Свобода людям, независимость нациям!

“Rus ayısı”nın heyvərəliyi – Medvedyev niyə yazdı, niyə pozdu?

1987 04.08.2022 08:05 Колумнисты A A

 

Rus folklorunda və siyasi leksikonunda tez-tez xatırlanan “rus ayısı” var, onun hazırkı prototipi Dmitri Medvedyevdir. Soyadı da düz gəlir, hərəkətləri də, hərdən-hərdən nərildəmələri də. Eyni qabalıq, eyni hozuluq, eyni aqressivlik, eyni heyvərəlik.

Düşünəndə adam mat qalır ki, bu adam gənc yaşında necə Rusiya boyda bir ölkənin baş naziri, daha sonra isə prezidenti olub? Ölkəni hansı ağılla idarə edib bu? Adam hələ yaşının 57-də bu ağıldadır, görün, 10 il əvvəl hansı düşüncədə, təmkində olub.

Bu məsələnin böyük sirri-filanı yoxdur, sadəcə, Medvedyev baş nazir olanda da prezident Putinin əlaltısı, qapazaltısı olub, özü prezident olanda da. Hər iki vəzifədə olanda o, sözəbaxan saray əyanı olmaqdan uzağa getməyib. Öz ağlına qalsa, onun prezidentliyi dövründə Rusiya süqut edərdi.

Hazırda bu şəxs Rusiya Təhlükəsizlik Şurasının sədr müavini vəzifəsini tutur. Bu ilin fevral ayından, Rusiyanın Ukraynada müharibəyə başlamasından bəri Medvedyev sərsəm, aqressiv açıqlamaları ilə gündəmə gəlir. Bəzən onun bu açıqlamaları içkili halda verdiyi bildirilir, bəzən yüngülvari eyham edilir ki, sabiq prezidentin psixikasında müəyyən təbəddülatlar baş verib.

Hər halda onun adından avqustun 2-də səhər əvvəlcə sosial şəbəkədə, daha sonra peşəkar mediada yayılan və qısa zaman ərzində dünyanı dolaşan açıqlamasının günortadan sonra silinməsi və təkzib edilməsi göstərir ki, içki aludəçiliyi və psixika pozğunlu versiyalarının biri, ola bilər, ikisi də həqiqətə yaxındır.

Medvedyev “VKontakte” şəbəkəsində yazdığı postda Rusiyanın “yenidən birləşəcəyi”ni, Gürcüstanın Rusiyaya birləşməzdən əvvəl, ümumiyyətlə mövcud olmadığını və Qazaxıstanın “süni dövlət” olduğuni qeyd edir, keçmiş SSRİ-də yaşayan bütün xalqların "yenidən dostluq və qarşılıqlı anlaşma şəraitində birlikdə yaşayacaqlar"ını vurğulayırdı.

Bu, birdən-birə BMT üzvü və 30 illik müstəqil dövlətçilik ömrü olan10-dan artıq dövlətin suverenliyinə qarşı qəsd planının mövcud olması demək idi. Beynəlxalq qalmaqala səbəb olmaq üzrəykən adama statusunu sildirdilər və belə izah etdilər ki, guya Medvedyevin hesabı hakerlər tərəfindən sındırılıb.

Haker versiyası, əlbəttə, havayı söhbətdir. Birincisi, dünyanın ən səriştəli hakerləri Kremlin nəzarətində və sərəncamındadır, bütün dünyada yüksək vəzifəli şəxslərin hesabını rus hakerlər sındırır, onların öz rəhbərlərinə sataşması mümkün deyil.

İkincisi, həmin naməlum haker sabiq prezidentin hesabını sındırmışdısa, bu zaman ya onun özünə qarşı təxribatçı mətn (nəəs bir dəhşətli etiraf) yazmalıydı, ya da onu Putinin hədəfi etmək üçün hazırkı prezidentə qarşı müdhiş ittiham yerləşdirməliydi. Amma “haker” bunları etməyib, əvəzində Rusiyanın necə dəhşətli niyyətlərə malik olduğu barədə anons verərək, keçmiş SSRİ respublikalarını əndişələndirib, dünyada ciddi narahatlıq doğurub. Bu halda dövlət həmin şəxsi tapılmalıydı və təxribatçı kimi cəzalandırmalıydı.

Yəni, sağa-sola sapıtsalar da, aydındır ki, postu Medvedyev özü yazıb, sadəcə, dilinin altındakı lobya dənəsini çıxararaq, öz aləmində keçmiş Rusiya müstəmləkələrinə mesaj verib: “Ağıllı olun, gəlirik, qaçacaq yeriniz yoxdur, qalsanız bizimsiz, ölsəniz, torpağın”.

Niyyət budur. Plan ortadadır. Sadəcə, niyyətin gerçəkləşdirilməsi, planın həyata keçirilməsi işində böyük çətinliklər var. Rusiyadan qopan 14 respublika 1991-ci ilin dekabrındakı körpə dövlətlər deyillər, 30 ildir müstəqillik nəymiş, bilirlər. Bu xalqların çoxu özlərindəki avtoritar rejimlərə dözürlər, ancaq yenidən rus totalitarizminə və rus boyunduruğuna qayıtmaq istəmirlər.

Medvedyev bu statusunu silməsəydi, arxasında durduğunu bildirsəydi, rus cəmiyyəti və ziyalıları ona etiraz bildirməyəcəkdilər. Hamı “düz deyir, elə olmalıdır” moduna girəcəkdi. Heç keçmiş müttəfiq respublikalar da Medvedyevin bu tutumuna kəskin reaksiya verməyəcəkdilər, uzağı, Kremlə, 1-ci şəxsə telefonla zəng edərək, “o nə deyir elə” deyə soruşacaq, təxminən “deyəsən, yenə bir-iki badə artıq aşırıb” cavabı alaraq, sakitləşəcəkdilər. Bəlkə də elə olub, bəlkə də başqa cür.

Ancaq burası yəqindir ki, ayığın beynindəkinin sərxoşun dilində olduğunu yaxşı bilən postsovet ictimaiyyəti və onlara rəhbərlik edən şəxslər artıq bu “yazı-pozu” məsələsindən öz hesablarını götürüblər. İndi onlar daha ayıqdır və daha effektiv tədbirlər görmək fikrindədirlər.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости