Свобода людям, независимость нациям!

Quş qoyulmuş xəstəxana

1528 17.12.2022 10:38 Колумнисты A A

“Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz, Bu, quş dilidir, bunu Süleyman bilir ancaq".

(Nəsimi)

Mətbuatda Ucarın Əlikənd obasındakı xəstəxananın fotolarını gördüm. Sanki ora rus “sülhməramlıların” raket atəşinə məruz qalmışdır, Ukraynanın Mariupol şəhərinin xəstəxanasından fərqlənmirdi. Xarabalıq, dağıntılar... Dəhlizdə divarlar içəriyə doğru uçmasın deyə ağac dirəklər vurulub.

Əslində orda artıq xəstəxananın fəaliyyət göstərdiyinə şübhəm var. Yəqin çoxdan ləğv eləyiblər, adı qalıb. İndi bizdə çox idarələr bu cürdür. Özü ləğv edilir, yerində “publik hüquqi şəxs” adıyla əlləm-qəlləm idarələr yaradılır, xalqa xidmət əvəzinə bublik göstərilir. Lakin bu dəfə hadisə diqqətimi başqa məsələyə görə çəkdi.

2003-cü ilin oktyabr ayında mən Ucarın həmin bu Əlikənd kəndinə olmuşam. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin xəttiylə, hörmətli hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının başçılığı altında neft kəmərlərini monitorinq edirdik. Daha dəqiqi, Bakı-Supsa kəməri var idi, Bakı-Ceyhan kəməri - millətin əsas ümidi isə çəkilmək üzrəydi. “CCİC” adlı bir şirkət kəməri çəkmək üzrə yetərincə şübhəli tenderi udmuşdu, yerlərdə xəritələr müəyyən edilmişdi, hansı kəndin, hansı pay torpağının, bağın ərazisi kəmərin altına (lap doğrusu, “üstünə” yazmalıyıq, çünki neft kəmərini qazıb basdırdılar) düşürdü, artıq məlum idi.

Ucarın həmin Əlikənd, o cümlədən, qonşu Ramal və Şahlıq kəndlərinin ərazisi də Bakı-Ceyhan kəmərinə düşürdü. Yaxşı yadımdadır, insanlarda neft gəlirlərimiz, kəmərlərlə bağlı necə böyük ümidlər vardı. İndi Əlikəndin xəstəxanasına baxıram, 19 il öncəki o ümidlərin puç olmasını fikirləşirəm. Bu 19 illik dönəmdən bizə Əli adlı müxalifətçi və Ümid Partiyası qalıb deyəsən, vəssalam. Götürün, gözünüzə də çəkin, qaşınıza da. Türk şairi Fahri İşık demişkən, “Umut fakirin ekmegi, Ye, Memet, ye”.

Ancaq biz istəsək Ucarda xəstəxananın uçub dağılmasını dövlətçilik mənafeyindən yoza bilərik. Məsələn, bəlkə artıq Ucarda əhali dövlət qayğısı ilə elə əhatələnib, kimsə xəstələnmir? Korona vaxtı belə deyildimi? Dövlətimiz hər yerə çəpər çəkdi, virusları tutub basdıq içəri, nəticədə bizdə koronadan ölüm olmadı. Bir-iki nəfər öldü, o da dünyadakı qırğını ürəklərinə saldıqları üçün.

Nostalji olmasın, o günlərdə küçəyə çıxanları tutub şəklini çəkirdilər, polis idarəsində, divar dibində fotosu olmayan azərbaycanlı qalmamışdı. (Mənim özümü Binəqədi 6-cı bölməyə aparmışdılar, nə qədər elədim zalım rəis fotomu çəkdirmədi. Yadigar qalardı, heyf). Əgər fikir versəniz, hazırda narkotiklə ilişənlərin elə kütləvi fotoları yayılır. Sanki biz belə, elliklə fotosessiyalara artıq adətkərdə olmuşuq. Polis idarələrinin bu fəaliyyət xoşuna gəlmişdir.

Mövzudan yayınmayaq. Mövzu isə bizim analoqu olmayan inkişafımızdır. Laçın yolunda xəz kürklü ekoloqun ölü quşu uçurtmaq cəhdləri artıq beynəlxalq miqyasda çox çeynənir, BBC-zad reportajına salmışdı.

Birincisi, gedin öz dərdiniz çəkin, hər halda bizdə ellikcə tülkü ovlamaq kimi bayram tədbiri yoxdur. İkincisi, Meksika körfəzinə axıtdığınız neftin cəriməsini hələ verib qurtarmadınız, bizə ekologiya öyrətməyə haqqınız çatmır. Bizdə “Meşəbəyi” adından mahnı var, təbiəti sevərik. Üçüncüsü, ekoloqun xəz kürk geyməsi heyvanlara məhəbbətinin bariz nümunəsidir. Heyvanların dərisini sevməyən, özünü necə sevər? Məhəbbət, pis çıxmasın, toxunuşlardan başlanır. Bəlkə heyvan özü salamat idi, kürkün içində bir yerdə gizlənmişdi.

Qaldı ölü sülh quşunu uçurtmaq cəhdi, o bir mesaj idi. Biz rus ordusunun sülhyaratma missiyasının ölü doğulmuş ideya olduğuna işarə vurmuşuq. Həmçinin, diri quşu uçurtmağa nə var, oğul deyərəm ölü quşu uçurtsun. Tək qanadıyla uçan göyərçin haqda Şəki lətifəsi var, istəsəm onu burda yazardım, ancaq Mətbuat Şurası məsləhət görmür, deyir qəzeti balacalar da oxuyur.

Bunun özü də idiotizmdir ki, həmin bu gülməşəkər dünya ictimaiyyəti rus ordusunun Qarabağda sülh missiyasına inanır, lakin xəz dərili ekoloqa və ölü quşun uçmasına inanmır.

Sonda fürsətdən yararlanaraq Ucarın Əlikənd camaatına salam göndərirəm.  

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости