərində insanlar sabahı gün nə baş verəcəyini bilməsələr də, hərəkatın sonrasına dair məchulluq böyük olsa da, hazırda Laçın dəhlizini kəsən fəalların məqsədləri aydındır və onlar nəyə nail olacaqlarını bilirlər.

İndi o günlər deyil ki, sovet-rus desantlarının dəyənəklərlə, istehkamçı belləriylə və “Kalaşnikov” avtomatlarıyla aksiya iştirakçılarının üstünə hücuma keçələr və insanları döyüb, qovub, dağıdalar.

O günlər 32-33 il geridə qalıb. İndi Qarabağda olan və “sülhməramlı” funksiyası daşıyan rus hərbçilərinin əli-qolu bağlıdır. Onlar nəinki bizim dinc əhalimizə, heç silahlı hərbçilərimizə də atəş aça, zor diliylə danışa bilməzlər.

Bu situasiyanın doğurduğu riqqəti, coşqunu yalnız 32-33 il öncə addımbaşı rus hərbçilərinin separatçı ermənilərə tərəfkeşlik etdiyini, onların yanında dayanaraq azərbaycanlılara güc göstərdiklərini görənlər yaşaya bilər. O möhnəti bugünkü ruh yüksəkliyi əvəz edib.

6665.jpg (316 KB)

Şükür ki, indiki gənc nəsil xalqımızı da, ordumuzu da diribaş gördü, əliyalın, zəif, düşmənin ədalətinə sığınan, tərəfkeş hakimlərin mərhəmətinə ümid edən toplum kimi görmədi.

Əslində o zamanlar Bakını işğal etməyə gələn sovet-rus hərbçilərinin tankının lüləsinə gül taxılması Moskvaya hörmətdən və ya onun ədalətinə bəslənilən ümiddən irəli gəlmirdi, açıq etiraf edək ki, qorxudan idi. Bizimkilər bunu ona görə edirdilər ki, rus əsgərinin könlü xoş olsun, bizə aqressiyası azalsın. Öz aləmimizdə bu hərəkətlə guya ki, rus əsgərini neytrallaşdırırdıq, onun mülki etirazçılara atəş açmasını önləməyə çalışırdıq.

Amma bu kimi hərəkərlərin, yazıqlanmağın xeyri oldumu? Olmadı. 1990-cı ilin 20 yanvarında, 1992-ci ilin 26 fevralında baş verən qanlı hadisələr, qətliamlar göstərdi ki, rus tankının lüləsinə gül taxmağın xeyri yoxdur, bu əsgər komandanlıqdan əmr alarsa, silahının lüləyindəki gülü yerə atacaq və o lülə üstümüzə güllə atacaq.

4432.jpg (195 KB)

Bəs indi necədir? İndi fərqlidir. Laçın yolundakı, Xankəndidəki rus əsgəri öz rəhbərlərindən güllə atmaq əmri alsa da, buna cəsarət etməyəcək. Çünki özünü ətrafı sarılmış, nişangaha alınmış sayır, bilir ki, sərt hərəkətlərə əl atsa, qarşısında qat-qat güclü əsgərləri görəcək.

İndi ermənilər də 1988-92-ci illərdəki, yerlə-göylə əlləşən, açıq-gizli silah depolayan, İrəvandan gələrək yerli camaatı meydanlara yığıb qızışdıran, nifaq toxumu səpən, hər gün, hər saat nəsə bir təxribat törədən ermənilər deyil. Onların köpü alınıb, indi gücləri boğazlarına çatır, haray-həşir salır, özlərini paranoidal duruma salırlar.

0009.jpg (76 KB)

Bizim 33 il əvvəlki durumumuzla ermənilərin indiki durumunun arasındakı əsas fərq odur ki, o vaxt bizim səsimizi, harayımızı heç kim eşitmirdi. Mütləq mənada heç kim. Amma indi ermənilərə qahmar çıxanlar, onların səsinə səs verənlər çoxdur. 28 il boyunca bir milyona yaxın qaçqın-köçkünümüzün dözülməz gün-güzəranını görməyən amerikalı konqresmenlər, fransalı senatorlar Laçın yolunun iki sutkalıq bağlanmasına görə səs-səsə veriblər, himanitar fəlakətdən danışırlar.

Bir fərq də var: 33 il öncə bizdə ellikcə torpaqlarımızın qəsb edilməsi təhlükəsinə, Kreml başbilənlərinin ermənipərəstliyinə, respublika rəhbərliyinin dişsizliyinə, separatçılara qarşı heç bir təsirli tədbir görmədiklərinə etiraz edilirdisə, indi təxminən eyni adamların bir qismi ərazi bütövlüyümüzün təmin olunmasına, separatizm ocağının dağıdılmasına yönələn, separatçılara qarşı qətiyyətli addımlar atan Azərbaycan dövlətinə qarşı cəbhə alıblar, təşkil edilən aksiyalara dodaq büzür, onun ziyanlı olduğunu bəyan edirlər.

Bu, çox yanlışdır. O vaxt ermənilər haqsız ola-ola bizi ona görə üstələmişdilər ki, itli-pişikli birləşmişdilər, sözün əsl mənasında çəkici bir sindana vururdular, eyni tələbləri xorla qışqırırdılar. Bizdə isə haqlı və güclü olduğumuz halda hələ də hər ağızdan bir avaz gəlir, nəticədə xor alınmır, polifonik qışqırıq alınır.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости