Свобода людям, независимость нациям!

Reputasiyasına vedrə qoşulan peşə

1689 08.09.2022 15:41 Колумнисты A A

 

Bu gün-sabah 30 il olacaq ki, türkün sözü, bu məsləkdə, yazı-pozu işindəyəm. Yəni qəzetdə işləyib maaş almağı nəzərdə tuturam. Yazı yazmaq məsələsi 40 ili aşmış olar – orta məktəbdə divar qəzeti çıxrmağı da nəzərə alsaq, daha çox.

Bu müddət ərzində öz peşəmlə qürur duyduğum anlar çox olub. Bunların arasında məşhur və korifey ziyalılardan tərif eşitmək də var, xarici ölkələrə səfərlərdə hörmətlə qəbul edilmək də. (Həmin epizodlardan birini bura yazmışdım, amma təvazö hissi güc gəldi deyə çıxardım).

Hərçənd elə epizodlar olub ki, jurnalist olduğuma görə gizli-gizli xəcalət çəkmişəm, ürəyimdə fikirləşmişəm ki, gör, bizi kimlərə tay tuturlar. Paralel olaraq adımızı batıranlara da möhkəm acığım tutub.

İndi onlardan bir-ikisini burada qeyd edərək, gül kimi peşəmizə ləkə yaxanlara bir daha “ar olsun” deyirəm.

Demək, 7-8 il öncədir. Şirvan şəhərində qohum toyundayıq. Masada uzaq qohumlar var. Onlardan birinin Şirvanətrafı rayonda polisdə işləyən həyat yoldaşı ilə yanaşıyıq, hərdən söhbət edirik. O, mənim jurnalist olduğunu, harada işlədiyimi bilir. Söhbət əsnasında cənab mayor birdən-birə qayıdıb mənə dedi ki, o gün sizin işdən biri gəlmişdi şöbəyə, rəislə görüşdü, cibinə 200 manat basdıq, getdi. Pərtlik məni bürüdü. Biz o rayona heç kəsi göndərməmişdik. Soruşdum, bizim işçinin adını nəydi. Yadına sala bilmədi. Dedim, vəsiqəsinə baxdınızmı, orda harada işlədiyi yazılmalıydı. Dedi, baxdıq, jurnalist idi, nəşriyyatda işləyir, sizin işçidir. Anladım ki, bu şəxs elə bilir, ölkədə nə qədər jurnalist varsa, hamısı bir yerdə işləyir – necə ki polis Astarada da, Ağstfada da eyni nazirliyin işçisidir. Dedim, qohum, o, bizim əməkdaş olmayıb, rayon-tayon gəzən reketlərdən biri olub. Dedi, nə fərqi var ki, jurnalistdir dəə. Dedim, fərqi odur ki, həmin şəxs əslində cinayətkardır, amma sizin rəisi loxlayıb. Bunu qəsdən elə dedim, onu pərt eləmək üçün. Amma mayor özünü o yerə qoymadı, dedi, rəisimiz əliaçıqdır, yanına jurnalistlər tez-tez gəlirlər, o da hamısını yola salır.

Bir dəfə də Haramıdayam, bir yaxın adamla rastlaşdıq. Qəsəbələrin birində İH nümayəndəsidir. Ordan-burdan danışdıq, soruşdu, “indi harda işləyirsən”, dedim. Peşəmi deyəndə bunun gözü işıqlandı, onsuz da biclik yağan sifətinə təbəssüm qondu, dedi, o gün icra hakimiyyətinə bir qəşəng jurnalist gəlmişdi. “Qəşəng” o demək idi, həmin jurnalist qadın olub. Kim idi, soruşdum, adını dedi, tanımadım. “Harada işləyir?” Nümayəndə qardaş dedi, iş yeri yadımda qalmayıb, amma nəsə qəzettinin adında “haqq” sözü vardı. “Yaxşı, sonra nə oldu?” “Heç nə, başçı tapşırdı ki, bunu apar yola sal. Götürdüm maşına, apardım, dərədəki restorana, yedirtdim, içirtdim, yaxşı istirahət elədik, sumkasına da 50 manat qoydum, Daşburunda taksiyə oturdum, getdi”.

Yenə Şirvandakı toyda olduğu kimi şəxsimi pərtlik çulğadı. Üstəlik, adamın “yaxşı istirahət elədik” deyərkən göz vurması, intim yaxınlığa işarə etməsi onun tərəfindən açıq eşşəklik oldu. Dedim, eloğlu, o cür ucuz “quş”lar var, bu rayondan o rayona “uçurlar”, hər rayonda sənin kimiləri yolurlar, onlarınkı jurnalistlik deyil, sadəcə, səyyari fahişəlikdir, sən ən yaxşısı, dəri-zöhrəvi həkiminə get, virus-zad qaparsan, biabırçılıq olar kənd yerində.

Adam hırıldadı, dedi, yoo, yaxşı şey idi, vizitkasını da verib... Ta heç zad. Vizitkası da varmış xanımın.

Başqa bu kimi əttökən, adamın qanını qaraldan epizodlar da olub. Sonradan fikirləşirsən ki, onlara görə qanını qaraltmağa dəyməz, hər sənətdə, peşədə iyrənc işlər görən adamlar var. Sadəcə, adamı narahat edən şey bir neçə idbara görə bütöv bir peşənin üzərinə damğa vurulması, iyrəncliyin ümumiləşdirilməsidir.

Budur, o səsyazısı qalmaqalına görə sosial şəbəkədə “bu ölkədə jurnalistlərin hamısı reketdir” deyə ortaya bir cümlə atılıb, ard-arda tirajlanır. Çoxları ağına-bozuna baxmadan təkrarlayır. Halbuki şəxsən tanıdığım yüzlərlə jurnalist var (tam əksəriyyəti də parlaq imzalara sahibdir), indiyə qədər nə kimisə şantaj ediblər, nə kimdənsə 5 manat alıblar, halal maaş və qonorarlarıyla başlarını dolandırırlar. Qazancları yetməyəndə kitab tərcümə, redaktə edirlər, müsabiqələrə yazı verirlər, amma kiməsə “pul ver, səndən yazmayım” və ya “pul ver, səni tərifləyim” demirlər.

Bu cür söz-söhbətlər onlara qarşı haqsızlıqdır. Düzgün deyil. İstəsəniz, adlarını saya bilərəm. Amma bunu ona görə etmirəm ki, yüzlərlə başqasının adı yaddan çıxıb qalacaq, o da rastlaşanda deyəcək, çox sağ ol, o gün vicdanlı jurnalistlərin adını sadalamısan, məni də qoymusan reketlərin siyahısında.

Bu gün isə jurnalistlərin beynılxalq həmrəylik günüdür. Beynəlxalq səviyyədə həmrəy olmaqdan keçib, heç olmasa ölkədə həmrəy olaq, bir-birimizə damğa vurmayaq, vedrə qoşmayaq, özümüzü dilə-dişə salmayaq. Təəssüf ki, jurnalistlər özlərini həftəaşırı gündəmə çıxarır, adımızı batırırlar.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости