Свобода людям, независимость нациям!

Rus diyarının azad ellərdə yeni müstəmləkə planı

2586 12.03.2022 09:50 Колумнисты A A

Ukraynaya hücum edən Rusiyaya torpaq, ərazi lazım deyil, özünün ərazisi ucsuz-bucaqsızdır. Moskvadakı eyni aeroportdan iki nəfərin biri Nyu-Yorka, biri Kamçatkaya uçsa, ABŞ-a uçan gedib çatar, Rusiyanın şərq qurtaracağına gedən hələ yolda olar.

Deyilə bilər ki, Rusiyanın o geniş torpaqları tayqa meşələridir, tundradır, əbədi buzlaqlar, keçilməz bataqlıqlardır, yarısı əlverişsiz iqlim şəraitinə görə əkib-becərməyə yaramır.

Elə deyil. Rusiyadan daha əlverişsiz iqlim şəraitinə malik olan Kanada dünyaya taxıl, heyvandarlıq məhsulları satır və dünyanın ən inkişaf etmiş 7 ölkəsindən biridir.

ABŞ-ın Alyaska ştatı daha şimaldadır və bir zamanlar Rusiya onu dəyərsiz torpaq hesab etdiyi üçün su qiymətinə ABŞ-a satıb. Ancaq amerikalılar indi Alyaskada cənnət yaradıblar - abad yaşayış məntəqələri, hamar yollar, qış və yay turizmi üçün ideal istirahət məkanları və s.

Rusiyanın bərəkətli torpaqları isə yiyəsiz qalıb. Azərbaycanın ərazisinin üçdə ikisi, Ermənistanın və Gürcüstanın torpaqlarının tamamı qədər olan diyarlarda (məsələn, Kostroma və Kirovda, eləcə də onlarca o birilərində) 500 min -1 milyon arasında əhali yaşayır. Əkinçilik və heyvandarlıq üçün olduqca əlverişli olan milyonlarla hektar əkin-biçin sahələri yiyəsiz qalıb. Rayonlar tərk edilmiş kəndlərlə doludur.

232.jpg (24 KB)

(Xəritə keçmiş SSRİ respublikalarında əhalinin artma-azalma əmsalını göstərir)

Əslində suyu, təbii biçənəkləri bol olan bu torpaqlarda 1-2 milyard insanı məskunlaşdıraraq hər cür həyatı şəraiti və azuqəylə təmin etmək olar. Həmin yerləri 50-60 illiyə Çinə versinlər, sonra görsünlər, çinlilər oralarda nələr yaradırlar.

Bir sözlə, Rusiyaya əkib-becərmək üçün torpaq, ərazi lazım deyil.

Heç Rusiyanın öz ətrafında təhlükəsizlik çənbəri yaratmaq problemi də yoxdur və Ukraynanı işğal etməklə o çənbər əmələ gəlməyəcək. Çünki inkişaf etməkdə, dünya divinə çevrilməkdə olan, üstəlik, çoxdan nüvə dövləti statusu qazanmış Çinlə daha böyük sərhədi var. Bundan başqa, NATO üzvü olan Türkiyə ilə, eləcə də başqa Avropa dövlətləri ilə həmsərhəddir. Ukrayna NATO üzvü olsa, nə olacaq, olmasa, nə olacaq? Arsenalında bu qədər nüvə başlıqlı ballistik raket olan dövlətə heç bir başqa dövlət hücum edə bilməz.

Ukrayna, Belarus, Moldova, Gürcüstan və o biri postsovet ölkələri, keçmiş müstəmləkələr Rusiyaya ona görə lazımdır ki, dövran dəyişdikdə onları yenidən müstəmləkəyə çevirmək mümkün olsun. Onlardan hansısa NATO üzvü olsa, bu, mümkün olmayacaq. Ona görə də onlar, loru dildə desək, “dul” qalmalıdırlar, “oturub balalarını böyütməlidirlər”.

Rusiya özünü bu ölkələrin ağası, onları isə öz rəiyyəti kimi görür. Bu ölkələr onun tabeliyində qaldıqca, böyük Rusiyanın ucuz işçi qüvvəsi və ucuz ərzaqla təminatı sahəsində axsamalar olmayacaq. Hər il iş, dolanışıq tapmaq ümidi ilə yüz minlərlə gənc Rusiyanın şəhərlərinə axışacaq, orada məskunlaşacaq, okean layneri kimi aram-aram yoluna davam edən rusifikasiya prosesinə öz töhfələrini verəcəklər. Hansı ölkədən gəlmələrinə, hansı milləti (bir-ikisi xaric) təmsil etmələrinə baxmayaraq, “gəlmə”lərin 99 faizi cəmi bir nəsildən sonra rusa çevrilir, bu millətin genefondunu zənginləşdirirlər.

Elə Rusiyanın həm Ukraynada, həm də digər postsovet məkanında rus dilinin tədrisinə, ikinci dövlət dili olmasına verdiyi önəm də bununla, neoimperializm ambisiyası ilə bağlıdır. Kreml düşünür ki, rus dili bu ölkələrdə nə qədər çox yayılsa, gələcəyini Rusiyaya bağlayanlar, onun təbəəsi, kadrı olmaq istəyənlər, ən azı leqal və ya qeyri-leqal şəkildə bu dövlətin mənafeyinə qulluq edənlər çox olacaq. Rus dilindən imtina Rusiyadan imtina deməkdir, ona görə də hazırda Rusiya öz imperialist siyasətini dil üzərindən yeridir.

Başqa sözlə, bir zamanlar Almaniya faşistlərinin körüklədiyi “dünya ağalığı” ideyasını müasir Rusiya liderləri “region ağalığı” kimi gerçəkləşdirməyə çalışırlar. Bu dövlətə nəzarətdə saxladığı ərazilər üstündəki itaətkar əhal ilə birlikdə lazımdır ki, onlar işləsinlər, doğub-törsəinlər, saf qanlı ruslar isə daha firavan və təhlükəsiz şəraitdə yaşasınlar.

İndi bu, neofaşizm deyil, bəs nədir? Fakt odur ki, Rusiya başqa xalqların vətənpərvərlərini “nasist” adlandırır, amma özü açıq-aşkar millətçi siyasət yeridir, özünü “anklavlarda yaşayan rus millətinin himayədarı” elan edir, onların “hüquqlarını qorumaq üçün” silaha əl atır.

P.S. Başlıq SSRİ-nin himnindəki “Azad ellərdə möhtəşəm rus diyarı yaratdı ömürlük dost ailəsi” misralarından götürülüb.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости