Свобода людям, независимость нациям!

Rəmzi əlamətlər

1700 08.03.2023 11:39 Колумнисты A A

“İşin düşdü arvada,

Ölən gününü sal yada"

(8 mart üçün ata sözü)

Ənənəvi olaraq yenə ildə bir gün, 8 martda qadınlar cəmiyyətin yadına düşəcəkdir. Yenə boğazdan yuxarı təriflər, sağlıqlar baş alıb gedəcək, guya qadınlara ölkəmizdə böyük hörmət qoyulduğu dünyaya bəyan ediləcəkdir. Şərqdə ilk demokratik respublikada biz qadınlara səsvermə hüququ tanıyanda heç İsveçrədə bu hüquq yox idi, müəllimlərin çoxu qadınlardır, deputatlar arasında qadınların nisbəti 20 il qabaqkı 10 faizdən hazırda 18 faizə çatmışdır, nə bilim, Tomris elə getdi, Natəvan belə getdi... Halbuki bu ölkədə qadınlara necə hörmət qoyulduğunu xəbər başlıqlarından izləmək mümkündür: “Rusiyadan qayıdıb boşadığı arvadını doğradı”, “Bacısını haqqında pis sözlər çıxdığı üçün öldürdü”, “Pul vermədiyi üçün anasını bıçaqladı” və sairə. Hələ bu yaxında lap ümumiləşdirici, simvolik hadisənin şahidi olmuşduq. Ata, qayınana, qayınata və ər (fikir verin, patriarxal cəmiyyətimizin, necə deyərlər, bütün sektorları işin içində idi) gənc qadını döyə-döyə maşına basıb harasa aparmışdılar, hadisə təsadüfən videoya çəkilmişdi. Maraqlıdır ki, qadının təpiklənərək sürütləndiyi, de-fakto adam oğurluğu hadisəsində ətrafdan keçənlərin hər hansı reaksiyası, yardıma yürüməsi müşahidə edilməmişdi. Adətən qadınlar döyüləndə, şiddətə məruz qalanda ilk reaksiyamız necə olur? “Yəqin bir qələt edib, ona görədir. Yaxşı arvadı döyməzlər”. 

Əlbəttə, cəmiyyətimiz sarıdan tam bədgüman olmayaq, haradasa o əhvalatın ardını oxudum, yazmışdılar ki, qadın Bakıdan çıxışda, yarmarkalar tərəfdə qapını açıb özünü yola atıb və bu zaman oradan avtomobillə keçən bir ailənin yardımı ilə zalım ailəsinin əlindən xilas olunub.

İnsafən, bir çox hallarda, xüsusilə insan haqlarını pozarkən bizdə qadın-kişi ayırıcılığı edilmir, hökumətimiz bütün cinsləri eyni şəkildə şappıldadır. Bunun özü də gələcəyə ümidlə baxmağa imkan verir.

Nəhayət, dünən rastlaşdığım bir tragikomik xəbər başlığını da burada paylaşmaq istərdim. Məzmunundan asılı olmayaraq, o başlıq hesab edirəm günümüzün mənzərəsi, oxuculara əsl 8 mart hədiyyəsidir. Buyurun: “İşdən çıxarılan nazir müavini Prezident Administrasiyasının şöbə müdirinin xalası imiş”. Gör nə gözəl xəbərdir... Şəxsən mən çox enerji aldım. 

Günün mövzusu isə, əlbəttə, elə hüququn aliliyidir və bu, özünü Ali Məhkəmənin sədri Ramiz müəllimin işdən çıxarılmasında büruzə vermişdir. Srağagün, nəhayət, onun səlahiyyətlərinə xitam verilmişdir. Daha Ramiz müəllim heç kimi “eşitməyəcəkdir”. “Nəhayət” sözünü isə ona görə yazdım ki, Ramiz Rzayev 2005-ci ildən AM sədri işləyirdi, bir növ vəzifədə qalan sonuncu dinozavrlardan sayılırdı.

Maraqlıdır ki, onun işdən çıxarılacağının əlamətləri hələ bir həftə qabaqdan özünü xəbər aləmində büruzə verməyə başlamışdı. Məsələn, saytlarda Rzayevi tənqid edirdilər. Biri isə AM sədrini haradasa ələ keçirib sual vermişdi ki, ayə, nə təhər olur bu qanuna görə AM üzvü olan hakimlərin yaş həddi maksimum 68-dir, sən isə 70 yaşa çatmısan, bəs niyə vəzifədən yapışmısan? Ramiz müəllim isə həvəslə ona izah etmişdi ki, bəs bu qanun mən AM sədri olandan sonra qəbul edilib, geriyə qüvvəsi yoxdur. Yəni kefim nə qədər istəsə, indən belə o qədər də AM sədri və hakimi olacağam. Görünür, taleyin zərbəsini gözləmirmiş. Bəs nə oldu? Qanunu geriyə tətbiq elədilər?

Təbii ki, yox. Qanun geriyə yox, əksinə, bir qədər gecikmə ilə tətbiq edildi və Ramiz Rzayev getməli idi. Ancaq cəmiyyəti, xüsusilə vəkil-zərərdidə və sair işi məhkəmə qapısına düşən  aləmi düşündürən sual budur ki, təzə AM sədri köhnə sədrə şükür etdirəcəkmi? Çünki biz indiyəcən çox “ramizlərin” dəyişildiyini görmüşük, rusun sözü olmasın, “araba isə yerindədir”. Bu da bizim rəmzi əhvalatlardan biridir. Ramiz adının mənalarından biri elə budur - rəmzi əlamət, simvolik işarə...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости