Свобода людям, независимость нациям!

Quşun içindəki qurbağa

2516 18.04.2022 08:39 Колумнисты A A

“Allah sənə rəhmət eləsin, Darvin”
(Bakı şəhər təhsil idarəsi)

**

Müəllim məktəbdə qurbağanı yarıb uşaqlara elm öyrətmək istəmişdi, bu, zəhmətkeşlərimizin haqlı narazılığına səbəb oldu.

Heyvan hüquqları bizdə çox vacib hüquqlardan biridir axı. İnsanların hüquqları qədər qorunur. Məsələn, yiyəsiz itlər üçün “Toplan” sığınacağı, pələng üçün zooparkda yeni qəfəs təmir edilərək istifadəyə verilmişdir. Xalqın üzünə milçək qonanda öldürmür. Məmurlar da çalışır xalqın üzünə heç nə qonmasın. Çox yaxşı yaşayırıq, ilahi, özün bu müqəddəs ayın xatirinə xalqımızın hökumətiylə dostluğunu əbədi elə!

Belə ilan-qurbağa mövzuları və müəllim söhbəti düşəndə həmişə orta məktəbdə mənə kimya-biologiyadan dərs demiş rəhmətlik Dadaş müəllimi xatırlayıram. Düzdür, nə qədər çalışsa da mənə kimyanı öyrədə bilmədi, yoxsa indi burda nə işim vardı, bəlkə hansısa klinikada pulu kisəylə yığırdım, siz də belə cızmaqara ilə vaxtınızı keçirmirdiniz.

Nəsə, bir gün, söz vaxtına çəkər, elə bu cür yaz vaxtlarıydı. Nənəm cücə saxlamışdı, yumurtadan dördayaqlı cücə çıxmışdı. Bədbəxt cücə qurbağaya oxşar bir varlıq idi, yeriyə də bilmirdi. İndiki vaxtlar olsa düşünürəm hansısa telekanalizasiyamız üçün babat tema olardı, müxbiri çağırardıq, nənəm intervü verərdi, bir xatirə videosu qalardı.

Təsadüfən, cücənin bəxtindən həmin gün Dadaş müəllim hansısa iş üçün müəllim həmkarı olan atamla görüşmək üçün həyətimizə gəlmişdi. Nənəm də bir başbilən kimi cücəni ona göstərdi. Dadaş müəllimin əlində qurbağa-cücə, üzünü mənə tutub apardığı qısa leksiya heç yadımdan çıxmır: “Bax, bu cücə Darvinin nəzəriyyəsini isbat edir, quşların sürünənlər və suda-quruda yaşayanlardan sonra yarandığını göstərir. Əgər qurbağalar quşların ulu əcdadı olmasaydı, indi bu hadisənin şahidi olmazdıq”.

Mən o vaxtdan bilirəm ki, hər quşun içində bir qurbağa yatır. Bülbül istənilən vaxt dönüb quruldaya bilər. Şahin tısbağa kimi sürünər. Tovuz quşu kərtənkələ quyruğu göstərər. Zahirə aldanmaq lazım deyil, hər şeyin bir mübhəm batini vardır. (Bu yerdə bir salavat zikr eləyin).

Dadaş müəllim leksiyasını bitirib mənim qulağımın dibinə bir yağlı şapalaq vurdu... Zarafat edirəm, o vaxt müəllimlər indiki kimi uşaqları döymürdülər. Keçmişdə müəllimlə şagirdin arasında ülvi ünsiyyət vardı, uşaqları uzağı bədən tərbiyəsi müəllimləri döyürdü. Xülasə, Dadaş müəllim atamla birgə işlərinin dalıyca getdilər, nənəm də qaldı Darvinin nəzəriyyəsi və xəstə cücənin əlində. Ancaq rəhmətlik arvadın təkamülün başa çatmasını, qurbağanın cücəyə çevrilməsini gözləməyə vaxtı yox idi, ona görə qayçı götürüb cücənin arxa ayaqlarını kəsdi. Yaranı kamali-ədəblə, iynə-sapla tikdi. (Düşünürəm nənəmin vaxtında yaxşı, pullu valideynləri olsa AMİ-ni bitirib Semaşkoda cərrah işləyərdi). Yazıq cücə bir-iki saat cippildədi və qısa ömrünün yerdə qalan hissəsini bizə bağışlayıb rəhmətə getdi. Halbuki, yaşasaydı bir cücədən dörd budla hazırlanan çığırtmaya çevrilib unikal mətbəx verilişi süjetinə həyat verərdi. Hərçənd, yuxarıda yazdığım kimi, həyətdə 1980-ci illərdi, efirdə də bircə kanal vardı. İndi iki dənədir, müstəqilliyin qədrini bilin, ey uca millət.

Sözümü nəyə gətirirəm? Ona gətirirəm ki, müəllim qurbağanı yarmasa, o məktəbdə uşaqlar bir-birini, valideyn müəllimi, müəllim direktoru yarsa, daha yaxşıdırmı? Sizin məktəblərimizdəki durumdan xəbəriniz var? Uşaqlar sinifə bıçaqla gəlir. Qışda sinifə istilik verilmirdi, getdim direktora şikayətə. Kişi açdı telefonunu, mənə məktəbdə çəkilən videoları göstərdi: şagirdlər müəllimi parta ilə döyürdülər. Mən də dedim bəsdi, saxla, başa düşdüm. Ki, hələ soyuqda oturub belə edirlər, gör istilik verilib canları qızsa nələr törədərlər.

Birini də danışım, nöqtə qoyuram, darıxmayın. Məktəbin 30 metrliyində bir kişi dana kəsib içalatını, kəlləsini, ayaqlarını səkiyə düzürdü. Buna dözmədim, bir gün dedim balaca uşaqlar dərsə gedir, belə etmə. İnsafən sözümü eşitdilər: indi qəssab dükanı məktəbin düz darvazasının ağzındadır. Yenə qəssaba şikayətləndim, mənə dedi: “Qardaş, sən narahat olma, uşaqlar burdan asılan dana, keçi, qoyun kəlləsini çox xoşlayırlar, həmişə dərsdən çıxanda gəlib kəllə ilə oynayırlar”.

Qalıb baxdım, gördüm kişinin oğlu düz deyir.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости