Свобода людям, независимость нациям!

Ramiz Mehdiyev daha bir bəyanat verdi: "qara siyahı"dakılar və Azərbaycan dövləti təhdid olundu

17127 25.08.2020 20:56 Колумнисты A A

Boz kardinal Azərbaycanı Rusiya ilə, millət vəkillərini və redaktorları isə həbslə açıq təhdid etdi, müxalifəti təriflədi

Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev növbəti bəyanatla çıxış edib. Bəyanatın ruhu təhdid xarakterlidir. Ramiz Mehdiyev öz bəyanatına konkret adlar da daxil edib. Bu adlar onun "qara siyahısı" hesab oluna bilər. Çünki o, adlarını yazdığı millət vəkillərini, KİV rəhbərlərini və partiya sədrlərini açıq şəkildə hədələyib.

Ramiz Mehdiyev yazır: "Qərəzli uydurmalar səsləndirən şəxslər bilməmiş deyillər ki, sübut olmadan atılan böhtanlar və edilən təhqirlər hüquqi məsuliyyət yaradır. Bir şəxsi, xüsusilə də vəzifəli şəxsi dövlətə xəyanətdə günahlandırmaq ciddi ittihamdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda və KİV-lərdə yaymaq, habelə internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq azadlıqdan məhrumetmə cəzası ilə nəticələnir. Bu baxımdan bir vətəndaş kimi öz şərəf və ləyaqətimi məhkəmədə qorumaq hüququnu özümdə saxlayıram.

Mənə riyakarcasına böhtan atan və təhqir edən millət vəkilləri Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Səməd Seyidov, Adil Əliyev, Musa Qasımlı, Qənirə Paşayeva, Elman Nəsirov, Hikmət Babaoğlu, Eldar Quliyev, Ülvi Quliyev, Hicran Hüseynova, Cavid Osmanov, Şahin İsmayılov, Malik Həsənov, Sevinc Hüseynova, Siyavuş Novruzov, siyasi politoloqlar Eldar Namazov, Elxan Şahinoğlu, Elçin Mirzəbəyli, keçmiş məmurlardan Hacıbala Abutalıbov, Abid Şərifov, Maksim Musayev, partiya rəhbərlərindən “Ağ partiya”nın sədri Tural Abbaslı, AMİP sədri Arzuxan Əlizadə, “Böyük Azərbaycan partiyası”nın sədri Elşad Musayev, “Turan” partiyasının başqanı Cahandar Bayoğlu, qəzet redaktorları Rauf Arifoğlu, Bəxtiyar Sadıqov və Sərdar Cəlaloğlu ("Hürriyyət" qəzetinin təsisçisidir-Red.) unutmasınlar ki, proseslərin belə davam edəcəyi təqdirdə mən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququmdan hər an istifadə edə bilərəm".

Ramiz MEHDİYEV daha sonra yazır və özünü bu sözlərlə tərifləyir:

"Mən keçmişimdən və bu günümdən arxayınam. Dünənimlə üzləşməyə həmişə hazıram, bu günüm isə hər kəsin gözü qarşısındadır. Ünvanıma ittihamlar səsləndirənlərin çoxundan fərqli olaraq ömrüm boyu ancaq bir əqidəyə qulluq etmişəm və bununla da qürur duyuram! Bundan sonra da heç kəs məni tutduğum yoldan döndərə bilməz! Bəs görəsən məni ittiham edənlərdə necə, eyni arxayınlıq varmı? Onlar dünən dediklərinə bu gün və sabah eyni əminliklə imza ata biləcəklərmi?"

Bəyanatın ən maraqlı yeri isə müxalifətlə bağlıdır.

Hörmətli Ramiz Mehdiyev ənənəvi müxalifətə difirambalar söyləyib, onu ciddi - ciddi tərifləyib. Cənab Mehdiyev özü ilə müxalif düşərgə arasında bu dəfə gözlə görünən bir körpünün təməlini atmış oldu.

Sitat: "Bu qarayaxma kampaniyası göstərdi ki, həqiqi müxalifətin bir siması olduğu halda, özünü iqtidara loyal göstərən bəzi millət vəkillərinin, keçmiş məmurların, jurnalistlərin lazım gəldikdə bir neçə siması ola bilirmiş"...

Cənab Mehdiyev bu açıqlama ilə özünə yeni müttəfiqlər aradığını da ortaya qoyub. Ya da bu müttəfiqlik öncədən var imiş ki, Əli Kərimli, Arif Hacılı və Pənah Hüseyn, o cümlədən Əli İnsanov məlum skandalda Ramiz Mehdiyevə münasibətdə ya loyal oldular, ya da onu açıq şəkildə dəstəklədilər.

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü, Milli Elmlər Akademiyasının prezidenti öz bəyanatında Rusiyaya da yer ayırıb. Olduqca ilginc mesajların və Rusiya ilə dövlətimizə açıq təhdidin yer aldığı həmin bölüm belədir:

"Belə çirkin oyunların alətinə çevrilənlər nəzərə alsınlar ki, onlar öz çıxışlarında tez-tez Rusiyanın adını hallandırmaqla ilk növbədə müstəqil dövlətimiz üçün ciddi problemlər yaradırlar. Onlar faktiki olaraq Rusiyanı ölkəmizin idarəetmə strukturlarında böyük casus şəbəkəsi formalaşdırmaqda ittiham edir, bununla da Moskvadakı bəzi maraqlı dairələrə Azərbaycanı təxribata çəkməyə bəhanə verirlər. Belə məsuliyyətsiz və təhlükəli oyunlardan çəkinmək lazımdır. Öz xalqının gələcəyini, vətəninin sabitliyini və rifahını düşünən heç bir azərbaycanlı belə işlərə qol qoymamalıdır. Hər kəs verdiyi bəyanatın məna tutumu, onun yaradacağı effekt və doğuracağı təhlükəli problemlər haqqında düşünməlidir. Xüsusilə də Azərbaycanın yerləşdiyi bölgənin geosiyasi həssaslığını nəzərə alsaq, ölkəmizdə verilən bütün siyasi bəyanatlar yüz ölçülüb bir biçilməlidir"...

Musavat.com-a danışan Rauf Arifoğlu bildirdi ki, Mehdiyevin bu cür təhdidləri onun üçün yenilik deyil:

"Hörmətli Ramiz müəllim mənim də adımı "qara siyahıya" salıb və məhkəmə ilə təhdid edib. Ona xatırladım ki, biz belə bir məhkəmə çəkişməsini 22 il əvvəl yaşamışıq. Qəzetimizi və məni 1998-ci ildə məhkəməyə verən Mehdiyevin iddialarına qarşı ölkənin müstəqil mediası birləşdi və 20 gün çəkən etirazlar başladı, KİV rəhbərlərinin kollektiv və tarixi aclıq aksiyasını keçirdik. Bu aksiyalar bütün dünyaya yayıldı və o zaman cənab Mehdiyev geri çəkildi... Yəni Ramiz müəllim bizi o zaman dişinə vurub və necə çətin, sərt olduğumuzu, qırılası cevizlərdən olmadığımızı bilir... Bu dəfə onun hədələri iqtidar gücündən deyil, çarəsizlikdən doğur. 26 il bir iqtidarda faktiki ikinci sima olasan və hazırda səni müdafiə edəcək kimsə ortalıqda olmaya. Tək qalasan. Çörək verdiklərin və çörək kəsdiklərin sənə qarşı çıxa, bir çırpıda səni satalar (Siyavuş Novruzov, Abel Məhərrəmov)... Ağır dərddir. Ona görə də hörmətli Ramiz müəllimi başa düşürəm. Lakin onun Azərbaycan dövlətini Rusiya ilə təhdid etməsini qəbullana bilmirəm. Görünür, əqidə deyəndə Ramiz Mehdiyev ömür boyu Rusiyaya, onun maraq və mənafelərinə xidməti nəzərdə tutur. Bəyanatda ardıcıllıq da bu cürdür. Çox təəssüf edirəm ki, mənim ölkəmə uzun illər belə bir adam rəhbərlik edib..."

Musavat.com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости