Свобода людям, независимость нациям!

“Rəhmətlik Rafət”in əl-qandal romanı

2040 04.06.2022 21:14 Колумнисты A A

 

Peşəkar medianın və sosial şəbəkələrin bugünkü müzakirə mövzusu “özünü yandıran” iş adamının vaqiəsidir.

Burada “özünü yandıran” ifadəsi sözün həm məcazi, həm birbaşa, həm də sırf kriminal mənasındadır. Adam gerçəkdən də öz maşınında özünü – öz maketini yandırıb, daha sonra öz sənədləri ilə mağazada televizor alanda ələ keçib – “özünü yandırıb”.

Bundan əvvəl isə o, tikdiyi mənzillərin hər birini bir neçə (5-6 da deyirlər) adama sataraq onların “canını yandırıbmış”, elə buna görə də “maşında yanmış meyit” kimi aradan çıxmaq istəyirmiş ki, borclu olduğu adamlar ondan əl çəksinlər.

Əslində 41 yaşlı (“yanan” vaxt yaşı o qədər olub, indi 42-dir) dələduz-biznesmen bu məqsədinə çatıbmış. Rəsmi qurumlar onun yanmış maşınına və maşınındakı kösövə dönmüş it sümüklərinə kəşfiyyat baxışı keçiriblər və belə bir sənəd tərtib ediblər ki, maşında yanan şəxs Qəniyev Rafətdir. Ona bir ətək pul ödəyənlər isə fikirləşiblər ki, ta neynəyək, adam ölüb. Bəlkə də bəziləri “əcəb oldu, onu bizim qarğışımız tutdu” deyə rahat nəfəs alıblar.

Film kimi, roman kimi bir vaqiə. Amma yuxarıda dediyimiz kimi, Rafətin romanı dünən öz epiloquna varıb. İndi onun haqqında yazılacaq cildin proloq hissəsi hazırlanır.
Bu hadisənin əvvəli məşhur “uşaqda fərasətə bax” rubrikasına gedə bilərdi, ancaq axırı “çoxbilmiş quş dimdiyindən tələyə düşər” məsəlinin hikməti üzrə yekunlaşıb.

Əslində isə Rafət kriminilastikada “insenirovka” (yəni ölümü, qəzanı, bədbəxt hadisəni səhnələşdirmə, düzüb-qoşma) kimi qeyd olunan bu haqq-hesabı özü fikirləşməyib. Bu, hələ sovet dövründən bəri canilər arasında “aradan çıxma” metodlarından biridir və bundan bəhs edən yüzlərlə film, serial, bədii əsər var. Təkcə son 20 ilin populyar “Briqada” və “Kurtlar vadisi” seriallarında, eləcə də başqa filmlərdə belə “biclik”ləri göstərən epizodlara rast gəlmək olar.

Görünür, Rafət də onlardan bəhrələnib. Bəlkə də bu ideyanı ona başqa birisi verib və ya satıb. Hər halda o, bu məsələdə öz dələduz həmkarlarından, yəni bir mənzili 4-5 adama satan işbazlardan fərqlənib. Onların çoxu çoxdan türmədədir, Rafət isə onların yanına hələ indi gedəcək.

Bu işdə araşdırılası detallar da çoxdur. Rafət necə bir maşın yandırıb? Ucuz “07”-mi, yoxsa bahalı “Leksus” və ya “Porşe”mi. Əgər Sabirabadın Ətcələr kəndi həndəvərində pörşələnən maşın “Porşe” və ya o tipli lüks avtomobil olmayıbsa, ucuz bir şey olubsa, şübhələnmək olardı ki, bu qurama işdir.

Yox, Qəniyev ucuz maşına qane olmayıb, bahalı maşın yandırıbsa, demək, həm qazancı çox imiş, həm də can qorxusu daha böyük olub. Araşdırılmalıdır.

Bir də onu araşdırmaq olar ki, onun “hüzr”ünü urvatlı şəkildə yola verən, daha sonra “əziz xatirəsi” üçün məzarının üstünü götürüb başdaşı hazırladan əzizləri bu məsələnin harasındadırlar? Onlar Rafətin gerçəkdən öldüyünə inanıb o işləri görüblər, yoxsa butün bu prosedurları onun təlimatıyla aparıblar?

Hazır məzarı sökməyə, başdaşını uçurmağa isə ehtiyac yoxdur. Rafət əvvəl-axır ora gələcək. Ən azı, bu məsələdə qabağa düşüb.

Ola bilsin ki, bu hadisənin sorağı başqa ölkələrin də mediasına sızacaq və orada oxuyub deyəcəklər, buna baxın, bu azərbaycanlılar necə ağıllı, hiyləgər camaatdırlar. Amma qorxasan ki, əcnəbilər bu hadisəyə başqa yandan baxsınlar və bir mənzilin 4-5 adama satılmasının mümkünlüyünü anlamasınlar, desinlər, bu necə ola bilər, o ölkədə notarius, reyestr xidməti, belə haqq-hesablara nəzarət edən orqanlar, məhkəmə-filan yoxdurmu.

Bax, burası bizə minusdur. Elə olmasaydı, “bir mənzil – 5 sahib” silsiləsindən məhkəmələr davam etməz, dünənə qədər ən bahalı avtomobillərdə gəzən iş adamlar dəmir torlu “dustaq maşını”nda məhkəmə-təcridxana yolunda əsir-yesir olmazdılar.

Axırda nə deyərlər? Əlbəttə, deyərlər, Allah qapısını açsın. Etiraz yoxdur. Allah Rafətin qapısını açsın, amma həm öz vaxtında, həm də o borclarını qaytarandan, qapısını bağlı qoyduğu mənzillərin sahibləri razı salandan sonra.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости