Свобода людям, независимость нациям!

Rayon korrupsiya muzeyi

2356 14.06.2022 10:25 Колумнисты A A

İmişlinin keçmiş icra başçısı Vilyam müəllim korrupsiya cinayətlərində suçlanıb, məhkəməsi gedir və maraqlıdır ki, şiddətlə müqavimət göstərir. Heç bundan qabaq tutulan başçılardan belə dirəniş görməmişik. Hamısı başını aşağı salıb, ittihamları, kabinetdə tapılan yeşik-yeşik pulları, saxta işçiləri, yarıtmaz fəaliyyəti kirimişcə boynuna alıb, axırda kəsilən cəzanı da Allahın lütfü kimi qəbul eləyib və gedib türmədə... ölüblər.

Görünür Vilyam müəllim yaşamaq yanğısı güclü şəxsiyyətdir. O üzdən məhkəmə iclaslarında çarpışır, iddiaları yalanlamağa çalışır. Kabinetdə tapılan 6 milyona yaxın manat-avro qarışımının arvadı Cülyetta xanımın (nə qədər teatral ailədir, aman Tanrım!) babası Kapuletti müəllimdən (bunu özümdən uydurdum, kişinin adını bilmirəm) qaldığını söyləməsi kulminasiya nöqtəsi sayıldı. Həqiqətən, Kapuletti pullu kişi olubdur. Adındakı “pul” hissəsi də bunu isbat edir.

Dünən isə məhkəmədə İmişli rayon icra hakimiyyətində aparılan yoxlama aktları elan olunub. Ortaya çıxan rəqəmlər qısa şəkildə belədir: rayon DOST mərkəzinə 356 nəfər işçi qəbul edilib, lakin saxta şəkildə. 481 min manatı o adamların adına yazıb əkişdiriblər. Rayonda işıq dirəklərinin alınmasına 162 min manat, dövlət arxivində kitabların saxlanmasına 75 min manat, bina təmirinə 1 milyon manat, xəstəxananın təmirinə 23 min manat, yaşıllaşdırma idarəsinə 560 min manat, turizm şöbəsinə 118 min manat və sairə. Tək rayon icra hakimiyyəti binasının tikintisinə 5 milyon manata yaxın ayrılıb və yeyilib.

Təsəvvür elə, rayona bir oğru göndərirsən, onun üçün korrupsiya yuvası düzəldirsən, üstəlik o yuvanı da korrupsiya ilə tikirsən. Yoxsa icra hakimiyyəti İmişli camaatının nəyinə lazımdır? And içərəm ki, bu gün o idarəni ləğv eləsinlər, uzağı 1 aya İmişlidə iqtisadi-sosial inkişafa Sinqapur belə heyran qalar. Dünya iqtisadi ədəbiyyatına “İmişli modeli” adıyla düşər, yoxsa indiki kimi uydurma “İmişli qovurması” yeməyi ilə tanınmaz.

İşıq dirəkləri yeyintisi də fakt olaraq maraqlıdır. Nəyə görə? Ona görə ki, bizdə işıq idarələri özəl deyil, onların büdcəsi, vaxtlı-vaxtında dotasiyası dövlətdən ayrılır. Yəni, bir rayonda işıq, elektrik işləri görülürsə, hökumət burada azı ikiqat korrupsiya imkanına malikdir. Bir dəfə işıq idarəsi dirəkləri “yeniləyir”, ikinci dəfə icra hakimiyyəti. Üçüncü dəfə də yəqin icra hakimiyyətinin bələdiyyə şöbəsi. (Bunun müstəqil olmadığını hamı bilir).

Vilyam müəllimin vəkilləri rayonda 365 nəfər də tapmayıblar ki, onları icra başçısının dostları adıyla DOST mərkəzinə sənədləşdirsinlər.

Rayon turizm idarəsində yeyinti isə lap lətifə temadır. İmişlidə görəsən o idarə nə üçün lazımdır? Sanki rayon Barselonadır, Qaradonluda Luvrun filialı var, Bəhrəmtəpədən isə Temza çayı keçir. Lap hesab edək ildə-ayda bir dəfə hansısa turist, ovçu azıb Sarısu gölünə ördək vurmağa gəldi. Bəyəm bunun üçün rayonda mütləq turizm şöbəsi açılmalıdır?

Hərçənd, mənim bu istiqamətdə dövlətimizə səmərələşdirici təklifim var: İmişlidə korrupsiya muzeyi açmaq olar. İlkin eksponatlar da Vilyam müəllimin pul yeşikləri olsun. Muzeyə çox zəngin ekspozisiya yığmaq olar: icra başçılarının avtomobilləri, katibələrinə hədiyyə edilən üzüklər, saxta vəzifələrin vəsiqələri, dövlət büdcəsindən ayrılan yeyintinin nümunələri və sairə. Çox maraqlı muzey alınardı. Yanılmıramsa, dünyada ilk belə təşəbbüs olardı, başqa korrupsiya muzeyləri tanımıram, eşitməmişəm. Analoqu olmayan işlərimiz sırasında növbətisini görərdik.

Özü də belə rüşvətxorluq muzeylərindən hər rayonumuzda yarada bilərik. Nəticədə turist axınında ciddi irəliləyiş olardı. Şair demişkən: “Bəzənib başdan-başa, şəhərləri, kəndləri, Rüşvət görmək istəyən, Azərbaycana gəlsin”.

İndi söz əlaqədar təşkilatlarındır. Siz də “Əlaqədar Təşkilatlar Muzeyi” yaradın.   

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости