Свобода людям, независимость нациям!

Respublikamızda alça meyvəsi oğrusu haqda verilən yazı

1716 18.06.2024 22:52 Колумнисты A A

Bu yaxında “Meyvəli” bazarında bir nəfərin alçalarını oğurlamışlar. Gəlin xəbərin həmin yerini olduğu kimi oxuyaq, çünki tarixi hadisələrə şahidlik edirik: “Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində bir nəfərin 3 yeşik alçası oğurlanıb”. Sitatın sonu. Əhvalatı analiz etmək lazımdır.

İlk növbədə, xalqın alça oğurlamağa məcbur olması diqqətimizi çəkir. Biz uşaq olanda, kənddə yaşayarkən alça oğurlamaq adi məişət hadisəsi sayılırdı, heç kim buna görə milisyəyə (sovetin polisi) müraciət etmirdi. Hətta bəzi uşaqlar üçün alça oğurluğuna getmək əyləncə növü sayılırdı. Çünki internet-zad yox idi, uşaqlar başını nə iləsə qatmağa məcburdu. Öz həyətlərində alçanın budağı meyvənin ağırlığından sallanıb yerə dəyən uşağı qonşu çəpərindən aşıb, görməmiş kimi ciblərinə alça doldurarkən görmək adi qarşılanırdı. İndi isə 3 yeşik alçaya görə kimsə həbsə girəcək. Dustaqlarımızın sayı artacaq, alça dustaqları yaranacaq, Avropa Şurası bəyanat verəcəkdir. Bizə bu lazımdırmı? Lazım deyil. Təklif edirəm Milli Məclis xalaqızı evliliyinə qarşı qanun qəbul etdikdən sonra alça oğurluğunun cinayət sayılmaması üçün hansısa qərar çıxartsın.

Dövlət üçün də mənasız yükdür. 3 yeşik alçaya görə adama 3 il cəza verəcəklər, həmin müddətdə dövlət büdcəsindən ona nə qədər xərc çəkilməlidir, o cümlədən, yazda alça alınmalıdır.

Sözgəlişi, bu qahım evliliyi əleyhinə yaranan səs-küyü anlamıram. Guya Milli Məclis qanun çıxaracaq, xala, dayı və əmi uşaqları öz aralarında evlənə bilməyəcəkdir. Onsuz evlənənlərin, o cümlədən doğulan uşaqların sayı ilbəil azalır, qahım evliliyi də qadağan edilsə nə olacaq? Lap azalacağıq. Elə bir dövrə qədəm qoyuruq ki, 3 uşağı olan ailə çoxuşaqlı sayılır, az qalırıq onlara qəhrəman ana medalı verək.

Məncə bu işi dərindən araşdırsa altından Bill Geytsin, Corc Sorosun, hətta mümkündür Makronun barmağı çıxsın. İstəyirlər dünyada müsəlmanların sayı azalsın. Xala uşaqlarına çip taxırlar. Düzdür, mənim xalam olmayıb, ancaq uşaq vaxtı belə xalq şeiri eşitmişdim: “Xala, xala, Qatığı yala, Oxlovu götür, Məni qovala”. Maraqlı vaxtlar idi, insalar əylənirdilər, hər gün ocaq başına yığışıb dastanlara qulaq asırdıq. Yoxsa indi hərənin əlində bir telefon var, internetdə başqalarının xalasını izləyirlər.

Məncə xala və xalq sözlərinin kökü eynidir. Bu haqda dilçi alimlərimizdən şərh gözləyirəm. Elə yuxarıda yazdığımız xəbərin də ciddi redaktəyə ehiyacı vardır. “Daxili İşlər Nazirliyindən verilən xəbərə görə...” – bu, çox uzunçuluqdur. Qısaca, “Daxili İşlər Nazirliyinin xəbərinə görə” olmalıdır. “Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində” ifadəsində də cümlə “Lökbatandakı ticarət mərkəzində” şəklində olmalıdır.

Ancaq bir aptek lövhəsinin fotosunu mənə göndərmişlər, hesab edirəm bu lövhə sözün əsl anlamında “şedevrdir”. Buyurun: “Azərbaycan Respublikası DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.N.Heydərov adına Respublika Hospitalının Apteki”.

Mən o lövhəni oxuyanda xəstələnə bilərdim, yaxşı ki, vaxtında peyvənd olunmuşam.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости